Biz öz həyatımıza vəfalı olmalıyıq ki... (video-müsahibə)

TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytının qonağı nutrisioloq-diyetoloq Vəfa Əsgərlidir

1925988
Biz öz həyatımıza vəfalı olmalıyıq ki... (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı): Salam, TRT “Türkiyənin səsi” radiosunun dinləyiciləri və TRT/Azerbaycan saytının oxucuları. Tibbdə “Vəfalı həyat” metodikası ilə inqilab edən həkim qonağımız var, Vəfa xanım Əsgərli.

  Tibdə şəkər mövzusu ümumiyyətlə, bütün dünyanı narahat edən problemlərdən biridir. Az qala hər ailədə şəkər xəstəsi vardır. Şəkərin müalicəsi yoxdurmu? Şəkər xəstələri hər zaman çantalarında şəkər dərmanlarını gəzdirirlər.

Vəfa Əsgərli (nutrisioloq-diyetoloq): “Şəkər xəstəsi dərmandan asılıdır” deyirlər. İllərdir şəkərli diabet haqqında sağalmayan xəstəlik kimi danışılırdı. Sanki sənin qanında qan şəkəri yüksəkdirsə, sən diabetlə üz-üzə oldunsa, ömrünün sonuna kimi həblərdən asılısan. Ancaq hal-hazırda “Vəfalı həyat” metodikası ilə bu problemi kökündən həll edirik.

  Diabet qlütenə bağlı sağlıq problemidir. (Qlüten suda şişərkən xəmirdə əlaqəli elastik kütlə əmələgətirmə qabiliyyətinə malik zülal maddələri kompleksidir.) Diabet qidalanmaya bağlı sağlıq problemidir, nöqtə. Burada başqa bir söhbət yoxdur. Həblər, yəni qəbul etdiyimiz kimyəvi dərmanlar insulin dirəncini və diabetdə qan şəkərini normallaşdırmır, problemi ortadan qaldırmır, sadəcə simptomları azaldaraq şəkərli diabetin sinsicə daha da irəliləməsinə yol açırlar.

Sevda Mirzə (aparıcı): Demək, dərmanların həm də ziyanı var.

Vəfa Əsgərli (nutrisioloq-diyetoloq): Diabetdə qəbul etdiyimiz dərmanların çox faizi qaraciyər, böyrək və mədə-bağırsaq orqanlarında problemlər yaradır. Bizim immun sistemimizin 70 faizi bağırsaqlarımzıda yerləşdiyi üçün bağırsaqlarda yaranan problem immun sistemimizin çökməsinə səbəb, digər xəstəliklərinsə baş qaldırmasına yardımçı olur.

  Ümumiyyətlə, buradan belə bir fikir yürütmək istəyirəm: əgər dərmanlar diabeti müalicə edirsə, nəyə görə bu gün 30-35 ilin şəkəri var? Əksinə, nevropatenaya, retinapatenaya yol açır. Əgər dərman bunu sağaldırdısa, 1-2 ilə keçməlidir. Amma 30 il həb qəbul edəsən və xəstəlik də sağalmaya, bu necə olur? Artıq buradan belə bir fikir formalaşır ki, bəli, dərmanlar diabeti müalicə etməkdə acizdir.

  Dedik ki, diabet qidalanmaya bağlı sağlıq problemidir. O zaman biz qidalanma piramidamızda radikal dəyişikliklər etməli, fiziki aktivliyimizi maksimuma qaldırmalı, yüksək qan şəkərini kontrol altına almalıyıq. Bir ay müddətində ilk növbədə immun sistemimizi möhkəmlətməliyik.

  Kənardan dərmanlar orqanlarımıza müdaxilə edə bilmir. Çünki bizim özümüzün bir qalamız var. Bu qalanın başçısı immun sistemidir. 

Sevda Mirzə (aparıcı): Bəs dərmansız şəkər necə müalicə olunur?

Vəfa Əsgərli (nutrisioloq-diyetoloq): İllərdir tibbi diabetlərə yanlış yerə deyilir “Siz ağ deyil, qara çörək yeyin”. Bunun heç bir köməyi yoxdur diabetlərə. Və yaxud “Az-az yeyin, tez-tez yeyin”, bunlar da diabet xəstələrinə deyilən ən yanlış sözlərdir.

  Qidalanmada səhər, günorta, axşam yeməklərinə yer verəcəyik. “Vəfalı həyat”ın qızıl qaydalarından ən birincisi bu qidalanma saatları arasında olan məsafədir. Mədəaltı vəzimizə dinclik verəcəyik. Mədəaltı vəzimizdə mütəmadi olaraq insulin axını olmamalıdır. Tibbi daibetlərdə problem insulinin çoxluğundan və bizim hüceyrələrimizin insulinə qarşı həssaslığının itməsindən irəli gəlir. Ona görə mən üzümü diabetlərə tutub deyirəm: “Sizə deyilən “az-az yeyin, tez-tez yeyin” fikri yanlışdır. Yeməyimiz səhər, günorta və axşam olacaq. Səhərlə günortanın, günorta ilə axşamın arasında 4-6 saat fasilə olmalıdır ki, bu aralarda su, qara çay, bitki çayları, tərəvəz salatları - hamısı sərbəstdir. Sadəcə mədəaltı vəzini tərpədən, yəni qlükemik indeksi yüksək olan qidalara “yox” deyirik.

