Türkiyə-Suriya proqnozları
Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru, professor Murat Yeşiltaşın məqaləsini təqdim edirik, mətni oxuyur Sevda Mirzə
Türkiyə-Suriya münasibətlərində yeni dövr
Suriya ilə Türkiyə arasında diplomatik əlaqələrin bərpası prosesi sürətlə davam edir. Lakin bu prosesi ətraflı təhlil etmək üçün hazırda kifayət qədər əsas yoxdur. Nə Türkiyə, nə də Suriya hökumətləri bu səyin yol xəritəsi ilə bağlı dəqiq məlumatlar vermir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışığa hazır olduğunu bildirərək Bəşər Əsədlə görüşə yaşıl işıq yandırıb. Həmçinin Milli Təhlükəsizlik Şurası (MGK) bəyan edib ki, Türkiyə qalıcı həll yolu tapmaq üçün Suriyadakı bütün tərəfləri əhatə edən real ictimai konsensusa nail olmaq səylərini dəstəkləməyə davam edəcək. Bu arada Rusiya iki ölkə başçısının bir araya gəlməsi üçün fəal diplomatiya aparır və 2024-cü ilin sonuna qədər görüşün keçirilə biləcəyinə dair bəyanatlar verir.
Türkiyə dövlət aparatı xüsusilə qaçqınların geri qaytarılması və terrorla mübarizəyə diqqət yetirərək ətraflı və əhatəli yol xəritəsi hazırlamaq üçün səylərini gücləndirib.
Suriya ilə Türkiyə probleminin həllində diplomatik münasibətlərin bərpası prosesi addım-addım gedir və vaxt aparır. İlk növbədə, tərəflər etimadın yaradılması mexanizmləri və prinsipləri barədə razılığa gəlməlidir ki, proses davam etsin.
Türkiyənin prioritetləri kimi qaçqınların geri qaytarılması və terrorla mübarizədə konkret addımların atılması məsələləri önə çıxır. Rəsmi Ankara Suriya müxalifətini diplomatik prosesə daxil etmək istəyir, suriyalı qaçqınları da. Suriya hökuməti öz maraqlarını maksimuma çatdırmaq və ya vaxt udmaq üçün prosesdən istifadə edərsə, Türkiyə bu işə yenidən baxmalı olacaq. Bu məlumatların işığında prosesin açarlarından biri kimi qısa vaxt ərzində problemlərə erkən həll yollarını tapmağın asan olmadığı görünür.
Suriyalı qaçqınların əksəriyyəti öz evlərinə qayıtmaq istəyir. Bununla belə, son 10 ildə əksər ərazilərdə çox dəyişikliklər baş verib və gedənlərin mülklərindən indi başqaları istifadə edir. Qaçqınların Suriyanın şimalına köçürülməsi prosesinin idarə olunması çətin məsələlərdən birinə çevrilib. Bu rayonlarda qaçqınların yerləşdirilməsindəki problemlər onların geri qayıtmaq istəyini azaldır. Ona görə də Əsəd hökuməti uğurlu qayıdış üçün əlverişli şərait yaratmalı, mülkiyyət mübahisələrini həll etməli, təhlükəsizlik və əsas xidmətləri göstərməlidir. Bu tədbirlər olmazsa, qaçqınların geri qayıtmaq istəyi get-gedə azalacaq və ümumi proses ciddi maneələrlə üzləşəcək.
Digər mühüm məsələ Türkiyədə Suriya ilə bağlı normallaşma prosesinə dair narahatlıqlardır. Bu problemi həll etmək üçün rəsmi Ankara hərtərəfli yol xəritəsi hazırlayır. Əsas məqsəd qaçqınların geri qayıtmasına imkan verəcək təhlükəsiz siyasi və iqtisadi şərait yaratmaqdır.
Türkiyədə artan anti-immiqrasiya və sosial reaksiyaların idarə olunması prosesin özü qədər vacibdir. Bu baxımdan Türkiyə hökumətinin ölkədəki Suriya xalqını razı salacaq və arxayınlaşdıracaq yeni kommunikasiya strategiyası qəbul etməsi böyük əhəmiyyət kəsb edir. Yeni addımlar atacaq Türkiyə üçün suriyalıları kənarlaşdıran diplomatik əlaqə onların inamını azalda bilər ki, bu da potensial olaraq prosesin uğursuzluğuna səbəb olar. Ona görə də suriyalı qaçqınların prosesə daxil edilməsi və onların etibar və əməkdaşlığının təmin edilməsi ümumi planın mühüm hissəsidir.
Türkiyə-Suriya prosesinin digər mühüm ölçüsü Suriya müxalifətinin roludur. Prosesi dəstəkləyən və qarşı çıxan qruplar var. Təhlükəsizlik baxımından Türkiyə hökuməti hərbi müxalifətlə də məsələni diqqətlə koordinasiya etməlidir. Türkiyənin Xarici işlər naziri Hakan Fidanın “Suriya müxalifətini tək qoymayacağıq” açıqlaması bu məqsədi əks etdirir.
Suriyanın şimalında təhlükəsizlik vəziyyətini, siyasi və yerli hökumət proseslərini yenidən nəzərdən keçirmək yol xəritəsinin sağlam işləməsi üçün həyati əhəmiyyət daşıyır. Türkiyə hökuməti bu məsələni də nəzərə alan yol xəritəsi hazırlamaqdadır. Çünki terrorla mübarizə və sabit daimi təhlükəsizlik mühitinin yaradılması Ankara-Dəməşq danışıqlarını asanlaşdırar. Əks halda, bu vəziyyət xüsusilə hərbi müxalifət arasında fikir ayrılığına səbəb ola və prosesi çətinləşdirə bilər.
Suriya müxalifəti ilə effektiv koordinasiya onların dəstəyini təmin etmək və parçalanmanın qarşısını almaq üçün vacibdir. Türkiyə hökuməti vahid cəbhəni saxlamaq üçün həm dəstəkləyən, həm də müxalif qrupların narahatlıqlarını və ehtiyaclarını həll etməlidir. Bununla da rəsmi Ankara Dəməşqlə danışıqlarda öz mövqeyini gücləndirə və uğurlu diplomatik əlaqə yarada bilər.
Türkiyə hal-hazırda yol xəritəsinin ayrıntıları üzərində işləyir. Əsl proses böyük ehtimalla R.T.Ərdoğanla B.Əsədin danışıqlarından sonra başlayacaq. Diqqətlə qurulan, bütün tərəfləri cəlb edən və gözləntilərə cavab verən danışıqlar prosesi Suriyada yeni dövrün başlanmasına gətirib-çıxarar. Bu, böyük əhəmiyyət kəsb edir. Rəsmi Ankara proqnozları idarə və bütün müvafiq maraqlı tərəfləri cəlb etməklə daha effektiv davamlı diplomatik əlaqəni inkişaf etdirə bilər.