Trabzon şəhərinin görkəmli tarixi əsərləri (2)

Qara dəniz bölgəsinin Samsundan sonra ikinci böyük şəhəri olan Trabzon turumuza davam edirik.

1977193
Trabzon şəhərinin görkəmli tarixi əsərləri (2)

Kapitanın səyahət dəftəri-8

Qara dəniz bölgəsinin Samsundan sonra ikinci böyük şəhəri olan Trabzon turumuza davam edirik. Düşünməyin ki, verdiyim sözü unutmuşam. Keçən həftə mümkün olmadı, amma bu gün sizi tarixi Trabzon Bedestenində qəhvə içməyə aparacağam. Bedesten Osmanlı İmperiyası dövründə ortaya çıxan bir tikili növüdür. Onun günbəzli damı və düzbucaqlı arxitekturası bu tikililəri ən çox fərqləndirən xüsusiyyətlərdir. İstanbula getməmiş olsaz belə, Qapalıçarşı haqqında eşitmisiniz. Burada da qapalı bazarlar Qapalıçarşıya bənzər yerlərdir. Qarşınızdakı bu bina Trabzon Bedestenidir.

Bu, şəhərin ən qədim ticarət quruluşudur. Bu qapalı bazar qədim zamanlarda qiymətli malların satıldığı bir yer idi. Bu gün isə bölgəyə məxsus turistik əşyaları tapa biləcəyiniz bir yerdir. Gəlin Bedestenin ikinci mərtəbəsinə qalxaq və mən sizə verdiyim sözü yerinə yetirəcəyəm. Mis qəhvə qabında vam odda yavaş-yavaş bişirilən və yanında türk lokumu ilə süfrəyə verilən köpüklü türk qəhvənizi necə içmək isyətirsizniz? Sadə, orta şəkərli və yoxsa çox şəkərli?

Qəhvələrimizi içib qurtardığımıza görə artıq yola çıxa bilərik. Trabzon səfərimizə Gülbahar Xatun məscidindən başlayaq. Bu məscidi Osmanlı sultanı Yavuz Sultan Səlim anası üçün tikdirib. İnşa edildiyi dönəmdə içərisində məscid, yoxsulları və mədrəsə tələbələrini yeməklə təmin edən xeyriyyə qurumu, o dövrün təhsil müəssisəsi olan mədrəsə, türbə və hamamın da yer aldığı kompleks kimi nəzərdə tutulmuşdu. Bu günümüzə onlardan sadəcə məscid və məqbərə salamat qala bilib. Turumuza Trabzonun ən qədim kilsəsi ilə davam edək. Santa Maria kilsəsi hələ də şəhərdə aktiv istifadə olunan kilsədir. Osmanlı sultanlarından Sultan Əbdülməcid buranı Trabzonda əcnəbilər üçün tikdirmişdi.

Buradan gördüyünüz bu dar və yoxuşlu yola keçək. Bu yolun sonunda bizi Trabzonun qədim tarixini əks etdirən bir bina gözləyir, yəni Qızlar Monastırı. Monastırın "Allahın qoruduğu yer" mənasını verən başqa bir adı da var. Bura istinad divarları içərisində qorunan bir sahədir. Özünəməxsus memarlığı ilə çox geniş bir ərazini əhatə edən Qızlar Monastırı qaya kilsəsi, zəng qülləsi və ibadətgahı ilə diqqət çəkicidir. Monastırın kilsəsinin divarlarında Həzrəti-.İsanın həyatını əks etdirən nadir freskalar var. Xristianlıqda monastırların xüsusi əhəmiyyəti var. Amma Trabzondakı Sümela Monastırının yeri tamam başqadır. Bura xristianlığın mühüm mərkəzlərindən biri hesab olunur. Bu monastır müqəddəs sayılırdı, çünki burda möcüzələr yaratdığına inanılan bir ikona yerləşirdi. Qara Madonna kimi tanınan Məryəm Ana ikonasının xəstəlikləri, aclığı və hər cür bəlaları dəf edib möcüzələr yaratdığına inanılırdı. Rum-Pravoslav monastırı olan Sümela rahibləri yetişdirən məktəb olduğu üçün bölgənin ən əhəmiyyətli monastırı kimi tanınırdı. Bu gün isə dəniz səviyyəsindən 1150 metr yüksəklikdə sıldırım qayalardan oyulmuş Sümela monastırı görənləri heyrətə gətirir.

İndi də gəlin YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısındakı bu möhtəşəm tikilini görməyə gedək. Əvvəlcədən deməliyəm ki, bu, bir qədər çətin səfər olacaq. Çünki biz pilləkənlərlə 300 metr qalxacağıq. Tələsmədən pilləkənləri qalxmağa başlayaq. Nəhayət, pilləkənlərin sonuna çatdıq... Bir az çətinlik yaşadıq, amma  həyətdəyik artıq! Monastırın böyüklüyü və əzəməti buradan daha yaxşı anlaşılır.  Sümela Monastırı mağaranın içinə oyulmuş kilsə, gözətçi, rahib və tələbə otaqları, ibadətgahlar, qonaq evi və kitabxana da daxil olmaqla 72 otaqdan ibarətdir. Monastırın ortasında müqəddəs bulaq da var. Bu su əsrlərdir ki, dayanmadan hündür qayalardan iri damcılar şəklində bura axır. Bulağın şəfalı olduğuna inanıldığı üçün müqəddəs sayılır.

Sümela Monastırı heyranedici memarlığı ilə yanaşı freskaları ilə də diqqət çəkir. Freskalar çox az adamın oxuyub-yazmağı bacardığı bir vaxtda insanlara İncili izah etmək üçün hazırlanmışdı. Monastırdakı qaya kilsəsinin və ona bitişik ibadətgahın daxili və xarici divarları freskalarla örtülüb. Bu rəngli freskalarda dünyanın yaradılışı, İncildə yer alan səhnələr və bir çox möcüzələr, Həzrəti-Məryəm və Həzrəti-İsanın həyatından bəzi məqamlar təsvir edilib. Üzərindən keçən zaman onları köhnəltsə də hazırkı görkəmi bir zamanlar nə qədər böyük olduqlarını sübut edir.

Vaxtımız yekunlaşsa da Trabzonda gəzməli yerlər qurtarmadı.  Növbəti marşrutda,   Qara dənizin sürprizlərlə dolu sahil şəhərində yenidən görüşənə qədər sağlıqla  qalın.



Әlaqәli Xәbәrlәr