Azərbaycan sülh prosesinin də açar ölkəsidir
Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Azərbaycan sülh prosesinin də açar ölkəsidir” başlıqlı yazısı
Qafqazın gündəmi_35_2022
44 günlük müharibədən sonra regionda yeni geosiyasi konfiqurasiyanın qalıcı hala gətirilməsiylə birlikdə sülh əldə edilməsi və təhlükəsizlik mühitinin yaradılması istiqamətində də Bakının intensiv təşəbbüsləri davam edir. Keçən yazılarımızda da şərh etməyə çalışdığımız kimi Ermənistan da xarici və daxili siyasət bağlamında köhnədən birdəfəlik imtina, yeni və rasional bir ideoloji istiqamət müəyyənləşdirərək təcrid və kataklizmlərdən xilas olmaq nöqtəsində önəmli qərarlar ərəfəsindədir. Qonşuların torpaqlarını işğal etmək, saxta tarix və şovinist milliyətçilik üzərinə qurulan düşmənçilik anlayışları artıq çökmüş, Ermənistan dalan vəziyyətiylə üz-üzə qalmışdır. Bir tərəfdən də dünyada şiddətlənən geosiyasi mübarizələr, yeni nizam və güc paylanmasının qurulma prosesləri Ermənistan kimi müstəqilliyi kövrək xarakter daşıyan xırda dövlətlərdən çevik qərarlar qəbul etmə fərasəti tələb edir. Ukrayna müharibəsi üzərindən davam edən kollektiv Qərb-Rusiya çəkişməsində Ermənistandakı revanşist dairələrin ümidlə baxdığı, bəlkə də qaytardılar həvəsiylə mədət umduğu Rusiyanın zəiflədilməsi prosesi davam edərkən dünyanın sayılı ordularından birinə sahib olan, tarixi- coğrafi baxımdan da yeni dünya quruculuğunda kilid mövqeyi qarşı duran tərəflərcə qəbul edilən Türkiyənin təsiri artmaqdadır. Azərbaycan artıq müasir İpəkyolunun, şimal-cənub, qərb-şərq dəhlizlərinin, daha da canlanması gözlənilən ticarət yollarının həlledici ölkəsidir. Güclənən iqtisadiyyatı və ordusu, dünya dəngələrini yaxşı oxuyan, müdrik qərarlar ala bilən siyasi rəhbərliyiylə Bakı həm də bütün Cənubi Qafqazın gələcəyini, müstəqilliyini düşünərək strateji planlamalar aparmaqdadır.
Bu mənada regionun ən güclü təhsil mərkəzlərindən olan ADA Universitetinin 29 apreldə təşkil etdiyi, artıq mütəmadi xarakter alan, dünyadan çox sayıda aparıcı beyin mərkəzi təmsilçisi və siyasi xadimin də iştirak etdiyi “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzulu beynəlxalq konfransda prezident İ. Əliyevin regional və qlobal proseslərin xarakteriylə bağlı verdiyi mesajlar önəmli idi. Prezidentin çıxışlarında önə çıxan inkişafla bağlı fikirlərin Azərbaycanla məhdudlaşdırılmaması, bütün regionu əhatə etməsi, Ermənistan hökuməti simasında qisasçılıq və xülyalardan uzaq, Türkiyə və Azərbaycana ərazi iddialarında bulunmayan etibar edə biləcəyi və davamlı sülhə nail olmaqla bağlı razılığa gələ biləcəyi bir tərəfdaş görməyi ümid etdiyini bildirməsi, region ölkələrinin müstəqilliklərinin gücləndirilməsinin vacibliyinə diqqət çəkməsi önəmli mesajlar olmuşdur. Bu siyasətin alternativinin isə Ermənistan dövlətinin tamamən süqutuna səbəb olacağının da bir daha bəyan edilməsi bu günlər ixtişaşlar, itaətsizlik yoluyla Paşinyanı devirməyə çalışan, Azərbaycana qarşı torpaq tələblərindən də əl çəkməyən Daşnaq fikirli liderlərə də xəbərdarlıq mahiyyətində olmuşdur.
Prezident İ.Əliyev çıxışında Avropa İttifaqının Ermənistan üçün ayırdığı 2,6 milyard avro həcmindəki maliyyə paketinin də ( daha sonra Azərbaycan üçün də ayrılmışdır) bir hissəsinin revanş və qonşularına hədə yaratmaq cəhdləri, silahlanmaq üçün deyil, regional əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların təşkil edilməsinə yatırılmasının vacibliyinə də toxunmuşdur. Sülh sazişinin imzalanmasına nail olmaq həm də Cənubi Qafqazda yeni regional təsisatların da yaradılması deməkdir ki, bu, Bakının tarixi - ideoloji ənənə üzərində inkişaf etdirdiyi Qafqaz evi konsepsiyasına da uyğundur. Bu həm də bütün bölgə insanı üçün yeni imkanlar deməkdir. Separatizm meyilləri və işğalçılıq bu prosesin 30 il gecikməsinə səbəb olmuşdur. Hazırda Ermənistandan ziddiyətli açıqlamalar gəlsə də Paşinyan iqtidarı sülh üçün Azərbaycanın 5 maddədən ibarət təklifini qəbul etdiyini bəyan etməklə nəhayət Cənubi Qafqazda qalıcı sülhlə bağlı ümidləri də artırmışdır. Lakin daha əvvəl münaqişənin sülh yoluyla həll edilməsi prosesində olduğu kimi irəliləyiş üçün çox həlledici məqama gəlib çatanda, müxtəlif xarici və daxili faktorların təsiriylə Ermənistanın geriyə addım atma ehtimalı da vardır. Ancaq torpaqlarının işğaldan azad edilmə prosesini ustalıqla, siyasi-diplomatik zəka və ciddi hərbi hazırlıqla həyata keçirən Azərbaycan sülh yaratma həmlələrini də qlobal və regional faktorları, Ermənistandakı daxili siyasi vəziyyəti yaxşı hesablayaraq, Yerevana heç bir bəhanə vermədən aparmaqdadır.
Әlaqәli Xәbәrlәr
Qəhrəman qadınlarımız - Mihir Müşviq
Asya İstanbul Rəsm və Heykəl Muzeyi gəzintisinə həvəssiz qatılmışdı.