Azərbaycanın istiqlalı və Qafqaz İslam Ordusu

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun " Azərbaycanın istiqlalı və Qafqaz İslam Ordusu" başlıqlı yazısı

1646131
Azərbaycanın istiqlalı və Qafqaz İslam Ordusu

May ayı Azərbaycandan Anadoluya tək millət iki dövlətin  sönməyən istiqlal eşqini, bütün sədləri aşaraq müstəqillik, milli məfkurə üçün apardığı mübarizə tarixini  xatırladan aydır. 3 may Türk Dünyasının birliyi üçün  aparılan mübarizəni simvollaşdıran  gündür. 28  may 1918-ci ildə  M. Ə. Rəsulzadə və silahdaşları Tiflisdə Azərbaycanın müstəqilliyini elan etmiş, 19 may 1919 tarixində  isə  Gazi Mustafa Kamal Paşanın Samsuna çıxmasıyla çox çətin geopolitik şərtlər altında Türkiyənin düşmən işğalından xilas edilməsi istiqamətində milli müqavimət hərəkatı başlamışdır. 29 may 1453-cü ildə  İstanbulun fəth edilməsi dünya tarixində yeni bir çağın qapısını  açmış, ümumi Türk tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən cəmi bir ay sonra, 25 may 1920-cil il tarixində başlayan, bolşevik işğalına qarşı dirənişin zirvə nöqtəsi hesab edilən Gəncə üsyanının tarixi də təsadüfi seçilməmişdi.  25 may 1918-ci ildə Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun bölmələri Azərbaycanı bolşevik-daşnaq işğalından qurtarmaq üçün Gəncəyə ayaq basmışdı. O gün də  Azərbaycan-Türkiyə qardaşlığı üçün  yadda qalan günlərindəndir.

Nuru Paşa 103 il əvvəl  Gəncəyə girərək Osmanlı dövlətinin son müzəffər hərbi əməliyyatı olan  Azərbaycanı  xilas etmək əməliyyatına başlayarkən Azərbaycandakı vəziyyət təxminən aşağıdakı kimi idi. Hələ Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdə elan olunmasına üç gün var idi. Ölkənin ən stratejik şəhəri, sərvət mənbəyi olan Bakı bolşevik-erməni qüvvələri tərəfindən işğal olunmuş, Bakıda on iki min günahsız Müsəlmanı vəhşicəsinə qətl  edən silahlı çətələr Gəncəyə doğru hərəkətə keçmişdi. Şamaxı, Quba, Göyçay, Şuşa, Cəbrayıl, Lənkəran  kimi bir çox bölgənin kənd və qəsəbələrində erməni dəstələrinin vəhşilikləri davam edirdi. Bakıda olmuş bir alman kəşfiyyatçısı olan Brandner mart soyqırımı zamanı gördüyü vəhşəti belə təsvir edirdi. "Qətliam 31 mart günü başladı ve 3 aprel günü qurtardı. Təxminən 12 min nəfər öldü. Bəzi evlər yandırıldı, bəzi evlər də top atışlarıyla yox edildi. Qaça bilməyən azərbaycanlılar evlərində ermənilər tərəfindən öldürüldülər. Ermənilər hamilə ananın qarnındakı körpəni yarıb çıxarmışdılar..." Çar imperiyasının dağılması dövründə Qafqazdakı Rus ordusunun aktiv dəstəyi və silah-sursat bazası əsasında erməni ve gürcü orduları qurulurkən Azərbaycan Türkləri bir əsrə yaxın çarlıq idarəsi tərəfindən aparılan diskrinimasiya siyasəti nəticəsində öz ordusunu quracaq imkanlara sahib olmamışdır. Milli komitələr və lokal, məhdud sayda silah təmin edə bilmiş özünü müdafiə dəstələri xalqı rus-erməni çətələrinden qorumağa çalışırdı. Ruslarla birlikdə ingiliz və fransızların da Anadoludan Qafqaza ermənilərə dəstək verərək onların təşkilatlanmalarına, silahlanmalarına yardım etdiklərini bilirik. Birinci Dünya savaşında Osmanlının müttəfiqi olan Almanya da Çarlıq rejiminin dağılmasından sonra Qafqazda gürcüləri gücləndirmək, Osmanlı ordusunun tək başına  Qafqaza girməsinə mane olmaq siyasəti aparırdı. Bax belə bir şəraitdə Nuru Paşanın komandanlığı altındakı Osmanlı birlikləri Gəncəyə gəlmişdi. M. Ə. Rəsulzadə Nuru Paşanın Gəncəyə gəlişi haqda belə yazırdı. "Cənubi Qafqaz nümayəndələri ilə Türk nümayəndələri Batumda müzakirələr apararkən Nuru Paşa ilə bərabər tabeliyində olan bir çox zabitlər İran ve Qarabağ istiqamətindən Gəncəyə daxil oldular.  O zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göyden enən bir mələk kimi qəbul etmişdi”. Gəncədən başlayan hərbi əməliyyatlar Bakının azad edilməsinə qədər davam etmiş, tək millət iki dövlət tarixi  qardaşlığın dastanını  yazmışdı.

