Anadolunun ən böyük, antik dünyanınsa üçüncü kahin mərkəzi - Apollon məbədi

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Aydın rayonunun Didim qəsəbəsində yerləşən, Anadoluda ən böyük, antik dünyanınsa üçüncü mühüm kahin mərkəzi olan Apollon məbədi haqqında danışırıq

1875984
Anadolunun ən böyük, antik dünyanınsa üçüncü kahin mərkəzi - Apollon məbədi

 

  Bəziləri üçün gələcək haqqında eşitmək böyük bir həvəsdir. Hətta günün falını oxumadan proqramını qura bilməyənlər belə var.

  Afrikadakı ibtidai qəbilələrdən tutmuş bugünkü müasir insanlara qədər adamlar gələcəkləri ilə maraqlanır, buna vaxt və pul sərf edirlər. Bilinməyənləri öyrənmək və bəlkə taleyi dəyişdirmək mümkünlüyü ilə gələcəyi görmək istəyi əsrlər boyu aktuallığını itirməyən bir maraqdır. Qədim Çindən Mesopotamiyaya, Misirdən Roma imperiyasına qədər bütün dünyada minlərlə uzaqgörmə mərkəzləri yaradılıb, müxtəlif falabaxma üsulları işlənib.

  Antik dövrün ən yaxşı qorunmuş məbədləri arasında sayılan Apollon məbədi eyni zamanda qədim dünyanın üçüncü ən böyük uzaqgörmə mərkəzi sayılıb.  

  Türkiyənin Aydın rayonunun Didim qəsəbəsində yerləşən Apollon məbədi İoniya dövlətinin paytaxtı olmuş Miletin ziyarətgahı, Efes və Priene kimi görkəmli şəhərlər üçün müdriklik mərkəzi idi. Onun tikintisi yüz illər çəkib və antik dövrün tanınmış coğrafiyaşünası Strabonun sözlərilə desək, “Nəhəngliyinə görə onun üstünün örtülməsi mümkün olmayıb”. Müharibələr və yanğınlar nəticəsində dağılan məbəd Makedoniyalı İskəndər, daha sonra Roma imperatorları tərəfindən yenidən inşa edilib.

  Yunan mifologiyasının aparıcı tanrılarından olan Apollon incəsənət, musiqi, ilham, həm də gələcəyioxuma tanrısıdır. Rəvayətə görə, Apollon bir gün çoban Branxosla (Brankhos) qarşılaşır, söhbət edirlər və ona falcılığın sirlərini öyrədir. Bu ilahi qabiliyyətə qarşılıq olaraq Apollon üçün ilk məbədi tikən çoban Branxosun nəsli çox uzun illər burada həm kahin, həm də idarəçi olub.

  Antik dünyanın bu hikmət mərkəzi zamanla o qədər əhəmiyyət kəsb edib ki, padşahlar başqa ölkələrə müharibə elan etməmişdən və tacirlər dənizə çıxmamışdan əvvəl gələcəyi öyrənmək üçün bu məbədə gəliblər. Apollondan soruşmadan heç kim vacib qərarlarını verməzdi.

  Qazıntılar zamanı tapılan peyğəmbərlik mətnlərinə görə, gələcəkdə nə olacağını öyrənmək istəyənlər əvvəlcə müəyyən haqq ödəyir, maddi vəziyyəti yaxşı olanlar isə məbədə qurban kəsirdilər. Kahin gələcək haqqında fikir söyləməzdən əvvəl 3 gün oruc tutur, müqəddəs suda yuyunur və eyni şəkildə də qurbanı hazırlayırdı. Tanrı Apollona istədiyi sualı kağıza yazaraq çatdıran kahin sonra məbədin ən vacib elementi olan müqəddəs suya baxaraq gələcəyi görür və uyğun bir zamanın sonunda cavab verirdi. Yazılanlara görə, kahinlər heç vaxt qəti mühakimə yürütmür, müxtəlif mənalara yozulan sözlərlə fikirlərini ifadə ediblər. İnsanlar kahinlərə inanmağa, məbədi ziyarət etməyə və gələcək haqqında eşitməyə davam edirdilər, ta ki Xristian dini yarandı, yayıldı, falçılıq, cadugərlik qanundan kənar iş sayıldı.

