Erməni soyqırımı yalanıyla gizlədilməyə çalışılan tarixi həqiqətlər

Türk İslam Araşdırmaları Mərkəzi başqanı, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun "Erməni soyqırımı yalanıyla gizlədilməyə çalışılan tarixi həqiqətlər" başlıqlı analitik yazısı.

1626029
Erməni soyqırımı yalanıyla gizlədilməyə çalışılan tarixi həqiqətlər

Səlcuqludan Osmanlı dövlətinə min illik bir dövr ərzində Anadolu və Qafqaz coğrafiyasında qurulan Türk İslam dövlətlərinin himayəsi altında rahat və firavan bir həyat yaşayan, tarixlərində heç bir zaman görmədikləri qədər Türklərdən etibar görən ermənilər, XIX əsrdə Osmanlı dövlətinin geriləmə dövrünə girməsi, imperiyalist qüvvələrin bu nəhəng Türk dövlətini parçalayaraq ərazilərini ələ keçirmək siyasətini aktiv şəkildə icra etməyə başlamasıyla birlikdə bu siyasətin ən önəmli alətlərindən birinə çevrilmişdir. Terror, üsyan və xəyanət yolunu seçən  Araratlılar, Qara Xaç, Armenekan, Hınçaq, Daşnaksütun kimi Erməni təşkilatlarının fəaliyyətləri nəticəsində yüz minlərlə Müsəlman Türk əhali həyatını itirmiş, yüzlərlə kənd və qəsəbə yandırılaraq talan edilmiş, Cənubi Qafqaz və Şərqi Anadolu vilayətləri qan və göz yaşı coğrafiyası halına gəlmişdir. Kütləvi qətliamlar yoluyla İrəvan Xanlığı və Zəngəzur torpaqlarından Müsəlman əhalinin köçə məcbur edilərək erməniləşdirilməsi həm Rusiyanın etno-demoqrafik baxımından Qafqazda qalıcı hala gəlməsini təmin edəcək,  həm də Şərqi Anadolu vilayətlərinə doğru Rusiyanın irəliləyişinin yolunu açaraq burada qurulacaq bir kukla Erməni dövləti vasitəsiylə Rusiyanın  Boğazlar, Aralıq dənizi və  Bəsrə Körfəziylə bağlı imperyal niyətlərini həyata keçirəcəkdi. Bu hədəf çərçivəsində Balkan coğrafiyasındakı Osmanlı təbası olan Slavyan əhalinin milliyətçilik şüarları altında öz dövlətlərinə qarşı üsyana təşviq edilməsi fəaliyətlərinin bir bənzəri də Şərqi Anadoluda ermənilər üzərindən həyata keçirilmək istənmişdir. Burada  heç şübhəsiz Fransa, İngiltərə, Amerika kimi dövlətlərin də öz milli maraqları çərçivəsində  erməniləri himayə edərək təşkilatlandırmaq, müxtəlif misyoner məktəbləri, cəmiyyətlər açaraq  şovinizm fikrini,  Erməni separatizmi meyllərini dəstəkləmək fəaliyyətləri də unudulmamalıdır. Rusiya, İngiltərə və Fransanın  kəşfiyyat orqanlarıyla da sıx təmasda olduqları arxiv sənədləriylə sübuta yetirilən,  Erməni milliyətçiliyinin əsas mərkəzlərindən biri halına gələn  Erməni kilsələri, din adamları Van və Zeytun kimi bölgələrdə təşəbbüs edilən üsyanların lokomotivi, təşkilatçısı oldular. 1877-78 Rus–Osmanlı müharibəsi Osmanlının məğlubiyyətiylə nəticələnincə patrik Nerses açıq bir şəkildə əhalisinin üçdə birini belə ermənilərin təşkil etmədiyi Şərqi Anadolu vilayətlərində ya Erməni dövlətinin qurulmasını ya da oraların Rusların nəzarətinə verilməsini tələb etdi. Ayastefanos müqaviləsindən sonra başlayan Berlin müzakirələri və Osmanlı torpaqlarını ələ keçirmək istəyən İngiltərəylə Rusiya arasındakı Erməni məsələsi üzərindən davam edən  mübarizənin təfərruatına girmədən imperiyal dəstək və planlar istiqamətində Cənubi Qafqazdan Şərqi Anadoluya Erməni terrorunu getdikcə şiddətləndiyini təkzib edilməz tarixi faktlar əsasında irəli sürə bilərik.

