Təbii gözəlliklərilə Rizə şəhəri-2

“Səyyah” gəmimiz limanda lövbər salıb.

1970439
Təbii gözəlliklərilə Rizə şəhəri-2

Kapitanın səyahət dəftəri-6

“Səyyah” gəmimiz limanda lövbər salıb.

Rizədəki səyahətimizə davam edəcəyik. Çünki yaşıl və əsrarəngiz yaylaqları görmədən Rizədən ayrılmaq mümkün deyil. Başı buludlara toxunan bu yaylaqlara qalxmaq bir az çətin olacaq. Bizi kəskin döngələr, dar və torpaq yollar gözləyir. Amma narahat olmayın, bu bölgələrə çox yaxşı bələd olan adam bizi müşayiət edəcək.

Proqramımızı dinləyib yaylaqlara getmək istəyirsinizsə, mütləq bələdçidən yardım istəyin. Həm də unutmayın ki, iki min metrdən yuxarı qalxacağıq və yanınızda mütləq qalın, isti geyim paltar götürməyi unutmayın. Bugünkü səfərimizdə sizə sürprizim var. Sizləri təkcə yaylaqlara deyil, bulud dənizinə də aparacağam. “Bulud dənizi nədir?” deyə soruşduğunuzu eşidirəm. Lakin yaxşısı budur bunu  öz gözlərinizlə görün.

Hər kəs hazırdırsa, Rizə yaylaqlarına səyahət başlasın!

Biz yaylaqlara sakitlik, dinclik tapmaq və möhtəşəm təbiətlə baş-başa qalmaq üçün gedirik. Bununla belə, Qara dəniz bölgəsində yaylaq mədəniyyəti və yaylaq həyatı mövcuddur. Yerli əhali iyun ayından sentyabr ayına kimi üç ay müddətində yüksək dağlıq ərazilərdə öz həyatını davam etdirir. Və bu yaylaqlarda müxtəlif vaxtlarda  festivallar keçirilir. Festivallarda kəndlilər ən gözəl paltarlarını geyinir, bölgəyə xas musiqi alətləri olan kamança və tulumda ifa edir, Qara dəniz bölgəsinə xas xalq rəqsi olan xoron oynayırlar. Rəngarəng və olduqca əyləncəli yaylaq festivallarını görməyə dəyər.

Səfərimizi festival tarixlərinə uyğun təşkil etdim. Çünki istəyirəm ki, siz bu coşğulu festivalın şahidi olasınız. Buradakı yerli xalqı, yaylaq həyatını yaxından tanıyasınız. Rizənin demək olar ki, hər yeri dağlıq ərazidir.Burda düz ərazi görmək çox çətindir. Yavaş-yavaş, həm də diqqətli insanlarla Kaçqar yaylaqlarına qalxmağa başlayacağıq. Kəndlərdən keçəcəyik. Bu kəndlərin bir çoxunda qonaqlama imkanı olduğunu da unutmayın. Bəzi kəndlilər yaylaqlara çıxanlara öz evlərini təklif edirlər. Evlərdə qalmaq istəməyənlər üçün burda hostellər də mövcuddur. Kəndlərdən keçib yaylaqlara doğru irəlilədikcə hiss edirsən ki, sanki göyə doğru irəliləyirsən.

Ancaq əlbəttə ki, bütün yolu gəzməyəcəyik. Tezliklə əraziyə uyğun maşın gəlib bizi aparacaq. O gələnə qədər uzaqlardan gələn kamançanın səsinə qulaq asıb tünd yaşıl meşələrlə, buludlarla örtülmüş Kaçqarların möhtəşəm mənzərəsindən həzz alın...

İlk yaylağımız Anzer yaylağıdır. Dünyaca məşhur Anzer balı bu yaylaqda yetişdirilən beş yüzə yaxın güldən alınır. Bu balı bənzərsiz edən onun yalnız çiçəklərdən, həm də dünyanın heç bir yerində bitməyən çiçəklərdən alınmasıdır.  Bu balı xüsusi edən digər element isə arılardır. Anzer balı tükənməkdə olan Qafqaz arısı növündən əldə olunur. Anzer qeydiyyatdan keçmiş məhsuldur. Bu bal immunitet sistemini gücləndirir və bir çox xəstəliklərdə faydalıdır. Hündürlüyü iki min metrdən çox,  rəngarəng çiçəkləri və yaşılın onlarla çalarının olduğu Anzeryaylağı yürüyüş və şəkil çəkmək həvəskarları üçün cənnətdir!

İkinci dayanacağımız Pokut yaylağıdır. Bu, başı buludlara toxunan şam meşələri ilə əhatə olunmuş bir yaylaqdır.

Onu digər yaylaqlardan fərqləndirən ən mühüm xüsusiyyət bölgəyə xas olan taxta evləridir. Yerli və əcnəbi turistlərin böyük marağına səbəb olan bu evlərdən ən qədiminin 250 yaşı var və bəzilərində qonaqlama xidməti göstərilir. Dumanlı Pokut yaylağı evləri və mənzərələri ilə fotoqrafların sevimli məkanlarından biridir. Artıq buludlar dənizinə getməyin vaxtıdır. İndi sizinlə Huser yaylağına gedəcəyik və birlikdə günəşin batmasını gözləyəcəyik. Çünki bu təbiət möcüzəsi ancaq gün batımında meydana çıxır. Huser yaylağı Rizənin "buludların üstündəki yaylağı" kimi tanınır. Tezliklə buludlar dənizini öz gözlərinizlə görəcəksiniz!

Vadidən yaylağa doğru yavaş-yavaş yüksələn duman bulud dənizində inanılmaz mənzərə yaradır. İrəlidə gördüyünüz yelləncəyə minərək gözəl şəkillər çəkdirə və ya bu nağıla bənzər mənzərəni özünüz çəkə bilərsiniz.

Rizə yaylaqlarını anlatmağa vaxt kifayət etmir. Festivalları ilə məşhur olan Elevit və Amlakit, Kaçqarların ikinci ən yüksək zirvəsi olan Verçenik, macəra və adrenalin həvəskarlarının seçimi Ovit, zəngin bitki və heyvanat aləminin  zənginliyi və yeraltı isti suları ilə məşhur  Ayder...

Rizənin o qədər çox yaylağı var ki, hamısı haqqında biz danışmayaq, onları kəşf etmək sizə qalsın.



Әlaqәli Xәbәrlәr