Mədə-bağırsaq infeksiyalarının qarşısının alınması yolları
Mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir
Mədə-bağırsaq infeksiyaları və qarşısının alınması yolları
İsti havalarda mədə-bağırsaq infeksiyaları, qarın ağrısı, ishal və qusma kimi şikayətlər artır.
İnfeksiya bir neçə günə öz-özünə keçə bilir, lakin qusma və ishal çoxalınca bədəndən su və elektrolit itir, bu zaman mütləq həkimə müraciət etmək, xəstəxanaya getmək lazımdır.
İnfeksiyalardan qorunmaq üçün ən vacib qayda əlləri tez-tez yumaqdır. Əldən qidaya keçən mikroorqanizmlər həzm sistemində infeksiyalara səbəb ola bilir. Tualetdən istifadə etdikdən, ev işləri və bağçılıqla məşğul olduqdan, ev heyvanlarına toxunduqdan sonra əllərinizi mütləq yuyun. Qida məhsullarına toxunmazdan əvvəl əllərin yuyulması çox vacibdir. Əllər barmaqların araları da daxil olmaqla bol sabunlu su ilə ən azı 30 saniyə sürtülərək yuyulmalıdır.
Gigiyena əsasdır. Uyğun olmayan mühitlərdə və ya açıq yerdə uzun müddət saxlanılan qidalar mədə-bağırsaq infeksiyasının ən böyük səbəbi sayılır. İsti yerdə mikroorqanizmlər asanlıqla çoxalaraq mədə-bağırsaq infeksiyalarına səbəb olur.
Açıq şəkildə satılan ərzaq və içkilərdən, saxlama müddəti keçmiş məhsullardan, pasterizə olunmamış süd və məhsullarından uzaq durun. Yeməkləri soyuducudan uzun müddət kənarda saxlamayın.
Çiy tərəvəz və meyvələri bol təmiz su ilə yuyun.
Uzun müddət açıq yerdə saxlanılan souslu, mayonezli və qaymaqlı qidalar, xüsusilə açıq bufetlərin təqdim olunduğu yerlərdə infeksiya mənbəyi ola bilər.
Çəngəllərin, bıçaqların və qaşıqların təmiz olduğundan əmin olun. Yeməklərə çılpaq əllərlə toxunmayın.
İçkilərə əlavə olunan buza diqqətli olun. Xüsusən yay aylarında infeksiyaların ötürülməsində su mühüm rol oynayır. Kran suyu və nəzarətsiz içməli sudan çəkinin. Lazım gələrsə, suyu qaynadıb için. İçkiləri sərinlətmək üçün onlara əlavə etdiyiniz buzla diqqətli olun, çünki hətta buz da infeksiya mənbəyi ola bilir. Müəssisələrdə kran suyundan buz hazırlamaq və buz maşınlarını gündəlik təmizləməmək buzda infeksiyanın ən böyük səbəblərindən biri olur.
Mənşəyi məlum olmayan suyu istifadə etməyin. Xüsusilə yay aylarında su ən mühüm çirklənmə mənbəyi ola bilir. Təmizliyinə əmin olmayan yerlərdən su içilməməlidir.
Yayın istisində sərinləmək üçün girilən hovuzlar və çirkli dənizlər də infeksiyaya səbəb ola bilər. Xüsusilə hovuzların təmizlənməsinin uyğun şərtlərdə və tez-tez aparıldığına fikir verin. İzdihamlı və yaxşı təmizlənməmiş hovuzlar mədə-bağırsaq infeksiyaları, eləcə də gözlər üçün risk yaradır. Suyu udmayın.
Yaxşı bişmiş yeməklərdən istifadə edin. Xüsusilə ət, toyuq, balıq kimi proteinlərin yaxşı bişdiyinə diqqət yetirin. Yeməklərin düzgün bişirilməsi bakteriyaların artmasının qarşısını alır.
İctimai tualetlər mikrob mənbəyi ola bilir. Tualetlərin təmiz olması, mədə-bağırsaq infeksiyalarından əziyyət çəkən insanların istifadə etdiyi tualetlərin mütəmadi olaraq təmizlənməsi, ortaq dəsmallardan istifadə edilməməsi çox vacibdir.
Mədə-bağırsaq infeksiyası ilə qarşılaşanlar nə etməlidir?
• İnfeksiya müddətində bədəninizin su, duz və mineral dəstəyini təmin edin.
• İshaldan qurtulana qədər yağsız və az lifli yeməklər yeyin.
• Qarınişləmə zamanı yağsız şorba, az yağlı pendir, qatıq, qaynadılmış kartof, alma, şaftalı, banan və yerkökü kimi qidalardan istifadə edin.
• İshal dövründə kəpək çörəyi, yağlı və şəkərli qidalar, ədviyyatlar, çoxlu pulpa olan tərəvəz və meyvələrdən uzaq durun.
• Qəhvə və çay orqanizmdən maye itkisinə səbəb olduğu üçün ishal zamanı bunlardan uzaqlaşıb bol su için.
İshal əleyhinə dərmanları həkimə müraciət etmədən istifadə etməyin. Çünki anti-ishal dərmanlarının özbaşına istifadəsi bağırsaq hərəkətini ləngidir, həzm sistemində zərərli mikroorqanizmlərin xaric olmasını dayandırır və bağırsaq xəstəliyini ağırlaşdıra bilir.
Uzun müddət davam edən, müalicəyə cavab verməyən, qanlı və selikli ishal zamanı mütləq qastroenteroloqa müraciət etmək lazımdır, çünki bu, bağırsaq xəstəliyi ola bilər.
Bitki mənşəli müalicələr mədə-bağırsaq infeksiyası üçün faydalıdır.
Limonlu su bağırsaq infeksiyası üçün bitki mənşəli müalicə tövsiyələri arasında yer alır və bağırsaqlardakı iltihabı təmizləməyə kömək edir.
Ev şəraitində bağırsaq infeksiyasını müalicə edərkən gündə 2 diş çiy sarımsaq yemək məsləhət görülür.
Zəncəfilin tərkibindəki antibakterial maddələr infeksiyanın yayılmasının qarşısını alır.
Sarıkök bağırsaqlarda yaranan və yayılan infeksiyanın qarşısını almaqda təsirlidir.
Su ilə qarışdırılan bal bağırsaqlarda infeksiyanı təmizləyir.
Nanə çayı bağırsaqları rahatlaşdıran bitki çayıdır, həm iltihabı təmizləyir, həm də bağırsaqların daha sağlam işləməsinə kömək edir.
Kartof suyu faydalıdır. Bir ədəd kartofun qabığını soyub yaxşıca yuyun, sürtgəcdən keçirin, suyunu süzün və müntəzəm olaraq təzə için.
Kətan toxumu bağırsaq infeksiyası prosesində bağırsaqları toplayan və həzmi asanlaşdıran bitki mənşəli əlavədir.
Evdə hazırlanmış qatıq bakteriyaların çıxarılmasını asanlaşdırır, immun sisteminizi gücləndirir və infeksiyadan xilas olmağa kömək edir.
Bağırsaqları yoran iltihabı təmizləmək üçün çiy soğan yemək məsləhətdir.