Qaqauz türkcəsi sosiolinqvistik baxımdan

TRT "Türkiyənin səsi" radisosunda məsləhətçi professor Gülsüm Killi Yılmazın töhfələri ilə əməkdaşımız Səidə Burhanəddinova tərəfindən hazırlanan proqramı Sevda Mirzə oxuyub təqdim edir

2178333
Qaqauz türkcəsi sosiolinqvistik baxımdan

 

  İstəkli dinləyicilər, "Türk dilinin sehirli dünyası"nda bu gün sizə qaqauz türkcəsini sosiolinqvistik baxımdan izah edəcəyik. Məsləhətçi professor Gülsüm Killi Yılmazın töhfələri ilə əməkdaşımız Səidə Burhanəddinova tərəfindən hazırlanan proqramı mən Sevda Mirzə oxuyub təqdim edirəm.

  Əksər alimlərin, o cümlədən qərb türkoloqlarının fikrincə, qaqauz dili Türkiyə türkcəsinin Rumeli dialektlərindən biridir. Sovet dövründə dil statusu verilən qaqauz türkcəsi SSRİ-də (Sovet Sosialist Respublikaları İttifaqı) yazı dilinə çevrilən son türk ləhcəsi oldu. Bu gün rumın və rus dilləri ilə birlikdə Qaqauz Muxtar Vilayətinin rəsmi dili olan qaqauzca müasir türk dili coğrafi və linqvistik prinsiplərinə görə cənub-qərb və ya oğuz qrupuna aiddir.

  Qaqauz türkcəsində nəşr olunan ilk əsər 1810-cu ildə Vyanada çıxan “Zəbur” adlı dini şeirdir. Bu ilk addımdan təxminən 100 il sonra Mixail Çakır qaqauzların öz ana dilində ibadət etmələri və buna nail olmaq üçün uzun müddət mübarizə apardı. Nəhayət, qaqauz türkcəsində dini kitabların nəşri üçün Rusiya Maarif Nazirliyindən icazə almağa nail oldu.

  Rusların istifadə etdiyi kiril əlifbası ilə 1904-cü ildə qaqauzsa nəşr olunan bu kitabların demək olar ki, hamısı dini mövzularda idi, M.Çakırın “Bessarabiya qaqauzlarının tarixi” və “Qaqauz – rumın” lüğəti istisna olmaqla.

  1918-ci ildə Moldova Rumıniyanın tərkibinə daxil edildikdən sonra qaqauz türkcəsində nəşrlər bu dəfə bu ölkədə istifadə edilən latın əlifbası ilə davam etdirildi. Bu zaman paytaxt Kişinyovda qaqauzca dini məzmunlu qəzet də nəşr olundu. Qeyd edək ki, bu dövrdə Mixail Çakırın dərc etdirdiyi kitablar sonralar qaqauz türkcəsinin yazı dilinə çevrilməsi istiqamətində görülən işlərin əsasını təşkil edib.

  Qaqauz türkcəsilə bağlı ilk dəfə elmi araşdırmaları rus etnoqrafı Valentin Moşkov aparıb. O, 1890-cı illər Çar Rusiyasının Bessarabiya bölgəsinə gedərək qaqauzların yaşadıqları kəndlərdə geniş etnoqrafik və folklor materialları toplayıb, bunlar əsasında 1896-cı ildən başlayaraq fundamental əsərlər yazıb. Onların arasında Radlovun rəhbərliyilə Valentin Moşkovun hazırladığı “Bessarabiya qaqauzlarının ləhcəsi” xüsusi yer tutur.

  Tarixdə Bessarabiya kimi tanınan bugünkü Moldova Respublikası 1947-ci ildə Sovet Rusiyası tərəfindən ilhaq edilib. Daha sonra 1957-ci ildə Komratın Çadır Lunqa bölgəsinin ləhcəsi əsasında kiril əlifbası ilə qaqauz yazı dili yaradılıb. 16 noyabr 1957-ci ildə qəbul edilən qanuna əsasən, bu yazılı dildə təhsilə icazə verildi. İcazədən sonra 1958-ci il sentyabrın 1-dən etibarən qaqauz məktəblərində ibtidai məktəbin 1, 2 və 3-cü siniflərində bütün dərslər qaqauz türkcəsində, 4-8-ci siniflərdə isə rus dilində tədris olunub. Amma bu təhsil sistemi cəmi 3 il sürdü və 1961-ci ildə qaqauzca keçilməsi dayandırıldı, dərslər tamamilə rus dilində oldu. Bununla belə, təhsilin rusca verildiyi bu məktəblərdə Qaqauz dili və ədəbiyyatı yalnız Ana dili dərsi olaraq keçildi.  

  Qaqauz türkcəsinin bir təhsil dili olaraq yaşaması çox qısa sürsə də, qaqauz alimləri bu yazılı dil əsasında araşdırmalarını davam etdirmiş və əsərlər yaratmışlar. Çox böyük ədəbi məhsul əldə oluna bilməsə də, Qaqauz şifahi xalq ədəbiyyatı və mədəniyyətinin yazıya alınmasına böyük töhfələr verilib.

  Sovet İttifaqının dağılmasından sonrakı dövrdə Moldova Konstitusiyasına əsasən, 1994-cü il dekabrın 23-də ilk dəfə Qaqauziyanın muxtariyyəti tanındı. Artıq Qaqauziyanın rəsmi dilləri qaqauz, rumın və rus dilləri olaraq təyin edildi. Qaqauz türkcəsi üçün latın əsaslı əlifba qəbul olundu.

  1995-ci ildən sonra Qaqauz türkcəsinin yazılı və mədəni dil kimi inkişafını təmin etmək üçün bir çox tədbirlər görüldü, ibtidai sinifdən başlayaraq təhsil proqramı qaqauz türkcəsi ilə zənginləşdirildi. Lakin bütün cəhdlərə baxmayaraq, Qaqauziyada bütövlükdə qaqauz dilində təhsilə başlanılmayıb.

  Komrat Dövlət Universiteti və Kişinyovdakı bəzi rəsmi dövlət universitetləri ilə Elmlər Akademiyasında Qaqauz türkcəsinin akademik təhsili və tədqiqinə diqqət yetirilib. Kiril əlifbası ilə çıxan “Ana sözü” kimi qəzetlərlə yanaşı, bir sıra mətbuat orqanları nəşr olunub. GRT adlı rəsmi dövlət radio və televiziyası və özəl yayım kanallarında qaqauz türkcəsində audio və video yayımların müddəti artırılıb. Bütün bu inkişaflara baxmayaraq, qaqauz türkcəsinin istifadəsinin kütləviləşdirilməsi baxımından hədəfə çatdığını söyləmək olmur.

 



Әlaqәli Xәbәrlәr