Yaxın Şərqdəki gərginlik

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru, professor Murat Yeşiltaşın məqaləsini təqdim edirik

2182308
Yaxın Şərqdəki gərginlik

Yaxın Şərq regionu yenidən İsrail, Hizbullah və İran arasında yaşanan münaqişənin kəskinləşməsi ilə artan gərginliyin şahidi olur. Bu münaqişə təkcə lokal məsələ deyil, onilliklər ərzində regionu formalaşdıran daha dərin və mürəkkəb dinamikanın təzahürüdür. Mövcud münaqişələr təkcə iştirakçı tərəfləri deyil, həm də  digər regional və qlobal aktyorları məsələyə cəlb edən daha geniş strateji mübarizənin simvoludur. Son aylarda tərəflər arasında qarşıdurmaların artması ilə Yaxın Şərq regionu son dərəcə gərgin dövrə daxil olub.

Bu münaqişənin mərkəzində İran və ‘‘Hizbullah’’ arasındakı əlaqə dayanır. İran ''Hizbullah''ı Levantdakı təsirini genişləndirən, İsrail və Qərbin təcavüzünə qarşı çəkindirici rol oynayan mühüm vəkil qüvvə hesab edir. ''Hizbullah'' qurulduğu gündən bəri İranın hərbi, maliyyə və ideoloji dəstəyindən faydalalanaraq onun Livanda və daha geniş regionda  siyasi və hərbi gücə çevrilməsinə şərait yaradıb.

İsrail isə ''Hizbullah''ı təhlükə olaraq görür. ‘‘Hizbullah’’ın geniş raket imkanları və Livanın cənubundakı mövcudluğu İsrailin təhlükəsizliyinə birbaşa problem yaradır. İsrail qabaqlayıcı zərbələr və kəşfiyyat əməliyyatları ilə bunun qarşısını almağa çalışır lakin bu vaxtaşırı  hərbi gәrginliyә səbəb olur. Bu əməliyyatlar təkcə “Hizbullah”ı zəiflətmək deyil, həm də rəsmi Tehrana İsrailin ətrafındakı təsirinin sərhədləri barədə aydın mesaj vermək məqsədi daşıyır.

İranın strateji hesablamaları onun daha geniş regional ambisiyaları ilə formalaşır. Tehranın ‘‘Hizbullah’’a dəstəyi onun İraqdan Yəmənə qədər Yaxın Şərqdə vəkil qüvvələr yetişdirmək üçün uzunmüddətli strategiyasının bir hissəsidir. Bununla İran rəqibləri, xüsusən də Səudiyyə Ərəbistanı və İsraili tarazlaşdırmağı və ona qarşı istənilən birbaşa hərbi əməliyyatı çətinləşdirəcək bufer zonası yaratmağı hədəfləyir. İsrail ərazisinə zərbə endirmək imkanı olan Livandakı ‘‘Hizbullah’’ bu strategiyanın əsas komponentidir.

Bu münaqişənin regional siyasətə təsirini nəzərdən qaçırmaq olmaz. İsrail-‘‘Hizbullah’’-İran münaqişəsi Yaxın Şərqdə mövcud məzhəb gərginliyini daha da artırır. Hizbullah özünü şiə müqavimətinin lideri  kimi göstərsə də, İsrailin hərəkətləri İraq, Suriya və Livandakı sünni və şiə icmalarını qütbləşdirir. Bu məzhəb fərqi bu ölkələrdə sabitliyi pozmaqla yanaşı, regional diplomatiya və barışıq səylərini də çətinləşdirir.

Hərəkatın Suriyadakı mövcudluğu, İsraillə hərbi əməliyyatları və İranla dərin əlaqələri Livanı daha geniş regional münaqişələr üçün döyüş meydanına çevirib. İqtisadi çöküş və sosial iğtişaşlar nəticəsində onsuz da zəifləmiş ölkənin kövrək siyasi sistemi İsrailin ‘‘Hizbullah’’a qarşı münasibәti ilә daha da sabitsizləşir. Bu qüvvələr arasında sıxışan mülki əhali münaqişənin ağır yükünü daşıyır.

İsrail-‘‘Hizbullah’’-İran münaqişəsinin qlobal geosiyasətə əhəmiyyətli təsiri ola bilər. İsrailin sadiq müttəfiqi olan ABŞ ‘‘Hizbullah’’ və İranı Yaxın Şərqdəki daha geniş strategiyasının mərkəzi olaraq görür. Vaşinqtonun İsrailə həm hərbi, həm də diplomatik dəstək verməsi onun İranın bölgədəki təsirinə qarşı mübarizə səylərinin bir hissəsidir. Bu qeyri-sabit vəziyyətin yaranmasına sәbәb olur və potensial olaraq daha geniş regional və hətta qlobal münaqişəyə gətirib çıxara bilər.

Bu münaqişədə Rusiyanın rolu xüsusilə nəzərə çarpır. Suriyada həm İranın, həm də Əsəd rejiminin əsas müttəfiqi olan Rusiya İsraillə münasibətlərini diqqətlə idarə edir, vaxtaşırı münaqişə tərəfləri arasında vasitəçi rolunu oynayır. Lakin Moskvanın uzunmüddətli strateji maraqları regionda öz təsirini qoruyub saxlamaqdan ibarətdir və İsrail-‘‘Hizbullah’’-İran münaqişəsindəki hər hansı gərginlik Rusiyanı öz mövqeyini yenidən qiymətləndirməyə məcbur edə bilər.

Çin isə “Bir Kəmər və Yol” təşəbbüsü vasitəsilə Yaxın Şərqdə artan iqtisadi maraqlara malikdir. Pekinin bölgəyə yanaşması əsasən praqmatikdir, hərbi müdaxilədən çox iqtisadi diplomatiyaya üstünlük verir. Lakin İsrail-‘‘Hizbullah’’-İran münaqişəsinin yaratdığı qeyri-sabitlik Çinin investisiyalarını təhdid edə və onu regional diplomatiyada potensial olaraq vasitəçi kimi daha aktiv rol oynamağa məcbur edə bilər.

Qeyd etmәliyik ki,  İsrail-‘‘Hizbullah’’-İran münaqişəsi Yaxın Şərqin mürəkkəb geosiyasi mənzərəsində kritik rol oynayır. Bu, yalnız ikitərəfli və ya üçtərəfli məsələ deyil, regional sabitlik və qlobal təhlükəsizliyə təsirləri olan münaqişədir. Beynəlxalq ictimaiyyət əsas dinamikaya ciddi diqqət yetirməli və istənilən gərginliyin potensial nəticələrinə hazır olmalıdır.

 



Әlaqәli Xәbәrlәr