O çətin günlərdə Qafqaz İslam Ordusu bir-bir bölgələrimizi  rus-erməni çətələrindən azad edir, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə çalışır, o biri tərəfdən də ordu quruculuğu  üçün ciddi  işlər görürdü.  Azərbaycan Türklərinin çar Rusyası tərəfindən məqsədyönlü şəkildə hərbi xidmətə çağrılmaması milli hərbi hissələrin təşkilini xeyli çətinləşdirmişdi. Nuru Paşa milli hərbi kadrlar bazasının hazırlanması üçün Gəncəyə gəldiyi ilk gündən etibarən hərəkətə keçmişdi. Bu məqsədlə Gəncədə ilk zabit məktəbi açılmış, Qafqaz İslam Ordusunun ən təcrübəli zabitlərindən Atif bəy məktəbin rəisi təyin edilmişdi. 1918- ci il oktyabr ayının 12-də bu Milli Hərbiyə Məktəbinin ilk buraxılışı olmuşdu.  Azərbaycan tarixində mühüm hadisələrdən biri olan bu mərasimdə general Əliağa Şıxlinski, milli hökümətimizin üzvləriylə bərabər Nuru Paşanın Azərbaycana oğlunu görməyə gələn atası Hacı Əhməd də iştirak etmişdi.

1918 - ci il  sentyabr ayının 18-də Bakı işğaldan azad edildikdən cəmi üç gün sonra  xilaskar Qafqaz İslam Ordusu Qarabağı da Erməni silahlı dəstələrindən  təmizləmək üçün  hərəkətə keçərək polkovnik Cəmil Cahit bəyin komandanlığı altında Birinci Azərbaycan Divizyasını qurmuşdu. Oktyabrın yeddisindən etibarən Ağdamdan hücuma keçip Andranikin qoşunlarını qaçmağa  məcbur edən Qafqaz İslam Ordusu Şuşaya girəndə   ermənilər  daşnaklara dəstək vermədiklərini, onlarla birgə olmadıqlarını göstərmek üçün şanlı Azərbaycan Divizyasını duz çörəklə qarşılamış,  Şuşada keçirilən zəfər  paradını  izləmişdi.

Bolşevik işğalına qarşı 25 may 1920- ci ildə başlayan Gəncə üsyanından sonra Nuru Paşa da iki minə yaxın qüvvəylə Qarabağda ikinci bir üsyana rəhbərlik edərək Şuşada təkrar hakimiyyətini təsis etmiş , fəqət qüvvəsinin azlığı səbəbiylə Gürcüstan sərhəddindən göndərilən əlavə Sovet  qüvvələrinə qarşı dura bilməyəcəyini anlayaraq Xudafərin körpüsünə qədər geri çəkilmək məcburiyyətində qalmışdı. Xudafərində olarkən Tiflisdə sürgündə olan Azərbaycan höküməti üzvlərinə göndərdiyi məktubda Gəncə və Qarabağ dirənişi haqda məlumat verdikdən sonra  işğala  qarşı silahlı  dirənişin davam etməsi halında əmrində olan bir Azərbaycan  piyada taburu, süvari alayı və xeyli  top-tüfəngdən ibarət olan qoşunu Naxçıvan üzərindən Tiflisə sövq edə biləcəyini bildirmişdir. Ancaq qüvvələr, beynəlxalq şərait əlverişli olmadığı üçün Tiflisdəki Azərbaycan höküməti bu fikri  dəstəkləməmiş, Araz çayını keçərək Ərzuruma gedən Azərbaycan Türk  qüvvələri Anadolu Qurtuluş savaşında fəal iştirak etmiş, Sarıqamışın azad edilməsində mühüm  rol oynamışdır. Sovet dövlətinin dağılmasından sonra Azərbaycan  istiqlalına qovuşdu, 44 günlük müharibədə isə tarixi davamlılıq içində Anadolu və Azərbaycan arasındakı o qardaşlıq ruhu yenidən təcəlli edərək   Qarabağın işğaldan azad edilməsini təmin etdi. 



Әlaqәli Xәbәrlәr