Tuva (tıva) türkləri, dili və məskunlaşma yerləri
"Türk dilinin sehrli dünyası" proqramımızın yeni bölümündə özlərini "Tıva" və "Tıva kiji" kimi təqdim edən Tıva və ya Tuva türkləri, dili və yaşadıqları yerlər və dilindən danışacağıq
Bu gün tarix boyu fərqli cəmiyyətlər və alimlər tərəfindən müxtəlif adlarla qeyd edilən, lakin özlərini "Tıva" və "Tıva kiji" kimi təqdim edən Tıva və ya Tuva türkləri, dili və yaşadıqları yerlər və dilindən danışacağıq.
Əsasən “Soyon” və “Soyot” adlandırılan Tuva türkləri haqqında tarixçi Rəşidəddin “Uryanhit”, Fişer (Fischer) “Sayan tatarları”, filoloq Adelunq (Adelung) “Saqan tatarları”, 19-cu əsrdə qərbdə “Soyotlar”, monqol və mançu rəsmi mənbələrində isə “Uryanhay” deyə qeyd olunub. Onlar əsasən Rusiya Federasiyası tərkibində yerləşən və paytaxtı Kızıl şəhəri olan Tıva Çuxtar Respublikasında yaşayırlar. Bundan başqa, Çin və Monqolustanda da Tıva türkcəsinin müxtəlif ləhcələrində danışanlar vardır. Öz respublikası xaricində yaşayan tuvalara olduqları ölkələrdə yaşadıqları bölgələrə əsasən ad verilib. Məsələn, Monqolustanın Tsengel bölgəsində yaşayanlara “Tsengel tıvaları”, Xubsuqulda olanlara “Duxa”, Xovd bölgəsindəkilərə “Kobdo”, Çindəki tıvalara isə “Junqar” və qazaxlar tərəfindən “Köy-monçaklar” deyilir.
Tarixi mənbələrdə tuvaların mənşəyi və etnik formalaşması haqqında bəzi məlumatlar var. Onlardan birinə görə bu xalq eramızın 5-ci əsrində Yenisey çayının yuxarı hissələrində - bugünkü uyğur və qırğız türklərinin nənə-babaları ilə qonşuluqda yaşayıblar. Adları ilk dəfə 6-cı əsrdə Çin əsərlərində “Dubolar” və ya “Tubalar” kimi qeyd edilib, etnik formalaşmada samoyed, ket və monqol irqlərinin təsir göstərdiyi bildirilib.
Tarix boyu Hun, Göytürk, Uyğur, Qırğız və Monqol dövlətlərinin hakimiyyəti altında olmuş torpaqlarda 1921-ci ildə Tıva Xalq Respublikası qurulub. Bugünkü Tıva Respublikasının əhalisi 1 yanvar 2023 tarixli statistik məlumatlara görə, 337.300 nəfərdir. Bu əhalinin 88.66 faizini tuva türklərinin təşkil etməsinə baxmayaraq, onlar Sibirdəki türk xalqları arasında ən çox olduqlarının fərqində deyillər.
Tuva türkləri Şamanizm, Lamaizm və Xristianlıq dinlərinə mənsubdur.
Türk yazı dilinin ilk meydana gəldiyi torpaqlarda danışılan və qədim türk dilinə yaxınlığı ilə də diqqət çəkən Tıva dili coğrafi və linqvistik əsaslarla təsnifata əsasən, Şimal-Şərq və ya Sibir qrupunda yer alır. 1930-cu ildə latın qrafikası ilə Tıva dilində yazan edən xalq 1941-ci ildən Kiril qrafikalı əlifbanı işlətməyə başladı. Ona görə də, Tıva türkcəsi həm yazılı, həm də şifahi olaraq bu gün də mövcudluğunu davam etdirir. Hətta bu dil hal-hazırda geniş şəkildə rəsmi yazışmalarda, müxtəlif ictimai-siyasi fəaliyyətlərdə və tədris dili kimi istifadə olunur. Tıva türkcəsində ədəbi əsərlər qələmə alınmaqda, çoxsaylı qəzet və jurnal nəşr edilməkdə, radio və televiziya proqramları verilməkdədir.
Tuvalılar ana dillərini qoruyurlar. Hər nəsil arasında əsas ünsiyyət dili Tıva dilidir. Tıvaca və rusca iki dillilik isə daha çox böyük şəhərlərdə mövcuddur. İkidilli olanlar arasında da Tıva türkcəsi birinci yerdədir. Buna görə də bu dil UNESCO-nun 2010-cu il “Təhlükə altında olan dillər” siyahısının “Təhlükədə olmayan dillər” kateqoriyasında daxil edilmişdir.
Əziz dinləyicilər, professor Gülsüm Killi Yılmazıın töhfələri ilə əməkdaşımız Saida Burhanidinova tərəfindən hazırlanmış Tıva və ya Tuva türkləri, dilləri və yaşaqları yerlərə həsr etdiyimiz bölümün sonuna gəldik. Növbəti bölümlərdə Türk ləhcələrinin danışıldığı müxtəlif coğrafiyalarda görüşmək ümidi ilə sağ olun.
Foto https://nasledie.digital/articles/narody-rossii-tuvintsy/ saytına məxsusdur