  Bundan başqa, deyilir ki, “diabetlər dadlandırıcılardan istifadə etsin”. Saf şəkərdən yox, dadlandırıcılardan. Bu isə xərçəngə yol açır. Çünki həmin dadlandırıcılar kimyəvidir, şəkər isə şəkər çuğundurundan, qamışından alınır ki, bu da qidanın anası torpaqdır. Anası torpaq olan qidaların heç biri bizim üçün yad deyil: biz onları biomənimsəyirik və özümüz üçün enerjiyə çeviririk.

  Əslində qlükoza bizim, beynimizin ilk enerji mənbəyidir. Ancaq biz çalışırıq, bunu qlükonik indeksi aşağı olan təbii qidalardan alaq ki, onları biomənimsəyək. Biz bunu qara kişmiş, xurma, qaysı kimi meyvə və tərəvəzlərdən qəbul edəcəyik. Dadlandırıcılar bizim həyatımıza daxil olmamalı və bizi xərçəngə aparmamalıdır.

Sevda Mirzə (aparıcı): Sizin bu sözləriniz həm də ona dəstək olur ki, şəkər xəstələri özlərini normal insanlardan kənarda görməsin. Adətən onlar “yox, mən bunu edə bilmərəm”, “gərək tez-tez yeyəm” kimi cümlələr işlədərək özlərini xəstə hesab edirlər. Hər gün, ay, il “mən xəstəyəm” fikri ilə yaşamaq nə deməkdir? Bu düşüncə ilə xəstə olmayan insan belə xəstə ola bilir. Sizin sözlərinizə görə, “mən də normal insanam, gündə 3 dəfə yeyirəm, sadəcə nədən bir az-az, nədən bir az çox yeməliyəm”. 

Vəfa Əsgərli (nutrisioloq-diyetoloq): Heç bir həkimin, heç bir insanın ixtiyarı yoxdur ki, qarşısındakına desin “Allahın yaratdığı bu nemət mənə olar, sənə olmaz”.

  Nutrisiologiya nəyi öyrədir? - İnsanla qida arasında olan münasbəti. “Vəfalı həyat”ın qızıl qaydası odur ki, biz hansı qidanı hansı ölçüdə hansı zamanda yeməliyik? Zaman çox önəmlidir. Qida ilə zamanı elə kombinasiya etməliyik ki, bizim qan şəkərimizi qaldırmasın, digər xəstəlikləri də özü ilə bərabər gətirməsin.

  Əslində meyvənin qlükomik indeksi çok yüksəkdir. Dünyada ən məşhur diyetoloqların fikirlərinə baxanda görürük ki, onlar diabet xəstələrinə meyvəni yasaq edirlər. Halbuki həyatın olmazsa olmazlarından biri meyvələrdir.

  Mən həm də farmakoziya müəlliməsiyəm. Farmakologiya dərman maddələrinin orqanizmə təsiri haqqında elmdir. Allah-taala bütün nemətləri, vitaminləri, mineralları, antioksidianları, yəni bizim təməl daşlarımızı meyvələrin, tərəvəzlərin, rəngarəng qidaların tərkibinə yığıb. Amma necə etməliyik ki, meyvənin qlükomik indeksini aşağı salaq və diabet onu asanlıqla qəbul edə bilsin.

  Darçın ədviyyatı haqqında bilirik. Misir heroqliflərində darçın bitkisi haqqında məlumat verilir. Bu bitki qlükomik indeksi 30 faiz aşağı salmaq gücünə malikdir. Diabet xəstələri deyirlər ki, “Bizə ancaq turş meyvələri yeməyi məsləhət görürlər”. Amma hər ikisinin tərkibində meyvə şəkəri var. İstər turş, istər şirin alma olsun, alıb kəsdik, dilimlədik, üzərinə bir çay qaşığı darçın səpdik, səhər və günorta yeməkləri arası yeyə bilərik. Günortadan sonra meyvə yemək olmaz. Çünki insan orqanizmi bir kimyəvi labarotoriyadır. Buna elə-belə baxmaq olmaz. Günün birinci yarısı karbohidratlara üstünlük verməliyik, çünki o zaman orqanizmimizdə karbohidratları həzm edən fermentlər aktiv olur. Amma günün ikinci yarısı proteinləri həzm edən fermentlər aktivləşir.

  Badam da qlükomik indeksi aşağı salır. Meyvənin yanına bir ovuc badam qoyacağıq. Badamın endospermində yağ toplanır. Bu, yağlı toxum hesab olunur. Həmin o yağlı toxumla bizim qəbul etdiyimiz meyvə şəkərinin kombinasiyası elə olacaq ki, qlükomik indeks aşağı düşəcək.

