Tarixdə bu gün: 16 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1146048
Tarixdə bu gün: 16 fevral

***

  İstanbulu fəth edərək köhnə dövrü bağlayan və yeni çağ açan Fateh Sultan Mehmetin müəllimi Akşemsettin 1459-cu ilin 16 fevralında vəfat edib.

  Ensiklopedik biliyə sahib Akşemsettin təsəffüf elmində olduğu kimi, tibb sahəsində də böyük alim idi. O, təkcə fiziki deyil, ruhi xəstəlikləri də müalicə edirdi.

  Antoni van Leyvenhukun (Antonie van Leeuwenhoek) təxminən iki əsr sonra təcrübəylə kəşf etdiyi mikrobu Akşemsettin "Maddetül-Hayat" adlı əsərində belə təsvir etmişdi: "Bəzi xəstəliklər insandan insana yoluxma yolu ilə keçir. Bu yoluxma gözlə görünməyəcək qədər kiçik və canlı toxumlar şəklində olur".

***

  1918-ci il 16 fevralında Litva Rusiyadan ayrılaraq müstəqilliyini elan edib. Lakin 1940-cı ildə bu Baltikyanı ölkə “Ribbentrop - Molotov” adlanan sazişə görə, SSRİ-nin tərkibinə salınıb.

  Litva respublikası ikinci dəfə 1990-cı ildə öz suverenliyini bərpa edib.

***

  Türkiyədə hava yolları sənayesini qurmaq, hərbi, mülki, idman və turizm aviasiyanını inkişaf etdirmək üçün 1925-ci ilin 16 fevralında "Türk Tayyare Cemiyeti" yaradılıb.

  "Türk Tayyare Cemiyeti" Türkiyənin ilk qadın pilotu Sabiha Gökçen kimi tanınmış təyyarəçilər yetişdirib.

  1931-ci ildə pilot Vecihi bəy istehsal etdiyi təyyarə ilə havaya qalxaraq kiçik bir Türkiyə turu etməyi bacarıb.

  "Türk Tayyare Cemiyeti"nin ölkə xaricində təhsil alan mühəndislərindən Selahattin Reşit bəy və komandası, motor və pərvanəsindən başqa, bütün hissələri yerli olan ilk milli təyyarənin prototipini hazırlayıb.

  "İstiqbal göylərdədir" deyərək aviasiyanın əhəmiyyətini vurğulayan Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təlimatı ilə yaradılan cəmiyyət 1935-ci ildə Türk Hava Qurumu adlanıb.

***

  16 fevral 1945-ci ildə Venesuela Almaniya və Yaponiyaya müharinə elan etdiyini açıqladı.  

  Ümumiyyətlə, İkinci Dünya Müharibəsinin sona çatması ərəfəsində - 1945-ci ilin fevral ayı ərzində Paraqvay, Ekvador Peru, Çili, Uruqvay, Türkiyə, Misir, Livan, Suriya və Səudiyyə Ərəbistanı da Almaniya və Yaponiyaya müharibə elan etmişdilər.

***

  1959-cu il Kuba İnqilabı nəticəsində Fülqensio Batistan (Fulgencio Batista) yanvarın 1-də rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra 16 fevralda hakimiyyətə Fidel Kastro (Fidel Castro) gəldi.

  Batista diktaturasını yıxmaq üçün 1953-cü ildən fəaliyyətə başlayan F.Kastro Kuba İnqilabının ən mühüm adlarından biri idi. Onun, iqtidara gələr-gəlməz, ilk işi ölkədə qiymətləri və kirayələri endirməsi, bir sözlə, ucuzluq yaratması oldu. Torpaq islahatı keçirərək böyük əraziləri milliləşdirdi, ictimai fermalar qurdurdu.

  Tezliklə Kastro rəhbərliyi ilə ABŞ arasında kəskin fikir ayrılığı yarandı və Kuba zaman keçdikcə Amerikanın ən böyük düşmənlərindən biri oldu.

  1961-ci ildə ABŞ-ın “Donuzlar körfəzi” hərbi əməliyyatından təxminən 1 il sonra (1962) Kuba hökuməti Sovet raketlərinin ölkəyə yerləşdirilməsinə icazə verdi. Bununla da Kastro uzun illər Amerika-SSRİ ixtilafının mərkəzində qaldı.

