Suriyada qondarma seçki cəhdinin səbəbi nədir?

Terror təşkilatı PKK/YPG Suriyanın şimalında işğal etdiyi ərazilərdə qondarma seçkilər keçirmək üçün hərəkətə keçib

2156697
Suriyada qondarma seçki cəhdinin səbəbi nədir?

Suriyada qondarma seçki cəhdinin səbəbi nədir?

Terror təşkilatı PKK/YPG Suriyanın şimalında işğal etdiyi ərazilərdə qondarma  seçkilər keçirmək üçün hərəkətə keçib. Türkiyə  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquq normalarına zidd olan bu təşəbbüsə çox sərt reaksiya verdi.

Türkiyənin bölgədə terror dövləti qurulmasına icazə verməyəcəyi ilə bağlı xəbərdarlığından sonra terror təşkilatı ABŞ tərəfindən də dəstəklənən qondarma seçkiləri iki dəfə təxirə salmaq məcburiyyətində qalıb. Qondarma seçkilərin avqustun 18-də keçiriləcəyinə dair bəyanat verilsə də, Türkiyənin açıq mövqeyi səbəbindən bunun baş verməsi gözlənilmir. Bu təşəbbüsə Suriya Milli Koalisiyasının tərəfdaşlarından olan Suriya Kürd Milli Şurası və bölgədəki tayfalar da qarşıdır.

Bəs nə üçün terror təşkilatı ABŞ-ın dəstəyi ilə legitimlik qazanmağa çalışır?

Bunun ən mühüm səbəblərindən biri də Suriyanın enerji qaynaqlarını qondarma  legitimliklə nəzarətdə saxlamaqdır. Suriya İran və İraq kimi region ölkələri ilə müqayisə edilə biləcək miqyasda olmasa da, neft və təbii qaz ehtiyatlarına malik ölkədir. 2011-ci ildə başlayan vətəndaş müharibəsindən əvvəl özünü təmin edən Suriya rejimi müharibənin dağıdıcı təsiri və terror təşkilatları ilə qeyri-dövlət silahlı qüvvələrinin regiondakı hökmranlığı səbəbindən demək olar ki, bütün enerji resurslarına nəzarəti itirib. Fərat çayı üzərindəki kənd təsərrüfatı sahələri və bəndlər də terror təşkilatlarının nəzarətinə keçib.

Suriyanın neft ehtiyatlarının 2,5 milyard barel olduğu təxmin edilir. Vətəndaş müharibəsindən əvvəl Suriya hər il orta hesabla 9 milyard kubmetr təbii qaz hasil edirdi.

Terror təşkilatı DEAŞ 2013-cü ilin ortalarından etibarən enerji sahələrində irəliləyiş strategiyası izləyib. 2016-cı ildə terror təşkilatı PKK/YPG bu ərazilərin əksəriyyətini ABŞ-ın dəstəyi ilə ələ keçirib.

Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın hazırladığı “Suriyada təbii sərvətlərə qarşı müharibə” başlıqlı hesabata görə, terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgədə yerləşən “Əl-Ömər bölgəsi” ölkənin sahib olduğu ən böyük neft yatağıdır. Deyr əz-Zor bölgəsi də neft yataqları ilə zəngin və ölkənin mühüm təbii ehtiyatlarının yerləşdiyi bölgələrdən biridir.

Hesabatda PKK/YPG terror təşkilatının ölkənin bütün enerji ehtiyatlarının təxminən dörddə üçünə nəzarət etdiyi vurğulanır. ABŞ rəhbərliyinin dəstəyini alan PKK/YPG-nin bu yataqlardan təxminən 1,1 milyard (ABŞ) dolları neft gəliri əldə etdiyi təxmin edilir.

Terror təşkilatı PKK/YPG və rejim Hasəkədə neft quyularına birgə nəzarət edir. Neft hasilatının davam etdiyi Rümeylan, Süveydiye və Karaçok yataqlarında təxminən 350 kiçik quyudan gündəlik 30-35 min barel neft hasil edilir.

Terror təşkilatı Suriyanın ən böyük təbii qaz obyekti olan Konokonu da işğal edib. Bu bölgədə hər il təxminən 1,4 milyard kubmetr təbii qaz hasil edildiyi təxmin edilir.

Terror təşkilatı PKK/YPG ABŞ-ın hərbi dəstəyi ilə ölkədəki mühüm bəndləri zəbt edib.



Әlaqәli Xәbәrlәr