Tarixdə bu gün: 9 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1140100
Tarixdə bu gün: 9 fevral

                                               ***

   9 fevral 1788-ci ildə Avstriya Osmanlı - Rusiya Müharibəsinə daxil oldu. 1787-1792-ci illər Osmanlı-Rusiya Müharibəsi zamanı Avstriyanın Rusiyanın tərəfinə müharibəyə qoşulması Osmanlı dövlətini ağır məğlubiyyətə uğratdı.

                                              ***

   1795-ci ildə Türkiyənin Hacıbəy limanının adı Odessa olaraq dəyişdirilib. Bu yaşayış məskəninin adı ilk dəfə 15-ci əsrə dair sənədlərdə çəkilir. 18-ci əsrin 60-cı illərində osmanlılar orada qala inşa ediblər. 1787-1791-ci illər Rusiya-Osmanlı Müharibəsi zamanı isə ruslar həmin qalanı ələ keçirib.  

                                             ***

  1895-ci ilin bu günləri Amerikanın Massaçusets ştatının Holiok şəhərində gənclərin idman salonunda Uilyam Morqan adlı müəllim topla yeni komanda oyununu təqdim edib. İlk zamanlar bu oyuna “mintonet” deyilsə də, sonralar “uçan top” mənasını verən voleybol adlandırılıb. Voleybol ABŞ-dan sonra Yaponiya, Çin və Filippində, 1907-ci ildən isə Avropada yayılıb.  

                                             ***

  1918-ci ilin 9 fevralında Brest-Litovskda – indiki Brest şəhərində Rusiya ilə Almaniya və onun müttəfiqləri arasında sülh müqaviləsi imzalandı. Brest müqaviləsinə görə, Sovet Rusiyası əvvəllər onun nəzarəti altına keçmiş bir çox ərazidən, o cümlədən, Qars və Əndəhardan imtina edib, həmçinin indiki Baltik ölkələri üzərində hüququnu itirib.  

                                               ***

   1924-cü il fevralın 9-да Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialit Respublikası təşkil olundu. Azərbaycan ərazilərinin zorla Ermənistana verilməsi ilə Naxçıvanın muxtar respublikaya çevrilməsi onu ölkənin əsas ərazilərindən tam təcrid etdi. Sovet rejiminin həmin zorakılıq siyasətinin acı nəticələri SSRİ dağıldıqdan və müttəfiq respublikalar müstəqilliklərini bərpa etdikdən sonra özünü daha qabarıq şəkildə göstərməyə başladı. Naxçıvan tam blokada şəraitində erməni təcavüzünə qarşı mübarizə aparmalı oldu.  

                                              ***

  1934-cü ildə 9 fevralında Afinada Türkiyə, Yunanıstan, Yuqoslaviya və Rumıniya nümayəndə heyətləri arasında Balkan Paktı - Antanta imzalandı. Bu pakt sərhədlərin qarşılıqlı təhlükəsizliyinə dair öhdəliklərdən ibarət idi. Həmin sənəd faşist İtaliyası ilə nasist Almaniyası arasında yaxınlaşmaya cavab olaraq bağlanmışdı.

                                             ***

  1965-ci ilin 9 fevralında Vyetnam Müharibəsi başladı. İlk olaraq ABŞ əsgərləri Cənubi Vyetnama göndərildi.

  Qeyd edək ki, Vyetnam Müharibəsi Şərq Bloku ölkələri olan Şimali Vyetnam, Çin və Sovet İttifaqı ilə ABŞ və onun dəstəyilə Cənubi Vyetnam arasında gedən müharibə idi.

                                             ***

  1968-ci ilin 9 fevralında Türkiyədə ilk qadın yol polisi vəzifəyə başladı. İstanbul Eminönü Meydanında polis maşınını idarə edən Fikriyə Yavuz Türkiyənin ilk qadın yol polisi oldu.

                                        ***

  1986-cı ilin 9 fevralında Halley quyruqlu ulduzu Günəşə ən yaxın məsafədə olub. 20-ci əsrdə ikinci dəfə Günəşə yaxınlaşan bu ulduz hər 75-76 ildən bir görünür. Halley orbitini insan ömrü içərisində tamamlayan, adi gözlə görünən yeganə quyruqlu ulduzdur. Hesablamalara görə, o, bir də 2061-ci ildə görünəcək.

                                          ***

   9 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

   Şərqin dahi mütəfəkkiri və şairi Əlişir Nəvai 1441-ci ilin 9 fevralında indiki Əfqanıstan ərazisindəki Herat şəhərində anadan olub. Kiçik yaşlarından özbək və fars dillərində şeirlər yazıb. 1468-ci ildə məktəb yoldaşı Hüseyn Baykara hakimiyyətə gəldikdən sonra Nəvaini saraya dəvət edib. 1472-ci ildə vəzir rütbəsinə qədər yüksələn şair həm də əmir rütbəsini alıb. Öz hesabına mədrəsə və xəstəxanalar açdırıb, yollar çəkdirib, körpülər saldırıb. Nəvai yaradıcılığının zirvəsi Nizamiyə nəzirə olaraq özbək dilində yazdığı “Xəmsə” sayılır. (1441-1501)

                                       ***

   9 fevral böyük rus yazıçısı Fyodor Dostoyevskinin xatirə günüdür. 1821-ci ildə Moskvada anadan olan F.Dostoyevski 25 yaşında (1846) yazdığı “Yoxsul insanlar” adlı ilk romanı ilə Qoqol ədəbi məktəbinin davamçısı kimi tanınıb. Sonralar “Bəyaz gecələr”, “Oxşar”, “Netoçka Nezvonova” əsərlərini qələmə alıb. Yazıçıya “Cinayət və cəza”, “Alçaldılmış və təhqir edilmiş insanlar”, “İdiot”, “Karamazov qardaşları”, “Yeniyetmə” romanları daha böyük şöhrət qazandırıb. Dostoyevskiyə görə, insan həyatla deyil, öz-özü ilə mübarizə aparmalı, mənəvi kamilliyə çatmalıdır. (1821-1881)

                                                  ***



Әlaqәli Xәbәrlәr