Su ilə gələn mədəniyyət (1)

Tarix, mədəniyyət və sivilizasiya kontekstində Anadoluda suyun keçmişdən bugünümüzə qədər olan yolculuğu...

1493187
Su ilə gələn mədəniyyət (1)

Təbiətə həyat verən, əkinləri cücərdən, sümbülləri böyüdən su..Yer üzündə həyat başlamamışdan öncə var olan, qədim olan su..Həyatın özüdür su..Bərəkətin simvoludur... Canlıların möhtac olduğu ən vacib elementdir...Mədəniyyətlər yaradan, mədəniyyətləri yox edən, dövlətləri güclü, ya da zəif edən su...Tarixə istiqamət verən, tarixlə birlikdə yaşayan su...Yüzillər boyunca uğrunda müharibələr aparılıb, cinayətlər törədilib, çünki suya sahib olan hər şeyə sahib olandır, vazkeçilməzdir su!
İnsanın dünya səhnəsinə çıxdığı vaxtdan etibarən mifologiyada, əfsanə və  dastanlarda baş rolu oynayan su dünən nə qədər əhəmiyyətli idisə, bugün də o qədər, hətta daha da vacibdir. Çünki həyatımızdakı hər şeyə birbaşa və ya dolayısı ilə təsir edən su dünya konyukturasında söz sahibi olan və ya olmaq istəyən ölkələr üçün artıq strateji bir mənbədir.
Bütün təbii ehtiyatlar kimi suyun da iqtisadi dəyəri var. Ancaq suyun dəyəri digərlərinin önünə keçir, çünki həyat və yaşayış su ilə mümkündür. Yəni su yoxdursa biz canlılar üçün heç bir təbii ehtiyatın mənası yoxdur.
Buna görə də su ölkələrin mövcudluğu, gələcəkləri, təhlükəsizlik maraqları və iqtisadi inkişafı baxımından böyük əhəmiyyətə malik bir mənbə olaraq qarşımıza çıxır. Məhz bu səbəbdən gündəlik həyatımızı və gələcəyimizi bilavasitə maraqlandıran su mövzusunu müxtəlif istiqamətlər üzrə müzakirə etmək istədik "SU İLƏ GƏLƏN MƏDƏNİYYƏT" proqramında....Tarix, mədəniyyət və sivilizasiya kontekstində Anadoluda suyun keçmişdən bugünümüzə qədər olan yolculuğundan danışacağıq.
Şəhərlər salınarkən suyun oynadığı rolun memarlıq və sənət əsərlərində, ədəbiyyatda necə əksini tapdığını, Anadoludakı ilk su bəndi, su kəmərləri, kəhrizlər, hamamlardan danışacağıq sizə. 
Su hüququ və su təhlükəsizliyi kimi 21-ci əsrdə ölkələrin siyasətlərinə istiqamət verən bu vacib anlayışları açıqlamağa çalışacağıq
Su deyiləndə ağılınıza ilk gələn nədir? 
Gözlərinizi yumun və bir anlıq düşünün, nədir su?  Sizin üçün nə ifadə edir? Bəlkə ağlınıza dənizlər, göllər, çaylar gəldi....Bəlkə suyun doğurduğu sözlər, bəlkə bir rəng, bəlkə sehrli bir dünya!
Suyu izah etmək həm cox asan, həm də çox çətindir, çünki su həm çox sadə, həm də çox mürəkkəbdir. 
Yer üzərindəki həyatın hər yerində, hər anında su var!  Bitkiləri, heyvan və insanları yaşadan və onlar üçün əvəzolunmaz bir mənbə, qoca bir dünyadır su! 
İçilə bilən su qoxusuz, rəngsiz və dadsız bir qarışımdır. İki hidrogen, bir oksigen atomundan ibarətdir, bəlkə ilk öyrəndiyimiz və bəlkə də dünyada ən çox tanınan kimyəvi formuldur H2O. 
Bədənimizin təxminən  70% -i sudur; həyati vacib orqanlarımız olan beyin, ürək, ağciyər və böyrəklərimizdə də eyni miqdarda su mövcuddur. Su bədənimizin temperaturunu nizamlayır, yaddaşı gücləndirir, hüceyrələrə ehtiyacı olan qida maddələrini daşıyır və toksinlərdən təmizləyir. Lakin bu qədər həyat üçün əhəmiyyətə malik olan su insan vücudunda depolana bilməz. Buna görə də insan günlərlə aclığa dayana bilsə də susuzluğa yalnız bir neçə gün dözə bilir. Beləliklə,  içilə bilən təmiz suyun əhəmiyyəti bir daha  qarşımıza çıxır.

