Hesablayıcı makina – kalkulyatorun icadı
İstəkli dinləyicilər, TRT "Türkiyənin səsi" radiosunun “Həyatı asanlaşdıran təsadüflər” rubrikasında bu gün sizə hecablama makinası kalkulyatorun yaranmasından bəhs edirik, mətni oxuyur Sevda Mirzə.
Hesablayıcı makina – kalkulyatorun ixtirası
Ömrümüz elə hesablamalar apara-apara keçib gedir. Maliyyə problemləri və riyazi məsələlərə baş sındırarkən istəyirik ki, tez həll edək. Lakin bəzən görürük, beynimizin buna gücü çatmır. Belə anlarda ya mobil telefon, ya kompüter, ya da stolun üstündəki kiçik bir cihaz köməyimizə gəlir. Əsrlər boyu müxtəlif adlar qoyulsa da, son olaraq adı kalkulyatordır ki, riyaziyyatın əsasən dörd əsas əməliyyatını yerinə yetirir: toplama, çıxma, vurma və bölmə.
Hal-hazırda saniyədə minlərlə əməliyyatı yerinə yetirə bilən çox təkmil kompüterlərə sahib bəşər övladı ilk zamanlar riyaziyyatın 4 əsas əməliyyatı üçün öz beyinlərinə, kiçik daşlara, çubuqlara və ya abak adlı sadə hesablama alətinə güvənirdilər. XVII əsrdən bəri isə getdikcə çoxalan ticarət əməliyyatları ilə artan rəqəmlər sadə abakın ölçüsünü aşmağa başladı. İndi 5-6 rəqəmli toplama və vurma əməliyyatlarını yerinə yetirə bilən yeni cihazlara ehtiyac var idi. Riyaziyyatçılar, ixtiraçılar bunu çözməyə çalışdılar.
XVII əsrin əvvəllərində şotlandiyalı riyaziyyatçı Con Nepier (John Napier) hesablamalarda böyük rahatlıq yaradan loqarifm metodunu və bu üsul əsasında “Napier sümükləri” adlandırdığı hesablama alətini işləyib hazırladı. Eyni dövrdə gələcəkdə riyaziyyata böyük töhfələr verəcək gənc fransız alimi Blez Paskal (Blaise Pascal) da eyni istiqamətdə araşdırmalar aparırdı. Paskalın atası vergi məmuru idi və get-gedə böyüyən rəqəmlər onun iş yükünü daha da artırırdı. 19 yaşlı gənc alim 3 illik səydən sonra atasının hesablamalarını asanlaşdırmaq üçün “Paskaline” adlı mexaniki kalkulyator hazırladı. Bu gün 8 nümunəsi müxtəlif muzeylərdə nümayiş etdirilən bu cihaz 400 ildir mexaniki hesablamalara və hətta kompüter mühəndisliyinə öncülük etsə də, kifayət qədər böyük və bahalı olduğu üçün kommersiya baxımından uğur qazana bilməyib. Bununla belə yeni ixtirası sayəsində riyaziyyatçı Blez Paskal 400 il boyu "Hesablayıcının atası" adlanıb. Lakin təsadüfən məlum olub ki, bu məlumat tam da doğru deyilmiş.
XX əsrin ortalarında məşhur astronom Keplerin kitabını araşdıran alimlər təsadüfən kitabda fərqli bir kalkulyator şəklinə rast gəlib. Baxıblar ki, bu şəkillər Paskaldan əvvəlki dövrə aiddir və ixtira alman astronomu və riyaziyyatçısı Vilhelm Şikarda məxsusdur. Keplerin kitabında adı "Hesab saatı" olan bu makinanı tədqiq edən alimlər cihazın 6 rəqəmə qədər toplama və çıxma əməliyyatlarını düzgün yerinə yetirdiyini, ədədlər çatmadıqda çalan zənglə istifadəçini xəbərdar etdiyini ortaya çıxarıb.
Uzun akademik müzakirələrdən sonra elm dünyası kalkulyatorun ilk kəşfini həm Paskal, həm də Şikarda bağlayıb. Zaman keçdikcə hər iki alimin əsərləri müxtəlif ölkələrin riyaziyyatçıları tərəfindən öyrənilib və bugünkü kompüterlərin təməli əvvəlcə portativ, sonra isə elektron hesablama maşınları ilə qoyulub.