Anadoludakı Erməni üsyan və terror hərəkətləri 1895-ci ildən etibarən artıq paytaxt İstanbula da daşınmağa başlamış, stabilliyin pozulması üçün müxtəlif ixtişaşlar törədilmiş, məhşur Osmanlı Bankının ələ keçirilməsi, sultan II Əbdülhəmidə suiqəsd kimi səs-küylü terror aktları həyata keçirilmişdir.  Bu dövrdə yalnız Türkiyə torpaqlarında deyil Bakı, Tiflis, Rəvan, Gəncə, Batum kimi Qafqaz şəhərlərində də Çarlıq qurumlarından dəstək alaraq təşkilatlanan Ermənilər silahlı dəstələr formalaşdırmaqda, Müsəlman kənd və məhəllələrinə hücumlar təşkil etməkdə idi. 1905–1907-ci illər Rusiyanın işğalı altındakı Azərbaycan torpaqlarında da Erməni terrorunun zirvədə olduğu illərdir ki, bu haqda Rusiya arxiv sənədləri əsasında çox sayıda tədqiqat əsərləri qələmə alınmışdır. Regionun müxtəlif şəhərlərində fəaliyyət göstərən Osmanlı diplomatik təmsilçiliklərinin hazırlamış olduğu çoxsaylı raportlardan da Erməni silahlılarının fərqli coğrafiyalarda yaşasalar da vahid plan çərçivəsində bütün Türk varlığını hədəf aldığını görmək  mümkündür. Əsas hədəf isə şübhəsiz Türk İslam dünyasının qərargahı olan Anadolunu ələ keçirmək, Osmanlı dövlətini yıxmaqdı. Bu səbəblə Bakı, Tiflis, Batum kimi şəhərlərdə işləyən, yaşayan ermənilərdən pullar toplanaraq silahlar alınır, bu silahlar ərzaq çuvallarının içində yardım adı altında Van və Ərzurumdakı Erməni dəstələrinə göndərilirdi. Rusiya ordusundan tərxis edilərək işğal və üsyan planlarını həyata keçirmək üçün Anadoluya göndərilən yüzlərlə erməni zabit və əsgərləri haqqında da Rusiya arxivlərində çox sayıda sənədlər mövcutdur.

I Dünya müharibəsinin başlamasıyla birlikdə Qafqaz cəbhəsində Rusiya ordusunun tərkibində vuruşan ermənilər yerli Erməni silahlı dəstələriylə birləşərək  mülki əhalidən ibarət olan köməksiz Türk kəndlərinə qəddar hücumlar təşkil edir, uşaq və qoca ayrımı etmədən xüsusi amansızlıqla kütləvi qırğınlar törədirdi. Rusiyanın işğalı sırasında düşmənlə əməkdaşlıq edərək Osmanlı əsgərlərini öldürən, Van, Bitlis və Muşu üsyanla ələ keçirərək Rusiya ordusuna yol açmaq istəyən, orada asayişi təmin etmək üçün göndərilən Jandarma qüvvələrinə tələ quraraq şəhid edən Erməni çətələrinin xaincə əməlləri Osmanlı dövlətinin səbr kasasını doldurmuş, Dövlət- i Aliyə  müharibə dövrünün şərtlərinə uyğun olaraq təhlükəsizlik və müdafiə planlarını həyata keçirə bilmək üçün Erməni əhalinin o bölgələrdən köçürülməsiylə bağlı qərar qəbul etmişdir.

Təsvir etməyə çalışdığımız ümumi tarixi proses və həqiqətlər mənzərəsi içində imperiyalist mərkəzlərin regionla bağlı siyasətinin bir parçası halına gələn erməni xalqının müstəmləkə kodları, şovinist təlqinlərlə  uydurulan tarix yalanları və Türk düşmənçiliyinin girovu halına gəldiyi hər keçən gün bir az daha aydın bir şəkildə ortaya çıxmaqdadır. Ermənistan dövlətinin içində bulunduğu acınacaqlı vəziyyət həm də bu yalan ideologiyasının, imperiyalist dövlətlərin əlində alətə çevrilmə halının iflasıdır. Türkiyə-Azərbaycan ittifaqı bütün bu tarixi xəyanət və acılara rəğmən yenə də Ermənistan üçün normallaşma qapısını aralamaqda, sülh və əməkdaşlıq şəraitində regionada varlıqlarını sürdürmək üçün daha bir şans sunmaqdadır. Bunun yeganə yolu isə, Diasporası Erməni dövlətiylə birlikdə nəhayət soyqırım yalanlarından vaz keçərək qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə geri dönmək, Ermənistanı başqa dövlətlərin  for-postu olmaqdan çıxarmaqdır.



Әlaqәli Xәbәrlәr