Yer üzündə həyatın başlanğıcından əvvəl  suyun mövcudluğuna dair məlumatlara miflər, əfsanə və dastanlarda tez-tez rast gəlinir. Məsələn, "Türklərin Yaranış Dastanı'nda dünyanın başlanğıcda su ilə əhatə olunduğu deyilir. "Dünya bir dəniz idi, nə göy var idi, nə də yer, hər yer sularla əhatə olunmuşdu bir zamanlar... Tanrı Ülgen uçur, lakin qonmağa bir yer tapa bilmirdi".
Sadəcə Türklərin deyil, bir çox millətlərin yazılı və şifahi əfsanələrində, dastanlarında fərqli şəkillərdə yer alan qaynaqdır su! Roma və Yunan mifologiyasında, Şumer, Skandinav, Aztek və Uzaq Şərq əfsanələrində rast gəlinir ona. Qədim cəmiyyətlərdə suyun həyatın başlanğıcı olmasına dair inanclar illər sonra müqəddəs kitablarda da yer alir. 
Su tarixin ilkin mərhələlərindən bəri sivilizasiyaların yaranmasında ən vacib amil olmuş, mədəniyyətlər hər zaman su kənarlarında qurulmuş və inkişaf etmişdir. 
Şəhər və kəndlərin salınacağı ərazilər təyin olunarkən təmiz su mənbələri əhəmiyyətli amil olmuşdur. Əkinçilik də, ticarət də çay kənarlarından başlamışdır. Suyun azlığı qıtlığa, yoluxucu xəstəliklərə və köçlərə səbəb olub.  Nəzarət altına alınmadığı vəziyyətlərdə isə sellər, daşqınlar böyük dağıntılar yaratmış və həyat mənbəyi olan su mədəniyyətləri də yox edən bir gücə çevrilmişdir. Bugün bəşəriyyətin ortaq təfəkküründə yer alan Nuh Tufanı bu dağıdıcı güc haqqındakı ən yaxşı nümunədir. Nuh Tufanı üç səmavi dinin kitabı olan Tövrat, İncil ve Quranda da kiçik fərqlərlə yer almaqdadir. 
Şəffadir, safdır, şəfadır su… Bir çox inancda və dini mətnlərdə müqəddəs olaraq qəbul edilir. İslam dinində Məkkə yaxınlarından çıxan Zəmzəm suyunun sağaldıcı, şəfaverici olduğuna inanılır. Eyni şəkildə, xristianlar Fransadakı Lourdes suyunu, Hinduizm isə  Qanq çayının müqəddəs və şəfaverici olduğunu qəbul edirlər.  Xüsusilə, üç səmavi dində dini mərasimlərin və ibadətlərin həyata keçirilməsində olmazsa olmazdır su.

Musəvilikdə təmizlənməni təmin edən sudur. Xristianlıqda günahkar olaraq dünyaya gəldiyinə inanılan körpələr vaftiz mərasimindəki su ilə günahlarından təmizlənir. İslamda isə su gündəlik ibadətin vazkeçilməzidir. Namaz ibadətindən əvvəl su ilə dəstəmaz almaq məcburidir, çünki bədənin təmizliyi təmin olunmamışdan əvvəl Allahın hüzuruna çıxılmaz.

Anadolu tarixin başlanğıcına şahidlik edən bir coğrafiya, tarixə qalıcı izlər qoyan bir coğrafiyadir..İnsanlıq yazıya bu torpaqlarda alınıb, tarixdəki ilk sülh razılaşması bu torpaqlarda imzalanıb, pul ilk dəfə bu torpaqlarda istifadə olunub, bəlli olan ilk su qanunları bu coğrafiyada meydana gəlib... Əlbətdə, hamısı bunlardan ibarət deyil, sizə sadəcə nümunələrdən bəzilərini sadaladiq. Bu coğrafiyada onlarla sivilizasiyaya ev sahibliyi etmək suyun can verdiyi bərəkətli torpaqlarla mümkün olub. Əkinçilik suvarma sistemində uğurlu təcrübəsi ilə mədəniyyətin önündə gedən Şumerlərdən Anadoluda ilk su bəndi inşa edən Hititlərə qədər, Roma imperatorluğu zamanındakı şəhərlərarası su kəmərlərindən Osmanlı dönəmindəki su təsərrüfatlarına qədər bir xəzinəni, universal mədəniyyət mirasını daşıyır bu torpaqlar və hər biri haqqında ayrı-ayrılıqda danışmağa layiqdirlər. İlk proqramımızda suyun canlı aləm üçün nə qədər vacib ünsür olduğuna və yaşadığımız Anadolu coğrafiyasının əhəmiyyətinə qısaca nəzər salmağa çalışdıq.



Әlaqәli Xәbәrlәr