Pluton planet deyil, çünki ... (mətin və audio)

Bu gün sizə Günəş sisteminin ən çox müzakirə edilən cismi Plutondan danışırıq

2189768
Pluton planet deyil, çünki ... (mətin və audio)

Cırtdan planet - Pluton

 

  Plutonun kəşfi, planet olaraq qəbul edilməsi və sonra bu statusunun dəyişməsi astronomiya dünyasında böyük əks-səda doğurub. Belə ki, Pluton daha planet deyil, çünki …

  Pluton 1930-cu ildə amerikalı astronom Klayd Tombo (Clyde Tombaugh) tərəfindən kəşf edilib. Bu göy cismi Günəşdən təxminən 6 milyard kilometr uzaqlıqda yerləşir. Günəş ətrafında dönməsi və aydın bir formaya malik olmasına görə XX əsrin 30-cu illərində Günəş sisteminin doqquzuncu planeti kimi qəbul olunub. O illərdə planetin tərifində bugünkü qədər dəqiq və qəti sərhədlər müəyyən edilmədiyi üçün Pluton bu statusunu uzun müddət qorudu.

  Kiçik ölçüsü və eliptik orbitiylə diqqət çəkən, təxminən 2,4 kilometr diametrində olan Pluton Yer kürəsinin peyki Aydan daha kiçik bir göy cismidir. Onun ölçüsü ilə yanaşı orbiti də Günəş sistemindəki digər planetlərdən çox fərqlidir. Vaxtilə məlumat və təriflər çərçivəsində bu fərqliliklər qulaqardına vurulmuşdu. Lakin 2006-cı ildə Beynəlxalq Astronomiya Birliyi bir planetin nə olduğu barədə dəqiq bir tərifdə ortaq qərara gəldi. Yeni tərifə görə bir göy cisminin planet kimi qəbul edilməsi üçün üç şərti yerinə yetirməsi tələb olunur. Şərtlər bunlardır: Günəş ətrafında dövr etməsi, öz cazibə qüvvəsi ilə dairəvi bir forma alacaq qədər kütləyə sahib olması və orbitindəki digər cisimləri təmizləməsi. Pluton ilk iki şərti yerinə yetirsə də, orbitindəki digər cisimləri təmizləyə bilmədiyi üçün planet statusundan çıxarıldı. Elə 2006-cı ildən etibarən Pluton “cırtdan planet” olaraq təsnif edilir. Artıq planet olmasa da, Pluton kosmos tədqiqatlarında əhəmiyyətini qorumaqdadır. 2015-ci ildə NASA-nın göndərdiyi bir kosmik aparat Plutona gedərək bu kiçik uzaq cismin ətraflı görüntülərini əldə etdi. Bu kəşflə Plutonun səth xüsusiyyətləri, atmosferi və peykləri haqqında yeni məlumatlar toplandı.

  “Cırtdan planet”lə bağlı proseslər təbiət elmlərində yeni biliklərin vəsaitlərə nə qədər sürətlə daxil olduğunu və əsas səviyyədə təhsilə nə dərəcədə tez təsir etdiyini göstərmək baxımından da əhəmiyyətlidir.

 



Әlaqәli Xәbәrlәr