Xorasan türkləri, dili və yaşadıqları yerlər
TRT "Türkiyənin səsi" radiosunun "Türk dilinin sehirli dünyası" rubrikasında bu gün Xorasan türkləri, yaşadıqları yerlər və dilindən danışırıq. Məqaləni məsləhətçi professor Gülsüm Killi Yılmazın töhfələri ilə TRT əməkdaşı Səidə Burhanəddinova hazırlayıb
Xorasan türkləri
Xorasan adı qədim fars dilində "xor" (günəş), "asan" (ayan, gələn, doğulan) sözlərindən meydana gəlib və "günəşin doğduğu yer”, “günəş ölkəsi”, “şərq bölgəsi" mənasını daşıyır. Tarixdə Xorasan İranın şimal-şərqində yerləşən geniş coğrafi bölgənin adıdır, torpaqları üç hissəyə ayrılıb: Mərv (Məri), Nəsə və Sərhəs ərazisi Türkmənistan, Bəlx və Herat Əfqanıstan, qalanı isə İran sərhədləri içindədir. Ən geniş hissə İran sərhədlərinə daxildir.
Bilindiyi kimi, İran dünyada dilçilik baxımından ən son kəşf edilən bölgələrdən biridir. Bu vəziyyət xüsusilə İran torpaqlarında yaşayan türk xalqlarının dilləri üçün belədir.
“Türk dilinin sehirli dünyası” adlı proqramımızın bugünkü bölümündə adını hər hansı bir türk boyundan deyil, yaşadığı coğrafiyadan almış və elmi dünyasına 20-ci əsrdə təqdim olunmuş Xorasan türkləri, yaşadıqları yerlər və Xorasan türkcəsi haqqında danışacağıq.
Xorasan türkləri günümüzdə əsasən İranın şimal-şərqində yerləşən Şimali Xorasan və Rəzəvi Xorasanda yaşayırlar. Bu bölgələrdə yaşayan türk əhalisi haqqında dəqiq bir məlumat yoxdur, lakin alman alim Qerhard Derfer (Gerhard Doerfer) 1977-ci ildə apardığı tədqiqat nəticəsində bu xalqın əhalisinin 2 milyon olduğunu bildirir. Onların bu gün yaşadıqları coğrafiyaya 11-ci əsrdə Səlcuq dövlətinin rəhbərliyində gəldiyi məlumdur. Bu dövrdən sonra Xorasana intensiv bir türk miqrasiyasının başlaması ilə sözügedən bölgə tamamilə bir Səlcuq torpağına çevrilib. Hazırda İranın Xorasan bölgəsində yaşayan türklərin də Oğuz Səlcuqlarının nəsilləri olduğu düşünülür.
Xorasan türkcəsi alimlər tərəfindən çox araşdırılmış olsa da, xüsusiyyətləri haqqında kifayət qədər məlumata sahib deyilik. Bu türklər, onların dili və mədəniyyətləri elm dünyasına ilk dəfə 1926-cı ildə Rusiya şərqşünası Vladimir Alekseyeviç İvanov tərəfindən tanıdılmış, ətraflı olaraq Qerhard Derfer (1977) araşdırmış və dilləri haqqında əhəmiyyətli məlumatlar təqdim etmişdir. Bu məlumatlara görə, Xorasan türkcəsi İranın Xorasan bölgəsində yaşayan Oğuz türkləri tərəfindən danışılan və Oğuz dilinin özünəməxsus xüsusiyyətlərini daşıyan bir qoludur. Türk ləhcələrinin coğrafi və linqvistik əsasa görə təsnif edilməsində Cənub-Qərb və ya Oğuz qrupunda yer alır və Xorasandan başqa Türkmənistanın şimalında dar bir bölgədə də danışılır. Xalq yaşadığı coğrafiyada Azərbaycan və türkmən dillərindən ayırmaq üçün öz ləhcəsinə "Türki" adını verib.
Xorasan köç və istilaların yolları üzərindəki birləşmə nöqtəsində yerləşdiyi üçün müxtəlif irq və xalqlardan ibarət bir əhaliyə malikdir. Buna görə bu bölgədə fərqli dillər danışılır. Eyni zamanda, İrandakı rəsmi dilin fars dili olması və sosial, iqtisadi və mədəni təsirləri olduğu üçün Xorasan türkcəsinin istifadəsi getdikcə azalır. Eləcə də türk dilində təhsilin olmaması, türk mətbuatının çox az səviyyədə istifadəsi və bəzi türk ailələrinin fars dilini ana dili kimi qəbul etməsi nəticəsində artıq danışıq dili olaraq varlığını davam etdirən Xorasan türkcəsinin istifadəsi daha da daralmaqdadır. Nəticədə, Xorasan türkcəsi UNESCO-nun 2010-cu il "Təhlükə altında olan dillər” siyahısında "Ölmək üzrə olan dillər" kateqoriyasında qeyd olunmuşdur.