Ukrayna müharibəsinin Orta Şərqə təsiri

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın "Ukrayna müharibəsinin Orta Şərqə təsiri" başlıqlı yazısı...

1889308
Ukrayna müharibəsinin Orta Şərqə təsiri

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi və Ukraynanın 4 bölgəsinin referendum keçirilərək ilhaqı ilə Ukraynada müharibə yeni mərhələyə qədəm qoydu. Rusiya indiki mərhələdə; Luqanks, Donyetks, Xerson və Zaporojya bölgələrində referendum keçirərək bu bölgələri öz ərazi bütövlüyünün bir hissəsi kimi elan etdi. Putin ilhaqa dair sazişlərin  imzalandığı gün bu torpaqlara hücumun Rusiyaya hücum olacağını da açıqladı və nüvə silahından istifadə edilməsi də daxil Rusiyanın cavabının sərt olacağını bildirdi. Lakin meydanda vəziyyət Rusiyanın istədiyi kimi getmədi. Ukrayna Ordusu xüsusilə Cənub-Şərq cəbhəsində Rusiyaya qarşı irəliləməyə davam edir və Rusiya hər gün daha çox itkilər vermək durumunda qalır. Digər tərəfdən, qismən səfərbərlik elan edildikdən sonra prosesin xeyli yavaş irəlilədiyi görünür. Rusiya əsgərləri 8 aylıq müharibədən yorulub və bu vəziyyət orduda döyüş həvəsini azaldıb. Putinin nüvə təhlükəsi qarşısında ABŞ-ın "cavab verərik" açıqlaması da müharibənin dərinləşməsi ehtimalını artırıb. İlhaq qərarından dərhal sonra ABŞ Ukraynaya 625 milyon dollarlıq yeni yardım etdi. Hərbi yardım Ukraynanın Rusiya qarşısında üstünlük əldə etmək şansını artırır. Avropa isə enerji böhranı ilə mübarizə apararkən Rusiyaya qarşı daha əhatəli sanksiyalar tətbiq etmək qərarına gəldi. Bütün bunlar baş verərkən, Orta Şərq və Şimali Afrika bölgəsi müharibədən təsirlənməyə davam edir.

Müharibənin bölgəyə ən əhəmiyyətli təsiri mövcud regional böhranların həlli istiqamətində atmosferin parçalanmasıdır. Liviya, Suriya, Yəmən, İraq və İranda yaşanan problemlər beynəlxalq ictimaiyyətin Ukrayna müharibəsinə diqqət yetirməsi səbəbindən həll yolundan kənarda qalıb. Bu problemlər arasında xüsusilə Liviya, Suriya və Yəməndə problemin həlli üçün arzu edilən siyasi həll yolu ilə meydandakı reallıqlar arasında ciddi fərqlər var. Bu vəziyyətin nəticəsidir ki, problemə cəlb olunan yerli və xarici aktorlar arasında fərqlər getdikcə genişlənir. Məsələn, Suriya məsələsində konstitusiyanın yazılması kontekstində davam edən həll prosesi Ukrayna müharibəsi ilə yavaşladı və dalana dirəndi.

Ukrayna müharibəsinin digər təsiri Şimali Afrika və Orta Şərq regionunda güclər arasında yeni geosiyasi mübarizənin yaranmasıdır. Rusiyanın Suriya və Liviyada yaratdığı hakimiyyət boşluğu, ABŞ-ın Orta Şərq prioritetinin getdikcə dəyişməsi və ya qeyri-müəyyənliklər yaşaması və avropalı ölkələrin Rusiya ilə mübarizəyə fokuslanması səbəbindən bölgə ölkələri yeni mübarizəyə üz tutdular. Suriyada Türkiye və İranın Rusiyanın yaratdığı hakimiyyət boşluğunu doldurmaq istəyi buna misaldır. Liviyada baş verənləri də oxşar şəkildə nəzər salmaq lazımdır.
Ukrayna müharibəsindən sonra Qərbin əhatəli  sanksiyaları ilə üzləşməsi Rusiya ilə ərəb ölkələri arasındakı münasibətləri də dəyişdi. Xüsusilə Rusiyadan müdafiə məhsullarını idxal edən ərəb ölkələri indi yeni müdafiə tərəfdaşı axtarır. Rusiya Orta Şərq ölkələrində mühüm silah satıcısı kimi ön plana çıxır, lakin indiki müharibə Rusiyanı prioritetlərini dəyişməyə məcbur edib. Bu vəziyyət Orta Şərq ölkələri ilə Qərb arasında yeni fürsət yaratsa da, bölgədəki aktyorlar Çin və Türkiye kimi alternativ silah tədarükçülərinə üz tuturlar. Türkiye ilə Birləşmiş Ərəb Əmirlikləri arasında SİHA alqı-satqı müqaviləsi bu nümunələr arasında ən maraqlı nümunələr sırasındadır.
Ukrayna müharibəsinin ən pis təsirlərindən biri müharibə səbəbindən Şimali Afrika və Orta Şərq ölkələrində ərzaq təhlükəsizliyi böhranıdır. Bir çox ölkələr həyati əhəmiyyəti olan məhsulları, xüsusən də buğdanı ya Rusiyadan, ya da Ukraynadan idxal edir. Misal üçün, Misir ehtiyac duyduğu buğdanın 80 faizini Rusiyadan idxal edir. Müharibənin yaratdığı istehsal və tədarük problemi səbəbindən bir çox ölkə ərzaq təhlükəsizliyi baxımından çox kövrək vəziyyətdədir. Şimali Afrika və Orta Şərq regionunun əhalisinin ərzaq təhlükəsizliyi baxımından dünya əhalisinin 20%-ni təşkil etdiyini nəzərə alsaq, ərzaq böhranının dərinləşməsinin yeni sosial iğtişaşlara səbəb olacağı ehtimal edilir. Bu cür iğtişaşlar münaqişələri dərinləşdirə və yeni mühacir dalğalarının yaranmasına səbəb ola bilər.
Müharibənin digər mühüm təsiri də enerji sahəsindəki inkişaflardır. Şübhəsiz ki, neft və təbii qazın qiymətinin artması neft və qaz hasil edən ölkələrin gəlirlərinin artmasına səbəb olacaq, lakin qiymət artımı ilə bağlı ortaya çıxan yeni xərclər və qlobal iqtisadi böhran region ölkələrinə də mənfi təsir göstərəcək. Bu halda, xüsusilə iqtisadi cəhətdən kövrək ölkələrdə yeni qeyri-sabitliyə səbəb ola bilər.

Bütövlükdə nəzər salındığı zaman, Ukrayna müharibəsinin təkcə Avropa üçün dəyişikliyə səbəb olmadığı, həm də qlobal sistemə təsir edən böhrana çevrildiyi görünür. Şimali Afrika və Orta Şərq də bu böhrandan mənfi təsirlənməkdədir.



Әlaqәli Xәbәrlәr