Rusiya-Ukrayna müharibәsi enerji siyasәtinә necә tәsir göstәrdi?

2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi təbii qazın böyük hissəsini Rusiyadan idxal edən Avropada böyük narahatlığa səbəb oldu

2159613
Rusiya-Ukrayna müharibәsi enerji siyasәtinә necә tәsir göstәrdi?

Rusiya-Ukrayna müharibәsi enerji siyasәtinә necә tәsir göstәrdi?

2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi təbii qazın böyük hissəsini Rusiyadan idxal edən Avropada böyük narahatlığa səbəb oldu.

Rusiya Aİ-nin sanksiyalarından sonra təbii qazı yalnız rublla satacağını açıqladı və Avropaya ixrac etdiyi təbii qaz həcmini məhdudlaşdırdı.

Bu vəziyyət xüsusilə 2022-ci ilin ikinci yarısında təbii qaz və elektrik enerjisinin bahalaşmasına səbəb oldu.

Rusiya təbii qazını Baltik dənizi vasitəsilə Almaniyaya daşıyan “Şimal axını” boru kəməri  hücuma məruz qalaraq yararsız hala düşdü.

Tələbatın artması ilə təbii qaz və elektrik enerjisinin qiymətləri artdı. Bu vəziyyət bütün dünyaya, xüsusilə də Avropaya təsir etdi.

Təbii qazın demək olar ki, yarısını Rusiyadan alan Avropa İttifaqı ölkələri axının kəsilməsindən sonra mayeləşdirilmiş təbii qaza (LNG) üz tutdu. Aİ-nin LNG idxalı 2023-cü ildə 2019-cu il ilə müqayisədə iki dəfə artdı. Bu dövr ərzində Norveç 53,4 faizlə Avropaya ən çox təbii qaz nəql edən ölkə oldu. Əlcəzair isə 15,9 faizlə ikinci pillədə qərarlaşdı.

Lakin böhran Avropaya dərindən təsir etdi. 2022-ci ilin 2-ci yarısında Almaniya və Fransa qənaət paketlərini açıqladılar. Dövlət idarələrinin isidilməsi və işıqlandırılmasında ciddi məhdudiyyətlər yaşandı.

Müharibə üçüncü ilinə qədəm qoyur. Avropa İttifaqına üzv dövlətlərin  mayeləşdirilmiş təbii qaza olan tələbatları davam edir.

Anadolu Agentliyinin Avropa Enerji Tənzimləyiciləri Şurasının dərc etdiyi hesabata istinadən yaydığı məlumata görə, qlobal LNG istehlakı müharibənin başlamasından bu yana rekord səviyyədə artıb.

Avropa 2021-ci il ilə müqayisədə 57 milyard kubmetr artımla tələbatın ən çox artığı region olub.

Rusiya-Ukrayna müharibəsindən sonra Avropada yaranan enerji böhranını LNG ilə həll etmək istəyən ölkələr arasında Almaniya birinci yerdə qərarlaşıb.

Aİ ölkələri bu dövr ərzində 134 milyard kubmetr LNG idxal edib. Bunun təxminən 18 milyard kubmetri Rusiyadan alınıb.

Qeyd etməliyik ki, Fransa bu dövrdə 30, İspaniya isə 25 milyard kubmetr LNG idxal edib.Hollandiya və Belçika da LNG idxal edən ölkələr sırasındadır.

Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dərc etdiyi son hesabata görə, Aİ ölkələri mart ayında boru kəmərləri vasitəsilə ümumilikdə 14 milyard kubmetr təbii qaz idxal edib.

İdxal həcmində ötən ilin eyni ayı ilə müqayisədə 4 faiz artım müşahidə olunub.

Rusiyanın bu ilin birinci rübündə boru kəmərləri ilə Aİ-yə nəql etdiyi təbii qazın həcmi 2023-cü ilin birinci rübü ilə müqayisədə 23 faiz artaraq 7 milyard kubmetri keçib. Rusiyadan Aİ-yə nəql edilən təbii qazın 53 faizi Türkiyə üzərindən ötürülüb.

Mart ayında Aİ-nin boru kəmərləri vasitəsilə idxal etdiyi təbii qazın miqdarı keçən ilin eyni ayı ilə müqayisədə 4 faiz artıb. Mart ayında idxal edilən təbii qaz həcmi 2022-ci ilin dekabrından bəri ən yüksək göstəriciyə çatıb.

Bu ilin ilk üç ayında Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələr Norveç, Rusiya və Əlcəzair olub.

Rusiya-Ukrayna müharibəsi səbəbindən Aİ bərpa olunan enerjiyə investisiyalarını sürətləndirdi. Aİ 2023-cü ildə elektrik enerjisinin 44 faizini yaşıl enerji mənbələrindən istehsal edərək rekorda imza atdı. Bunun 27 faizi külək və günəş enerjisindən təmin edildi. Bir çox ölkələr Atom Elektrik Stansiyalarını bağlamaq planlarını təxirə saldı.

Müharibə ABŞ-ın da Avropanın enerji bazarına daxil olmasına səbəb oldu. 2022-ci ildə Aİ ilə ABŞ arasında LNG müqaviləsi imzalandı. Müqaviləyə əsasən,  Aİ ölkələri ABŞ-dan ildə 50 milyard kubmetrə qədər LNG ala biləcəklər.



Әlaqәli Xәbәrlәr