Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasi və Qaragöl məsələsi

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun "Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasi və Qaragöl məsələsi" başlıqlı yazısı

1642282
Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasi və Qaragöl məsələsi

Azərbaycan ordusunun əldə etdiyi Qarabağ zəfərindən sonra imzalanan 10 Noyabr müqaviləsi ilə birlikdə normallaşma prosesi çərçivəsində iki ölkə arasındakı sərhədlərin demarkasiyası prosesi də başlamış, iki əsrə yaxın davam edən bir dövr ərzində əvvəlcə Çar Rusiyası, ardınca da Sovet rejiminin həyata keçirdiyi regional müstəmləkəçilik siyasəti kontekstində Azərbaycan Türklərinin tarixi yurdları hesabına əraziləri ildən-ilə genişləndirilən Ermənistan nə qədər ağrılı olsa da öz həqiqi sərhədlərinə çəkilmə məcburiyyəti ilə qarşılaşmışdır. Əvvəlki yazılarımızda inkar edilməz tarixi dəlil və sənədlərə əsaslanaraq Türkmənçay müqaviləsi ilə Cənubi Qafqazda Rus hakimiyyətinin başlaması, Azərbaycanın şimal və cənub olaraq iki hissəyə bölünməsindən sonra ermənilərin kütləvi şəkildə xarici ölkələrdən gətirilərək Şimali Azərbaycanın İrəvan, Zəngəzur, Qarabağ torpaqlarında yerləşdirilməsindən, İrəvan xanlığı torpaqlarından mərhələli şəkildə Türk müsəlman əhalinin köçə məcbur edilərək erməni dövləti qurulmasından, Sovet dövründə də həyata keçirilən bu siyasətin davamı olaraq Azərbaycan və Türkiyə arasındakı quru əlaqəsini kəsmək məqsədi ilə Zəngəzur vilayətinin də Ermənistana hədiyyə edilməsindən bəhs etmişdik. Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik işğalına məruz qalaraq süqut etməsindən, həmçinin xalqın içindən çıxmış milli düşüncəyə, istiqlal məfkurəsinə malik əksər aydınların və ictimai xadimlərin repressiyalara məruz qalmasından sonra ölkədə Kommunist partiyası başda olmaqla siyasət və təhlükəsizlik bürokratiyası da qeyri - millətlərin əlinə keçmiş, ermənilər uzun illər Sovet Azərbaycanının idarəçiliyində də söz sahibi olmuşdular. Təəssüf ki, Moskvanın təlimatı və yerli məmurlarda milli reflekslərin olmaması nəticəsində İrəvan və Zəngəzur vilayətinin ardınca Sovet dövrü Naxçıvan Muxtar Respublikası, Zəngilan, Laçın və Qazax rayonlarının bəzi kəndlərinin Ermənistana verilməsi prosesi davam etmiş, hüquqi baxımdan Azərbaycan SSR-nin ərazisi olaraq qalan bəzi yaylaq və əkin sahələri vahid Sovet dövləti, xalqların qardaşlığı şüarları altında ermənilərin istifadəsinə verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113.9 min kv.km ikən ilk qurulduğu dövrdə Sovet Sosialist Respublikasının sərhədləri 86.6 kv km-ə qədər azaldılmış, yuxarıda qeyd etdiyimiz kimi, bu ərazilərin də bir qismi daha sonra Ermənistana peşkəş edilmiş və ya de-fakto istifadəsinə verilmişdir.

