Tarixdə bu gün: 1 mart

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1154583
Tarixdə bu gün: 1 mart

  ***

  1872-ci ilin 1 mart tarixində dünyanın ilk milli parkı olan “Yellowstone” Milli Parkı açılıb.

  Amerikanın İdaho, Montana və Vayominq (Wyoming) ştatlarında yerləşən eyniadlı park təxminən 9000 kvadrat kilometrdir. Park, xüsusilə ən böyük qeyzerlər, yəni təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri ilə məşhurdur. Dünyanın isti su ehtiyatlarının təxminən yarısı buradadır. “Yellowstone”da 290-dan çox şəlalədə 300-dən çox qeyzer var. Parkda yüzlərlə növ məməli, quş, balıq və sürünənlər yaşayır.

***

  1931-ci ildə Fransanın tibb xidməti generalı Jorj Sen-Pol bir neçə dövlətin təşəbbüsü ilə Parisdə “Cenevrə zonaları assosiasiyası”nın bünövrəsnin qoydu. Məqsəd ikitərəfli və çoxtərəfli razılaşmalarla bütün ölkələrdə lokal təhlükəsizlik zonalarının yaradılması idi. Sonralar bu qurum Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi, 1972-ci ildə isə hökumətlərarası status aldı. Hazırda həmin təşkilatın 50-dən çox üzvü var.

***

  1951-ci ildə Nyu-Yorkda Sovet İttifaqı xalqlarının bolşevizmdən azad edilməsi üzrə Amerika komitəsi yaradıldı. Bu qurumun əsas vəzifəsi SSRİ-yə yayımlanan radiostansiya açmaq idi. 1952-ci ilin ikinci yarısında yeni yaranan radionun ilk əməkdaşları Almaniyanın Münhen şəhərində toplaşdı, 1953-cü il martın 1-də isə artıq “Azadlıq” adlı radio işə başladı. 

***

  1978-ci ilin 1 martında Çarli Çaplinin (Charlie Chaplin) qəbri İsveçrədəki qəbiristanlıqdan oğurlandı.

  25 dekabr 1977-ci ildə həyatdan köçən, yaratdığı "Şarlo" obrazı ilə bütün dünyada tanınan məşhur komediya ustası Çarli Çaplinin qəbri kiçik bir İsveçrə qrupu tərəfindən qarşılığında pul almaq üçün qaçırılmışdı. Amma oğrular məqsədlərinə çata bilmədən tutuldu. Çaplinin qəbri isə 11 həftə sonra Cenevrə gölündə suyun altından çıxarılıb yenidən məzarlıqda dəfn edildi.

***

  1983-cü ilin 1 martında “Hakkaridə bir mövsüm” adlı Türkiyə kinosu Berlin Film Festivalında eyni zamanda dörd mükafata layiq görüldü və tədbirin ən çox mükafatlı filmlərindən biri oldu.

  Yazıçı Ferit Edgünün eyniadlı romanı əsasında çəkilən filmdə Türkiyənin cənub-şərq bölgəsində yerləşən Hakkari vilayətinin bir kəndində yaşayan insanların qış boyu yoxsulluq və çətin hava şərtlərilə necə mübarizə apardıqları əks edilmişdi.  

***

  1 mart 2005-ci ildə İngiltərənin paytaxtı Londonda “Türklər: bir imperatorluğun memarları və memar Sinan dühası” adlı sərgi açıldı.

  Londonun məhşur “Shapero” sənət qalereyasında açılan sərgidə memar Sinanın əsərləri arxitektura fotoqrafı Əhməd Ertuğun 35 şəkliylə sənətsevərlərə təqdim edildi.

  Sərgi çərçivəsində Əhməd Ertuğun koleksiyasından Osmanlı dövrünə aid əntiq kitablar və 10 akvarel şəkil də nümayiş etdirildi.

***

  1 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycan Sovet respublikasının Əmək Qəhrəmanı, pambıqçı-mexanizator Sevil Qazıyeva 1940-cı ilin 1 martında anadan olub.

  “Qızlar, sükan arxasına” təşəbbüsünün müəlliflərindən biri olan Sevil Beyləqanın 5 nömrəli sovxozunda gənclər briqadasına başçılıq edir, hər il üç tondan çox pambıq yığırdı.

  Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş pambıqçı-mexanizator Sevil Qazıyeva 23 yaşında (1963) iş prosesi zamanı faciəli şəkildə həlak olub. (1940-1963)

***

  Bu gün Azərbaycanın tanınmış xalq rəssamı Kamil Əliyevin xatirə günüdür.

  Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra o, “Azərxalça” birliyində xalçaçı rəssam kimi fəaliyyətə başlayıb.

  İkinci Dünya Müharibəsindən qayıtdıqdan sonra bir müddət Respublika Bədii Fonduna rəhbərlik edib, sonralar Zərgərlik Fabrikində direktor vəzifəsində çalışıb.

  Kamil Əliyev Azərbaycan respublikasında süjetli və portret-xalçaların yaradılmasında aparıcı mövqe tutub. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva və başqa şəhərlərin muzey və qalereyalarında nümayiş etdirilib. (1921-2005)



Әlaqәli Xәbәrlәr