Tarixdə bu gün: 10 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1140187
Tarixdə bu gün: 10 fevral

                                              ***

   1074-cü ilin 10 fevralında Mahmud Kaşqari ümumtürk mədəniyyətinin türk dilində yazılan ilk lüğəti sayılan “Divani-Lüğəti-Türk”ü sona çatıb.

                                             ***

  1763-cü ilin 10 fevralında İngiltərə, Fransa və İspaniya arasında Yeddi İl Müharibələrini sona çatdıran Paris Müqaviləsi imzalandı. Bu müqavilə ilə İngiltərənin dünya üzrə dəniz üstünlüyü və müstəmləkə gücü, Fransanın isə müstəmləkəçilik uğrunda İngiltərədən geri qaldığı göründü.

                    ***

  1828-ci il fevralın 10-da Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Türkmənçay kəndində Qacarlar və Romanovlar (İranla Rusiya) arasında müqavilə bağlanıldı. 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyan bu müqaviləyə görə, Naxçıvan və İrəvan xanlıqları, o cümlədən, Ordubad bölgəsi Rusiyaya birləşdirildi. Beləliklə, Azərbaycan həmin sənədə görə, ikiyə parçalanaraq Rusiya və İran arasında bölüşdürüldü.

                                                         ***

  1969-cu ilin 10 fevralında ABŞ-ın VI Donanmasına aid gəmilər İstanbula gəldi. Türkiyənin universitet tələbələri buna etiraz bildirərək mitinqlər təşkil etdi.

                                             ***

   10 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1869-cu ilin 10 fevralında Naxçıvanda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadə anadan olub. Qori seminariyasını bitirdikdən sonra (1887) bir müddət İrəvan quberniyasında müəllimlik edib. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında çalışıb. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realist ədəbiyyatının parlaq nümunələridir. Yazıçı öz yaradıcılığında intibah və maarifçilik məsələrinə də geniş yer verib. Cəlil Məmmədquluzadə baş redaktoru olduğu məhşur “Molla Nəsrəddin” jurnalı ilə Yaxın və Orta Şərqdə, xüsusilə, İran və Türkiyədə ədəbi-ictimai fikrin inkişafına mühüm təsir göstərə bilib. (1869-1932)

                                              ***

   1918-ci ilin 10 fevralında 34-cü Osmanlı sultanı II Əbdülhəmid 76 yaşında dünyadan köçüb. O, sultan Əbdülməcidin oğlu idi. 1842-ci ildə anadan olmuşdu. Əbdülhəmid taxta çıxdığı zaman Osmanlı dövləti tam bir böhran içində idi. Çernoqoriya və Serbiyada aparılan müharibələr osmanlıların əleyhinə dönmüş, Bosniya-Hersoqovina və Griddə qiyamlar başlamış, maliyyə böhranı son həddə çatmışdı. Bu vaxt baş vəzir (sədrəzəm) Mithat Paşa və tərəfdarlarının istəyi ilə 23 dekabr 1876-cı ildə Birinci Hökumət elan edildi. Qeyri-müsəlmanların da iştirak etdiyi Məclisin ilk işi Rusiyaya müharibə elanı oldu. Bu müharibə Osmanlı dövlətinə fəlakət gətirdi. Ruslar İstanbula qədər gəldilər. Sülh istəyən Sultan Əbdülhəmid ilk iş olaraq dövləti parçalanma və yoxolma yoluna doğru aparan Məclisi bağladı (13 fevral 1878) və ölkənin idarəsini tamamilə əlinə aldı.
  Sultan Əbdülhəmid böyük məsələlər qarşısında böhrana düşən Osmanlı dövlətini bundan sonra dahiyanə bir siyasət, ədalət və qüdrətlə idarə etdi. 252 milyon olan dövlət borclarını 106 milyona endirdi, məscid, məktəb, mədrəsə, xəstəxana, bulaq, körpü və s. tikdirdi, ölkənin dörd bir tərəfinə dəmiryolu xətti çəkdirdi.
  Sultan Əbdülhəmid yəhudilərin Fələstində bir dövlət qurma təşəbbüslərinin qarşısına çıxdı. Onların Osmanlı borclarını tamamilə silmək təkliflərini belə rədd etdi. Fələstin torpaqlarının yəhudilərə satılmaması üçün lazımlı tədbirlər gördü. Şərqi Anadoluda erməni işğallarının qarşısını aldı, bölgədə asayişi təmin etdi, Osmanlı hakimiyyətini gücləndirdi.
  Sultan II Əbdülhəmidi taxtdan endirmədən Osmanlı dövlətini parçalaya bilməyəcəklərini görən bütün daxili və xarici düşmənlər bu türk sultanına sui-qəsd təşkil etdilər. Beləcə, 30 il boyu dayanmış faciələr təkrar başladı. 31 mart 1908-ci ildə taxtdan endirilən II Əbdülhəmid Solonikiyə göndərildi və 10 fevral 1918-ci ildə vəfat etdi.



Әlaqәli Xәbәrlәr