10 Noyabr sazişinə görə sərhədlərin demarkasiyası Sovet dövrü tərtib edilən xəritə əsasında aparılsa da, bu xəritəyə görə də 90-cı il işğalından əvvəl ermənilərin qanunsuz olaraq ələ keçirdiyi və ya müxtəlif səbəblərdən onların istifadəsinə verilmiş yaylaqlar, əkin əraziləri və meşə zolaqları üzərində də Azərbaycan ordusu nəzarəti təmin etməyə davam edir. Zəngilan və Qubadlının ardınca dağlıq relyefə malik olan Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədlərinin müəyyənləşdirilməsi yalnız dağlardakı qarın əriməsi ilə mümkün ola bilmiş, Ermənistan hakimiyyətinin məqsədyönlü şəkildə ətrafında hay-küy yaratdığı Qaragölə növbə çatmışdır. Seçki ərəfəsində rəqiblərinin əlavə ittihamlarına meydan verməmək, guya Ermənistan ərazilərinin sadiq keşikçisi olduğunu xalqına nümayiş etdirmək məqsədi ilə “Azərbaycan ordusu 3.5 km Ermənistanın içərilərinə daxil oldu” yalanı ilə müharibə dövründə olduğu kimi yenə Rusiyadan tutmuş Fransaya qədər xarici ölkə liderlərini aramaqdan yorulmayan Paşinyan Cıdır düzündə yallı oynayıb Bakıya meydan oxuduğu günləri unudub “Şuşa Azərbaycan torpağıdır” dediyi kimi seçkidən sonra da sərhədlərin demarkasiyası gedir, “Qaragöl Azərbaycanındır, Sovet xəritəsi onu göstərir” deyərsə buna təəccüblənməmək lazımdır. Paşinyan yaxşı bilir ki, məsələ Azərbaycan ordusunun Ermənistan ərazilərinə girməsi məsələsi deyil, razılaşmaya əsasən Sovet xəritəsi əsasında sərhədlər dəqiqləşir və oralar da Azərbaycan torpaqlarıdır. Ancaq seçki ərəfəsində Ermənistan öz sərhədlərinə çəkildikcə “Paşinyan xaindir” şüarları ilə onu hakimiyyətdən devirməyə çalışan şovinizm təbliğatı ilə zəhərlənmiş ciddi siyasi kütlənin varlığı da unudulmamalıdır. Paşinyan qopardığı hay-küylə həm geopolitik reveranslar edir, həm də rəqiblərinin arqumentlərini əllərindən alır. Bir tərəfdən Ermənistanın da üzv olduğu, Rusiya NATO-su adlandırılan KTT üzvü ölkələrinin liderlərinə zəng edərək yardım istəmək, digər tərəfdən də bu ittifaqın rəqibi olan NATO ölkələri Amerika və Fransadan mədət ummağı ancaq erməni siyasəti ilə izah etmək mümkündür. Qeyd edək ki, KTT üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarusiya ilə Azərbaycanın da yaxşı münasibətləri mövcuddur.

Laçının Ağoğlan çayının mənbə hissəsində, İşıqlı dağının ətəyində yerləşən Qaragöllə bağlı məhz Sovetlərin vaxtında Azərbaycan Nazirlər Sovetinin qərarı əsasında Dövlət Təbiət Qoruğu İdarəsi yaradılmış, qoruğu Azərbaycan Türkləri idarə etmişdir. Qarabağ zəfəri Azərbaycan torpağı olan Qoruq ərazisinin də azad edilməsini gərəkli edir. Qaldı ki, məsələ Qaragöllə də yekunlaşmayacaqdır. Naxçıvanın Ermənistanla sərhəddə yerləşən, 90-cı illərdə işğal edilmiş Kərki kəndi ilə birlikdə Qazax rayonunun da 7 kəndi işğaldan azad edilərək Azərbaycana təhvil verilməli, 10 Noyabr müqaviləsinin şərtlərinə əsasən Ermənistan ordusunun qalıqları hazırda rus sülhməramlılarının nəzarətində olan Azərbaycan torpaqlarını tərk etməlidir. Hazırkı geopolitik şəraitdə iqtidarından tutmuş müxalifətinə qədər erməni qərar vericilərinin Zəngəzur dəhlizinin açılmasının da labüdlüyünü dərk etdiyini düşünürəm.

Qaragöl səs-küyünü dərin siyasi-iqtisadi böhran yaşayan, daxili siyasi hesablaşma mərhələsində olan Ermənistanın növbəti çırpınışı Paşinyanın seçki şıltaqlığı olaraq görmək mümkündür. Fransa və Amerika Rusiya – Türkiyə yaxınlaşmasının meydana gətirdiyi yeni Cənubi Qafqaz reallığında itirdikləri təsir imkanları və təşəbbüsləri təkrar geri qazanmaq məqsədi ilə durumdan yararlanmağa, hər yeni prosesi fürsət olaraq görməyə davam edərək ermənilərin lehinə açıqlamalar versələr də qatar yoluna davam edir və İpək yolu güzərgahında, tarixi Türk coğrafiyalarında regional və qlobal mənada da yeni reallıqlar dövrü-Türk yüksəlişi başlamışdır. Ermənistan buna görə siyasətini şəkilləndirərək müxtəlif həvəslərlə xarici paytaxtlardan mədət ummaq yerinə Türkiyə və Azərbaycanla böyük sülh sazişinə, əməkdaşlığa hazırlanmalıdır.



Әlaqәli Xәbәrlәr