Tarixdə bu gün: 11 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1159612
Tarixdə bu gün: 11 mart

***

  1502-ci il martın 11-də I Şah İsmayıl Təbrizdə şahənşah (imperator) titulunu qəbul edərək Səfəvilər dövlətinin əsasını qoyub.

***                                                                                  

  11 mart 1702-ci ildə İngiltərədə gündəlik çıxan ilk milli qəzet “Daily Courant” nəşr olunmağa başladı.

  Bir vərəqdən ibarət olan qəzetin üzündə xəbərlər, arxa səhifəsində isə reklamlar yer alırdı.

***

  Cüzeppe Verdinin (Giuseppe Verdi) “Riqoletto” operası ilk dəfə 11 mart 1851-ci ildə Venesiyada nümayiş etdirildi.

  Böyük uğur qazanan operanın mahnıları ertəsi gün Venesiya küçələrində fitlə çalınmağa başladı.

***

  1938-ci il martın 11-də Avstriya silah gücünə Hitler Almaniyasının tərkibinə daxil edilib.  

  Yalnız 1945-ci ildə - İkinci Dünya Müharibəsi bitdikdən sonra Avstriya özünün əvvəlki müstəqilliyini bərpa edə bilib.  

***

  1951-ci ildə Hindistanın Yeni Dehli şəhərində ilk dəfə keçirilən Asiya Oyunları 11 mart tarixində sona yetdi.  

  Bu gün də davam edən yarışlar Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Asiya Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.

***

  11 mart 2004-cü ildə İspaniyanın paytaxtı Madriddə 3 qatar stansiyasında baş verən 4 ayrı-ayrı partlayışda 177 nəfər öldü.

  Hökumət partlayışlardan ETA təşkilatını məsul tutdu. Təşkilat isə bu ittihamı rədd etdi.

  Hadisədən bir il sonra 11 mart tarixində partlayışda həyatını itirənlərin xatirəsinə Madriddə abidə ucaldıldı.

***

  11 mart 2011-ci ildə Yaponiyanın Thoku bölgəsində 9,0 bal gücündə zəlzələ baş verdi. Bu, Yaponiyada baş verən ən güclü zəlzələ sayılır, dünyada isə ən güclü ilk beş zəlzələ arasında yer alır.

  Thoku zəlzələsindən sonra bölgədə hündürlüyü 37,9 metrə çatan sunami dalğaları da dağıntı törədib.

***

11 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün türkçülük cərəyanının qabaqcıllarından və “Türk Ocaqları”nın qurucularından biri, tarixi və siyasi xadim Yusif Akçuranın xatirə günüdür.

  1876-cı ilin 2 dekabr tarixində Moskvanın şərqində, keçmiş adı Simbir, indiki adı Ulyanovsk şəhərində dünyaya gəlib. O, Kazana köçmüş Krım türklərindən olan zadəgan ailənin uşağı idi. Atası mahud fabriki sahibi Həsən bəy, anası Yunusoğulları ailəsindən olan Bibi Qəmər Banu idi. İki yaşında ikən atasını itirən Yusif anası ilə 1883-cü ildə - 6-7 yaşlarında İstanbula köçür. Anası İstanbulda dağıstanlı Osman bəylə evlənir. Burada Yusuf 1883-1886-cı illərdə ibtidai məktəbi, 1886-1892-ci illərdə isə orta məktəbi bitirir. Osman bəy Yusifin təhsililə yaxından maraqlanır, onu hərbçi olmağa həvəsləndirir. Yusif 1892-1895-ci illərdə İstanbulda Hərbiyyə Məktəbində təhsilini davam etdirir.

  Özünün də qeyd etdiyi kimi, İsmayıl bəy Qaspıralı ilə qohumluq əlaqələri, onun İstanbulda yayılan “Tərcüman” qəzeti, Nəcib Asım, Vələd Çələbi, Bursalı Tahir bəyin yazıları Yusif Akçurada türkçülük ideyalarının yaranmasına səbəb olur.

  Osmanlı imperiyasının qurtuluşunu türk birliyi siyasətində görən Yusif Akçura 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilib. 1932-ci ildən cəmi 3 il olmaqla ölənədək Türk Tarix Qurumuna rəhbərlik edir.

  Yusif Akçura 1935-ci ilin 11 mart tarixində İstanbulda ürək xəstəliyindən dünyasını dəyişib.

***  



Әlaqәli Xәbәrlәr