Salar türkləri, yaşadığı yerlər və dili
“Türk dilinin sehirli dünyası” rubrikamızda Çin tərəfindən rəsmi olaraq türk və sünni-müsəlman kimi qəbul edilən bəzi mənbələrdə Çindəki oğuzlar və ya Çin türkmənləri adı ilə tanınan Salar türkləri, yaşadığı yerlər və dilindən bəhs edirik
Salar türkləri və dili
Bildiyiniz kimi, Çin Xalq Respublikası ərazisində 56 etnik dil mövcuddur. Rəsmi qeydlərə əsasən, bunlardan yeddisi, qeyri-rəsmi qeydlərə görə isə doqquzu türk dilidir. Onlar uyğurca, qazaxca, qırğızca, özbəkcə, tatarca, salarca, sarı uyğurca, tuvaca və fu-yü qırğızcasıdır. Bir sıra alimlərin fikrincə, tuvaca və fu-yü qırğızcası Çindəki etnik dillərin təsnifi və təyini zamanı bir yerdə yaşadıqları monqollara mədəniyyət baxımından çox oxşadıqları üçün nəzərə alınmamış ola bilər. Buna görə də rəsmi qeydlərdə onlara türk dilləri arasında yer verilməmişdir.
Əziz dinləyicilər, “Türk dilinin sehirli dünyası” proqramımızın bugünki bölümündə Çin tərəfindən rəsmi olaraq türk və sünni-müsəlman kimi qəbul edilən bəzi mənbələrdə Çindəki oğuzlar və ya Çin türkmənləri adı ilə tanınan Salar türkləri, yaşadığı yerlər və dilindən bəhs edəcəyik.
Çindəki ən azsaylı türk toplumu olduğu bilinən Salarlar bu gün əsasən Çinin Qinghai və Qansu vilayətlərində yaşayır. Onların təxminən 110.000 olduğu düşünülür və Çində “Salar xalqı” və ya “Salar yerliləri” mənasını verən “Yuquzu” adı ilə tanınırlar. Həmçinin Salar türkləri tarixi mənbələrdə Salar, Salır, Salğur və Salur adları ilə qeydə alınıb. Çox az bir əhali ilə Çin sülalələri dövrünü keçirən Salar türklərinin Çin Mədəniyyət İnqilabından sonra kommunist rejimi idarəsi altında parçalanmadan, assimilyasiya olmadan günümüzə qədər gələ bilmələrinin ən əsas səbəbi onların mədəniyyət və inanclarına olan bağlılıqlarıdır.
Araşdırmaçılar Salarların Çindəki tarixini XIII əsrdən hesablayır. Sözügedən bölgəyə monqol istilası səbəbilə Səmərqənd və ətrafından gəlmiş ola biləcəyi ehtimal edilən Salar türklərinin Oğuzların Salur boyunun nəvələri olduğuna inanılır. Nəticədə Salur türkləri Oğuz Xan dastanına görə Oğuzların 24 boyundan biri, Kaşğarlı Mahmuda görə isə 22 Oğuz bölüyündən beşincisidir. Bundan əlavə, Oğuz boyları, xüsusilə Səlcuq və Osmanlı kimi türk dövlətlərinin əsasını təşkil edən böyük topluluqlardır. Salar və ya Salur boyu da bu böyük Oğuz ailəsinin bir hissəsi olaraq tanınır və mühüm bir savaşçı boyu olaraq bilinir. Bugünkü Türkiyənin müxtəlif bölgələrində yerləşən və “Salur” adını daşıyan kənd və qəsəbələrin kökü də qeyd etdiyimiz Oğuz türklərinin Salur boyu ilə əlaqəlidir. Əlavə olaraq, müasir dövrdə yaşayan Türkmənistan türklərinin də köklərinin Oğuzların Salur boyundan gəldiyi düşünülməkdədir.
Salar türkləri 1750-ci ildə İslam dinini qəbul ediblər və hələ də mədəniyyətlərinə olduğu qədər inanclarına da sadiqdirlər. Danışdıqları dil müasir türk dili sahəsinin coğrafi və linqvistik əsaslarına görə Cənub-Qərb və ya Oğuz qrupuna aiddir. Bu gün əsasən Çinin qərb bölgəsində danışılan Salar türkcəsi hələ yazı dili deyil və yalnız danışıq kimi mövcuddur.
UNESCO-nun 2010-cu ildə dərc etdiyi “Təhlükə altında olan dillərin qırmızı kitabı”nın “Ölmək üzrə olan dillər” kateqoriyasında qeydə alınan Salar türkcəsini xüsusilə yaşlı nəsil geniş şəkildə danışır, gənc nəsillər arasında isə Mandarin dilinin yayğınlaşdığı məlumdur. Bu vəziyyət dilin istifadəsinə təsir etməsinə baxmayaraq, Salar türkcəsi onların mədəni kimliklərini qoruma səylərinin bir hissəsi olaraq yaşamaqdadır.
TRT “Türkiyənin səsi” radiosunun “Türk dilinin sehirli dünyası” rubrikasında professor Gülsüm Killi Yılmazın töhfəsi ilə Saida Burhanidinova tərəfindən hazırlanmış “Salar türkləri, yaşadıqları yer və dili” məqaləsini dinlədiniz. Növbəti bölümdə Türk dil və ləhcələrinin danışıldığı fərqli coğrafiyalarda görüşmək ümidi ilə sağ olun.