  Biz səhər, ya günorta yedik, doyduq, mədədə bir hasar tikdik, sonra meyvə yeyərkən ora darçın və bir ovuc badam əlavə elədiksə, bunların hamısı həmin o meyvənin qlükomik indeksini aşağı salır və onun porsiyalarla qana sovrulmasına imkan yaradır. O da asta-asta sovrulunca qan şəkəri yüksəyə qalxmır, mədəaltı vəzi yüklü işləmir.

  Biz qlükoza enerjisini həm də fiziki hərəkətlə tənzimləməliyik. Fiziki hərəkət mütləqdir, xüsusilə də təmiz havada, daha çox oksigen qəbul edərək. Oksigen katalizatordur. Kimyəvi labarotoriya olan orqanizmdə saniyədə milyonlarla çevrilmə baş verir. Bu çevrilmələrin aktiv getməsi, daha yaxşı sonlanması üçün katalizatora ehtiyacımız var. Yeməyini, meyvəsini qəbul edəndən sonra 1 saat təmiz havada gəzmək lazımdır ki, o enerji parçalansın və bizim enerjimizə çevrilsin.

  Söylədiklərim hələ aysberqin görünən tərəfləridir. İnsulin dirəncli xəstələrdə qan şəkəri, qaraciyər sınaqları yüksəkdir. Çünki lipid mübadiləsi pozulur, triqilisitlər yüksəlir. Yavaş-yavaş ürək-damar xəstəliklərinə doğru gedir. İnfarkt, ürəkdə stend qoyulması, yəni bunların hamısının kökü insulin dirəncinə bağlıdır. “Vəfalı həyat”da təkcə qan şəkərləri kontrol altına alınmır, bütün orqanlarda sağalma gedir və adam 10 yaş cavanlaşır.

Sevda Mirzə (aparıcı): Şəkər həqiqətən də irsi xəstəlikdirmi?

Vəfa Əsgərli (nutrisioloq-diyetoloq): Bu, onun etiologiyalarından biridir. Ümumiyyətlə, bizim xromosomlarımızda nə varsa, özünü büruzə verir. Bir çox xəstəliklər irsidir. Amma biz onu dominant da edə bilərik, sakit də buraxa bilərik. Deyək ki, sizin nəslinizdə diabet yoxdur, amma mənim ata tərəfimdə də, ana tərəfimdə də diabet var. Ata, ana ikisi də diabetdirsə, mənim diabet olma potensialım yüksəkdir, 100 faizdir. Əgər bir tərəf diabetdirsə, bu rəqəm 50, əgər yaxın qohumlardan biri diabetdirsə, 25 faiz olur. Bunlar risk qrupu sayılır və bu sıradakı insanlar özlərini qorumalıdır. Həmişə qlükomik indeksi aşağı olan qidalara üstünlük vermək, fiziki aktiv olmaq, qısası, daha sağlam həyat tərzi keçirmək lazımdır.

  Sizin heç bir nəslinizdə diabet yoxdursa, qeyri-sağlam həyat tərzi keçirirsinizsə, o zaman da daha çox diabetə doğru gedirsiniz. Mən rastıma gələn xəstələrdə görürəm ki, onların 90 faizi genetika ilə bağlı deyil.

  Müasir dövrdə diabet gəncləşib deyil, artıq uşaqlaşıb. 4, 5, 7 yaşlarında n sayda diabet xəstələrilə işləyirəm. Əvvəllər bizim bədənimizdəki beta hüceyrələri basqılayır, insulin hasil olunurdu. Amma indi, gəlir, soruşuram: “Qazlı şirin içki?” Kifayət qədər. Paketlənmiş qida? Kifayət qədər. “Fast-food”? Kifayət qədər. Fiziki aktivlik isə sıfır. Artıq buradan mənə siqnal gəlir ki, bu uşaqda antiimmun deyil, onda qidalanması ilə bağlı törənən, yəni mədəaltı vəzinin yüklənib get-gedə sıradan çıxması ilə baş verən tibbi diabet ortaya çıxıb.

  Mənim pasientlərim həm təzyiq, həm şəkər aparatlarını unudur.

Sevda Mirzə (aparıcı): Başqa ölkələrdə də şəkərin dərmansız müalicəsi varmı?

Vəfa Əsgərli (nutrisioloq-diyetoloq): Mən bir uğuru əldə edəndə düşünmədim “Bu, Vəfa Əsgərlinin uğurudur”, düşünürəm ki, bir Azərbaycan-türk xanımının uğurudur. Ona görə bu, məni xoşbəxt edir. Harada bu müalicə üsulu var, ya yoxdur, bu barədə dəqiq məlumat verə bilmərəm, ancaq onu deyə bilərəm ki, İsrail, Almaniya, Avropanın bir sıra qabaqcıl ölkələri olan İsveçrə və Fransadan müalicə olunub dərdinə çarə tapmayan çoxlu xəstələr var ki, Azərbaycanda – “Vəfalı həyat”da öz şəfasını tapır.

  Mən düşünürəm, biz öz həyatımıza vəfalı olmalıyıq ki, həyatımız da bizə vəfalı olub bizi yarı yolda qoymasın. Həyatımıza, orqanlarımıza vəfalı olaq ki, bizi doya-doya bu həyatda yaşatsın.    

                                          

                            



Әlaqәli Xәbәrlәr