  Hündürlüyü 25 metr olan Apollon məbədi günümüzə qədər gəlib çatmış, möhtəşəm sütunları, dövrünün ən böyük tək parçası olan nəhəng mərmər bloku və bənzərsiz planı ilə son dərəcə təsiredici bir ziyarətgahdır. Bəlkə o tamamlansaydı, antik dünyanın 7 möcüzəsindən biri olardı. Əsrlər keçsə də, sənətkarlığı, ölçüsü, texniki yenilikləri və materialların keyfiyyəti ilə insanı özünə heyran qoyur bu məbəd. 

  Apollon məbədi girişindəki Meduza başı ilə ziyarətçilərini qarşılayır. Yunan mifologiyasına görə meduza yeraltı dünyadakı üç qardaşdan biridir. Bu ilan tüklü heyvanın baxışları ilə hər şeyi daşa çevirdiyinə inanılıb. Ona görə qədim yunanlar qorumaq istədikləri bina və ziyarətgahlarda meduzanın heykəlini, büstünü yerləşdirmiş, qalxan və zirehlərinə onun əksini vurmuşlar. Apollonun girişində isə meduzanın başı məbədi pislikdən qorumaq üçün qoyulmuşdu.

Apollon məbədindəki bulaq suyu və dəfnə ağacı qədim zamanlardan müqəddəs sayılıb. Bu içməli su mənbəyi həm də ziyarətgahın əsasını təşkil edərək falçılıq, gələcəyigörmə çeşməsi kimi istifadə olunub və tanrıların göydən göndərdiyi xəbərdarlıqları qəbul etmək üçün heç vaxt örtülməyib. Təəssüf ki, bu gün bu çeşmə yoxdur.  

  Zəngin və təmtəraqlı bəzəkləri olan məbədin nəhəng sütunları da cəzbedicidir. Məbəddəki 120 sütun təkcə Anadolunun deyil, bütün Roma imperiyasının ən diqqətçəkən sütunları olub. Vəhşi mifoloji heyvanlar və bölgənin bitkiləri ilə bəzədilmiş sütun altlıqları usta məharətini ortaya qoyur. Əhəngdaşı və mərmərdən hazırlanmış sütunları, zəngin qabartmaları və heyrətamiz gözəl quruluşu ilə məbəd memarlıqda estetik qayğının təxminən 2500 il əvvəl mövcud olduğunu göstərir.

  Didim Apollon məbədi ilə eyniləşdirilsə də, onun ətrafında əsrarəngiz təbii ərazilər var. Bölgənin ən mühüm çayı olan Böyük Menderes və deltası ilə Dilek Yarımadası milli parkı xüsusilə görülməyə dəyər. Çünki burada Aralıq dənizi və Sibir florasının nümunələri var. Milli Park özünəməxsus bitki müxtəlifliyinə görə Avropa Şurası tərəfindən "Flora biogenetik qoruğu ərazisi" kimi tanınıb.

  Böyük Menderes deltası Türkiyənin mühüm quş müşahidə zonalarından biri olan Bafa gölü ilə iç-içə bir bataqlıqdır. Biomüxtəliflik, endemik növlər və nəsli kəsilməkdə olan canlıların təbii yaşayış yeri olduğu üçün beynəlxalq əhəmiyyət daşıyır. Buna görə də Ramsar, Bern, Rio və Barselona konvensiyalarının qərarları ilə qorunur.

  Didim antik şəhərində Apollon məbədini görməyə gələnlər Dilek Yarımadası milli parkı və Böyük Menderes deltasına da baş çəksə, yaxşı olar - aldıqları məlumatlar və gördükləri kompleks şəkildə bir-birini tamamlayar.

  Göründüyü kimi, gələcək haqqında öyrənmək qədim dövrlərdən bəri insanlar üçün əvəzsiz maraq mənbəyi olub. Biz planlar qururuq, ancaq zamanın bizə nə gətirəcəyi bəlli deyil. Həyat bilinməyənlər və sürprizlərlə doludur.



Әlaqәli Xәbәrlәr