Bel ağrısı üçün məsləhətlər
Bel ağrıları bədənimizdən düzgün istifadə edilməməsi və ya çox yorulması nəticəsində yaranır
Bel ağrısı
Bel ağrısı üçün məsləhətləri tədqim edirik: mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyur.
Bel ağrıları bədənimizdən düzgün istifadə edilməməsi və ya çox yorulması nəticəsində yaranır.
1. Ağır yükləri qaldırmaq təhlükəlidir. Belə ki, ağır bir əşyanın düzgün qaldırılmaması bel nahiyəsinə zərər verir. Buna görə də mümkün qədər ağır əşyaları qaldırmaqdan çəkinin. Əgər bunu etməlisinizsə, kürəyinizi düz tutun və belinizi sağa, sola və ya irəliyə əyməyin. Həm ağır yükləri qaldırarkən, həm də daşıyarkən geniş dəstək vermək və yükü mümkün qədər bədəninizə yaxın saxlamaq üçün ayaqlarınızı bir-birindən ayırın.
2. Yerdən bir şey götürərkən diqqətli olun. Yanlış əyilmə də bel ağrısının səbəbləri arasındadır. Yerdən əşyaları götürmək lazımdırsa, belinizi deyil, dizlərinizi bükün. Bu sayədə yük ayaqlarınıza paylanacağı üçün beliniz qorunmuş olacaq.
3. Döşəyiniz ortopedik olmalıdır. Bel ağrısının qarşısını almaq üçün düzgün döşəyi seçmək çox vacibdir. Yatağınız keyfiyyətli yuxu təmin etməklə yanaşı, səhərlər bel ağrısı ilə oyanmağınızın da qarşısını alır. Bu səbəbdən döşək alarkən bel ağrıları üçün ortopedik olanları seçməyə diqqət edin.
4. Erqonomika. İş sahəsi onurğanın sağlamlığını qorumaq üçün erqonomik olaraq dizayn edilməlidir. Kompüter monitorunu görmək və ya mousdan istifadə etmək üçün irəli əyilməyə ehtiyac qalmamalıdır. Bundan əlavə, aşağı kürəyi dəstəkləyən və ayaqların yerə möhkəm dayanmasına imkan verən bir masa və stul istifadə edilməlidir. Oturarkən bel əyrisini dəstəkləyən xüsusi bir yastıqdan istifadə etmək və uzun müddət eyni vəziyyətdə oturmaqdan çəkinmək bel ağrılarının qarşısını ala bilər.
Əgər işinizlə əlaqədar və ya başqa bir səbəbdən uzun müddət ayaq üstə durmaq məcburiyyətindəsinizsə, arada istirahət etməyə də laqeyd yanaşmayın.
Əgər oturaraq işləyirsinizsə, stulunuzun hündür və sərt tənzimlənən arxa dayağa malik olduğundan əmin olun. Oturarkən kürəyinizi dəstəkləməyi unutmayın. Oturma mövqeyinizi həmişə dik olaraq tənzimləyin.
Kompüterdən istifadə edirsinizsə, ekranın göz səviyyəsində olduğundan əmin olun. Lazım gələrsə, ayaqlarınızın altında kiçik dayaq qoyun.
5. Kökəlməmək üçün diqqətli olun. Boy, bədən quruluşu və çəki bel ağrılarında müəyyən rol oynayır. Bel ağrıları artıq çəkili və uzunboylu insanlarda daha çox müşahidə edilir. Ona görə də ağrıların qarşısını almaq üçün artıq çəkidən xilas olmaq lazımdır. Bu problemi özünüz həll edə bilmirsinizsə, mütəxəssisdən dəstək ala bilərsiniz.
6. Yolda səyahət edərkən fasilə verin. Uzun səyahətlər zamanı avtomobili idarə edirsinizsə və maşındasınızsa, bu zaman bel ağrısı yaranır ki, qarşısını almaq üçün belinizi dəstəkləməyə diqqət edin və ya hər 2 saatdan bir fasilə verin.
7. Yastı dabanlı ayaqqabılardan istifadə edin. Dabanları 2,5 santimetrdən yuxarı olan dikdaban ayaqqabı geyinmək qadınlarda bel ağrılarının əsas səbəblərindən biridir. Belə ayaqqabıları geyinməməyə diqqət edin, çünki onlar ağırlıq mərkəzinin yerdəyişməsinə və belin uzanmasına səbəb olur. Hündürdaban ayaqqabılara üstünlük versəniz belə, ağrı hiss etdiyiniz zaman dəyişmək üçün həmişə yanınızda yastıdaban ayaqqabılar olsun.
8. Məşqlə arxa əzələlərinizi gücləndirin. Fiziki vəziyyətinizə uyğun məşq üsulunu seçmək və onu müntəzəm etmək arxa əzələləri gücləndirməklə yanaşı, duruşunuzu düzəldir. Müntəzəm idman həm də arıqlamağa kömək etdiyi üçün bel ağrılarına səbəb olan mühüm faktorlardan biri kimi artıq çəkinin də qarşısını alır. Qısa gəzintilər, üzgüçülük, velosiped sürmək, gərmə məşqlərini bel ağrılarını yükləmədən etmək həll yolları arasındadır. Fizioterapevtin tövsiyə etdiyi bel məşqləri də bel bölgəsindəki əzələləri gücləndirərək ağrıları aradan qaldırmağa kömək edir.
9. İsti və soyuq tətbiq. Gərginlik səbəbindən bel ağrıları üçün zədədən dərhal sonra bölgəyə buz tətbiq etmək lazımdır. Ağrıyan nahiyəyə dəsmalla bükülmüş buz paketi çəkildikdə zədə nəticəsində kəskin iltihab geriləyir. Soyuq ani və şiddətli bel ağrısını aradan qaldırır. Tətbiq zamanı dərini donmadan qorumaq üçün dəsmal və ya parça ilə sarıyaraq buzdan istifadə edilməlidir. Bir dəfəyə maksimum 20 dəqiqə etmək tövsiyə olunur.
İlk 48 saatdakı kəskin dövrdə soyuq, sonra isə isti tətbiq ən doğru yoldur. Dərini yandırmamaq üçün temperaturu yaxşı tənzimləmək lazımdır.
Bel ağrıları yaşamamaq üçün kondisionerli və ikitərəfli küləkli mühitlərdən uzaq durmaq məsləhətdir.
Əgər bel ağrıları bütün bunlarla keçmirsə, ayaqlara yayılırsa, uyuşmaya səbəb olursa, gecikmədən ortoped həkimə müraciət edilməlidir.