Tarixdə bu gün: 10 mart

10 mart Azərbaycanda Milli Teatr Günüdür.

1158987
Tarixdə bu gün: 10 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

***

  10 mart Azərbaycanda Milli Teatr Günüdür.

  XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması yerli mədəniyyətin tarixində çox böyük hadisə oldu.

  1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy  Vəzirov mühüm rol oynadılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.

  Qeyd edək ki, Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılmışdı.

  Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərmişlər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu "Şərqin operası" adlandırmışdı.

  Milli teatrın inkişafında məşhur xeyriyyəçi- mesenat H. Z. Tağıyevin böyük xidməti olmuşdur. O, Bakı şəhərində ilk teatr binası inşa etdirmişdir. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseynqulu Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov və başqaları kimi yüzlərlə simaları yetişdi.

  Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də bır canlanma yaradıb. Cümhuriyyət hökümətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olub. Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi.

  Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N.Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açılıb. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf edib.

***

  10 mart 1876-cı ildə Qrehem Bell və köməkçisi Tomas Uatson ilk dəfə telefonda danışıblar.

***

  1910-cu ilin 10 mart tarixində Hollivudda çəkilən ilk film - "İn Old California" nümayiş etdirildi.

***

  10 mart 1919-cu ildə Çində köləlik ləğv olundu.

***

  1920-ci ilin 10 martında Yunanıstanın Baş naziri Venizelosun da iştirak etdiyi iclasda İstanbulun rəsmi işğalı“Kuvayi-Milliyə” liderlərinin həbs olunmasına qərar verildi.

***

  1945-ci ilin 10 martı tarixə həm də Tokio bombardmanı olaraq düşüb.

  ABŞ Napalm bombalarıyla yüklü 344 dənə B-29 təyyarəsi ilə Yaponiyanın paytaxtı Tokionu bombardman etdi.

  İkinci Dünya Müharibəsi zamanı ABŞ 1944-cü ilin 14 noyabrda Tokioya 106 dəfə bomba atmışdısa da, amma məhz 1945-ci ilin 10 mart tarixli hava hücumu “Tokio böyük bombardmanı” adlandırıldı. Bu bombardmanda 7415 nəfər həyatını itirdi və təxminən 278.000 ev yandı.

***

  1956-cı ilin 10 martında yunan arxiyepiskop Makariosun 9 mart günü deportasiya edilməsindən sonra Şimali Kiprdə iğtişaşlar başladı.

***

10 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Böyük Azərbaycan şairi Saib Təbrizi 1601-ci ilin bu günü dünyaya gəlib.

  Azərbaycan və fars dillərində şeirlər yazan şairin yaradıcılığı 17-ci əsr Azərbaycan ədəbiyyatının inkişafına böyük təsir göstərib. (1601-1676)

***

  Bu gün materialist filosof, ictimai xadim və Azərbaycan dramaturgiyası və bütün Yaxın Şərqdə realist ədəbiyyatın banisiMirzə Fətəli Axundovun xatirə günüdür.

  1812-ci ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində anadan olan Fətəli 13 yaşınadək doğulduğu Cənubi Azərbaycanda yaşayıb, sonra anası ilə birlikdə Şəki şəhərinə gəlib. Anasının əmisi Axund Hacı Ələsgər Fətəlini oğulluğa götürərək onun təlim-tərbiyəsi ilə məşğul olub, ərəb dili və İslam tarixini öyrədib.

  Müasir elmlərlə maraqlanan Fətəli 1833-cü ildə Nuxada açılmış rus məktəbində 1 il təhsil alıb. 1834-cü ildən ömrünün sonunadək rus şarının Tiflisdəki canişininin baş dəftərxanasında şərq dilləri üzrə mütərcim işləyib. 1873-cü ildə polkovnik rütbəsi alıb. 

  Yaradıcılığa şeirlə başlayan Mirzə Fətəli Axundov 1850-1855-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan və bütün Yaxın Şərqdə realist dramaturgiyanın təməlini qoyub.

  Onun “Hekayəti Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyo Jordan həkimi – nəbatat və dərviş Məstəli şah cadugüni-məhşur”, “Sərgüzəti-vəziri-xani Lənkəran”, “Hekayəti Xırs quldurbasan”, “Sərgüzəşti-mərdi-xəsis” (Hacı qara) və “Mürafiə vəkillərinin hekayəti” komediyaları Azərbaycanın bütün teatrlarının repertuarına daxil edilib.  

  Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat edib və orada torpağa tapşırılıb. (1812-1878)

***

  1999-ci ilin 10 mart tarixi Türkiyənin tanınmış şairi və esselər müəllifi Salah Birselin xatirə günüdür.

***



Әlaqәli Xәbәrlәr