  Fidel Kastro 2008-ci ildə etdiyi açılama ilə Kuba Dövlət katibi vəzifəsindən ayrıldığını elan etdi. O, 2016-cı ilin 26 noyabrında vəfat edib. (13.VIII.1926 – 26.XI.2016)

***

  1999-ci ilin 16 fevralında Özbəkistannın paytaxtı Daşkənddə ölkə prezidenti İslam Kərimova qarşı sui-qəsd cəhdi edildi. İ.Kərimov təsadüf nəticəsində xilas oldu.

  Hücumda 15 özbək əsgəri həyatını itirdi, onlarla adam yaralandı.

  Hadisəni “Hizbul Təhrir” öz üzərinə götürdü.

16 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

   Görkəmli Azərbaycan memarı Zivərbəy Əhmədbəyov 1925-ci ilin bu günü dünyadan köçüb.

  1873-cü ildə Şamaxıda anadan olan Zivərbəy Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirib.

  Zivərbəy Əhmədbəyov ali təhsil almış ilk Azərbaycan memarıdır. O, 1902-ci ildən Bakı Quberniya, sonra isə Bakı Şəhər idarələrində işləyib. 1918-1922-ci illərdə Bakının baş memarı olub. Göyçayda məscid, Şamaxıda İmam məscidi, Cümə məscidi, Bakıda Göy məscid, Səadət məktəbi, Mixaylovski xəstəxanasının bir korpusu, Uşaq xəstəxanası, həmçinin Bakı və Şamaxıda bir sıra yaşayış evləri onun layihəsi əsasında tikilib.

  Zivərbəy Əhmədbəyov Azərbaycan xalq memarlığının Şərq və Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirib. 1917-ci ildə “İslam incəsənəti abidələrinin həvəskarları və mühafizləri cəmiyyəti”ni yaradıb. 1919-cu ildə Şamaxının bərpası üçün Yeni Şirvan cəmiyyətini təşkil edib. (1873-1925)

***

  Azərbaycan Musiqili Teatrının banilərindən və milli opera sənətinin yaradıcılarından biri olan Hüseynqulu Sarabskinin bu gün xatirə günüdür. O, 1879-cu ildə Bakıda dünyaya gəlib.

  Səhnə fəaliyyətinə 1902-ci ildə başlayan H.Sarabski “Leyli və Məcnun”da Məcnun rolunun, başqa operalarda da əsas partiyaların ilk ifaçısı olub.

  “Müsəlman dram truppası”nı yaradan Hüseynqulu Sarabski 1910-cu ildən rejissor kimi fəaliyyət göstərib.

  Sarabski “Köhnə Bakı” adlı kitab yazıb ki, burada Azərbaycan paytaxtının qədim dövrlərdən formalaşmış mədəniyyəti, milli ənənələri, bayram və mərasimləri barədə son dərəcə qiymətli məlumatlar əks olunur.

  Böyük aktyor, rejissor və tədqiqatçı 1945-ci ilin bu günü dünyasını dəyişib. (1879-1945)

***

  1884-cü ildə Gəndədə dünyaya gələn, pedaqoq, Azərbaycanın Əməkdar müəllimi Bahar Ağalarovanın bu gün xatirə günüdür.

  Azərbaycanda ilk Uşaq Evinin təşkilatçısı olan Bahar xanım bir çox orden və medallarla təltif edilib.

  Yazıçı Yusif Əzimzadənin “Anacan” pyesində Bahar Ağalarovanın həyat və fəaliyyətindən bəhs olunur. (1884-1953)

***

  Tanınmış Azərbaycan sənətşünası Əbdülvahab Salamzadə 1916-cı ilin 16 fevralında dünyaya gəlib. 1944-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət Universitetində çalışıb.

  Azərbaycan memarlığının ilk tədqiqatçılarından və sənətşünaslağının banilərindən sayılan Əbdülvahab Salamzadə bu sahədə bir sıra elmi əsərlərin müəllifidir. Arran və Təbriz memarlıq məktəblərinin geniş elmi tədqiqatı onun adı ilə bağlıdır. “Azərbaycan memarlığının tarixi”, “Azərbaycan memarlığı” və digər elmi əsərlərin əsas müəlliflərindəndir. (1916-1983)



Әlaqәli Xәbәrlәr