Tarixdə bu gün: 14 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1162644
Tarixdə bu gün: 14 mart

***

  14 mart 1827-ci ildə Osmanlı Sultanı II Mahmud dövründə Türkiyə tarixində ilk tibb fakültəsi – “Mektebi-Tıbbiyeyi-Şahane” yaradıldı.  

  1843-cü ildə ilk buraxılışını edən məktəbin 4 məzunu 1848-ci ildə Avstriyanın paytaxtı Vyanada keçirilən tibb kafilik imtahanını keçdikdən sonra “Mektebi-Tıbbiyeyi-Şahane” Avropadakı tibb fakültələrinə bərabər sayılmağa başladı.

  1919-ci ilin 14 martından bu günə qədər isə məktəbin yubileyi Türkiyədə Tibb Bayramı olaraq qeyd edilir.

***

  1919-cu ildə Azərbaycan Demokratik Respublikasının 4-cü hökuməti işə başladı. Bu hökumətə Nəsib bəy Yusifbəyli başçılıq etdi.

***

  1980-ci ilin 14 martında ABŞ Hava Qüvvələrinə aid əsgər daşıyan təyyarə Türkiyənin İncirlik Hərbi Hava Bazasına eniş edərkən düşüb, 18 Amerika əsgəri ölüb.

***

  Ağırlıq qaldırma çempionu, Azərbaycan əsili Türkiyə idmancısı Nəim Süleymanoğlu 14 mart 2000-ci ildə Ankarada davam edən təlimləri zamanı 145 kq. ştanqı qaldıraraq qeyri-rəsmi dünya rekordu qırdı.

***

14 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  838-ci ilin 14 martında Xürrəmilər hərəkatının başçısı, Azərbaycan xalq qəhrəmanı Babək Samirə şəhərində edam olunub.

  20 il boyu Abbasilər xilafətinə qarşı mübarizə aparan Babək ərəblərin bir neçə qoşununu darmadağın edib.

  Babək erməni Səhl Sumbatın xəyanəti nəticəsində əsir düşüb və öldürülüb. (795-838)

***

  14 mart 1883-cü ildə alman filosofu, siyasi iqtisadçı Karl Marks dünyadan köçüb.

  Karl Marks yeni siyasi iqtisad məktəbinin - marksist siyasi iqtisad elminin yaradıcısıdır. Şah əsəri olan “Kapital” əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini verib, “kapitalın dinc yolla yaranması” ideyasına zərbə endirib.  

  İqtisadçı istehsal vasitələrinə sahib olan təbəqəni burjuaziya, bunlardan məhrum olan və burjuaziya tərəfindən əmək haqqı qarşılığında istismar edilənləri proletariat, bu iki təbəqə arasında olanları isə orta sinif adlandırırdı. Amma Marksın fikrincə, cəmiyyətin aparıcı qüvvəsi proletariatdır və proletariat xüsusi mülkiyyəti ləğv edə bilər.

  Karl Marksın iqtisadi təlimi ümumdünya iqtisadi fikrinin mühüm tərkib hissəsidir. Apardığı geniş, dərin və tənqidi araşdırmalar ona olduqca böyük nüfuz qazandırıb.

  Filosof, sosioloq, iqtisadçı, yazıçı, şair, jurnalist, ictimai xadim və fəhlə sinfinin lideri olan Karl Marks özü kasıb olub. Tez-tez kömək üçün 1844-cü ildə tanış olduğu və ömürlük dostu (40 illik), uğurlu biznesmen olan Fridrix Engelsə müraciət edib. K.Marksın diqqətinin işçi sinfinə yönəlməsi də məhz Engelsin sayəsində olub.

  Onun dəfn mərasimində cəmi on nəfər adam iştirak edib.

  Karl Marks bəşər tarixində ən çox oxunan və ən nüfuzlu, eləcə də sosial elmlərin təməlini qoyan 3 şəxsdən biri kimi tanınır.(1818, Almaniya - 1883, London, İngiltərə)

***

   Dünyaşöhrətli fizik, nisbilik nəzəriyyəsinin banisi, Nobel mükafatçısı Albert Eynşteyn 1879-cu ilin bu günü Almaniyada anadan olub.

  Faşistlər hakimiyyətə gəldikdən sonra Eynşteyn də digər yəhudilərlə birlikdə ölkəni tərk etməyə məcbur qalıb və Amerikaya köçüb. (1879-1955)

*** 

  Azərbaycan publisistikasının görkəmli nümayəndəsi və şair Əliqulu Qəmküsar 1880-ci ilin bu günü dünyaya gəlib.

  20-ci əsrin əvvəllərində (1910) Cəlil Məmmədquluzadə ilə birlikdə “Molla Nəsrəddin” jurnalının redaktoru olan Qəmküsar felyeton və məqalələrində Rusiyanın müstəmləkə siyasəti, fanatizm və qadın hüquqsuzluğunu kəskin tənqid edib.

  Əliqulu Qəmküsar 1916-cı ildə “Ölülər” komediyasının Bakıda tamaşaya qoyulmasının fəal iştirakçılarından biri və Şeyx Nəsrullah rolunun ilk ifaçısı olub. (1880-1919)

***

   1964-cü ilin bu günü Dallasda kiçik bar sahibi Cek Rubi ABŞ prezidenti Con Kennedinin qətlində ittiham edilən Li Osvaldı güllələyib. Bu hadisə jurnalistlərin gözü qarşısında baş verib və cinayət yerində çəkilmiş fotoşəkillər dünyanın qəzetlərində dərc olunub.

  Osvaldın öldürülməsi Kennedinin qətlə yetirilməsilə bağlı cinayətin üstünün açılmasına böyük əngəllər törədib. İndiyədək Kennedinin əsl qatilləri tapılmayıb.

***

 



Әlaqәli Xәbәrlәr