Anadoluda ilk sənətkarlar birliyinin qurulduğu antik Teos şəhəri

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Anadolunun ilkləri tarixinə ilk sənətkarlar birliyinin qurulduğu şəhər olaraq düşən Teos antik şəhərindən, Dionis məbədindən danışırıq

1863886
Anadoluda ilk sənətkarlar birliyinin qurulduğu antik Teos şəhəri
Teos antik şəhəri_03.JPG
Teos antik şəhəri_04.JPG

 

  Burada külək unudulmuş bir şeirin minillik sətirlərini pıçıldayır. Əsrlər boyu zeytun ağaclarından bir melodiya eşidilir. Bir tamaşanın monoloq və dialoqu iki min illik antik teatrın səhnəsindən yüksəlir. Bilinmir ki, burada zaman dayanıb, yoxsa insan o sükuta qərq olduğu üçün özünü belə hiss edir.  

  İstəkli dinləyicilər, TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Efes və ya Aspendos qədər məşhur olmasa da, Anadolunun ilkləri tarixinə ilk sənətkarlar birliyinin qurulduğu yer olaraq düşən Teos antik şəhərindən və Dionis məbədindən danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm.

  Bu gün Türkiyənin İzmir vilayətinin Seferihisar qəsəbəsində qərar tutan antik Teos qədim dövrlərdə İoniya bölgəsinin ən mühüm şəhərlərindən biri olub. Coğrafi mövqeyi, dəniz və xüsusilə iki limanının olması Teosa üstünlük verib və zaman keçdikcə ticarət əhəmiyyəti olan böyük bir şəhərə çevrilib. 

  Antik dövrdən qalan Cənub liman körpüsü Anadolu sahillərində ən yaxşı qorunan körpülərdən biridir. Aparılan araşdırmalar və arxeoloji qazıntı işləri nəticəsində Teos limanlarında təxminən 50 gəminin lövbər saldığı müəyyən olub. Antik dövr üçün bu, kiçik bir rəqəm deyil. Liman şəhəri olduğuna görə Teos dəniz ticarətində fəal rol oynayıb, sürətlə inkişaf edib və teosluların alış-verilş əlaqələri Misirə qədər uzanıb.

 Teos təkcə ticarət uğurları ilə deyil, həm də mədəniyyət şəhəri olaraq inkişaf edib və diqqət mərkəzində olub.

  Yunan mifologiyasının məşhur tanrılarından biri olan Dionis (Diyonizos) üçün Anadoluda tikilmiş ən böyük məbəd Teosdadır. Dionis bitki, məhsuldarlıq və təbiət tanrısı sayılırdı.  

 Antik dövrdə ən çox diqqət yetirilən mövzulardan biri də məbəd memarlığı idi. Dövrün mühəndisləri mükəmməl plana nail olmaq üçün müxtəlif üsul və üslublar yaradırdılar.

  Anadoluda Ellinizm dövrünün məşhur memarı Hermogen Dionis (Hermogenes de Dionysos) məbədində ilk dəfə fərqli dizayn tətbiq etdi: memarlıq elementlərini yerləşdirməzdən əvvəl məbədin döşəməsini şahmat taxtası kimi kvadratlara böldü və sonra onları səliqəli şəkildə yerləşdirdi.

  Dionis Teos şəhərinin baş tanrısı olduğu üçün üzüm və təbiətin də qoruyucusu sayılıb. Məbəd kahinləri ilin müəyyən vaxtlarında tanrı Dionis üçün bayramlar keçiriblər. Klassik dövr yunan teatrının başlanğıcı olan bu şənliklərdə kahin və din adamları da rol alıb.

  İncəsənətə verilən qiymətin sorağı ilə Teosa başqa yerlərdən də rəssamlar və filosoflar gəliblər. Teos uzun illər sənət şəhəri kimi tanınıb və Anadolunun ilk sənətkarlar birliyinin yaranmasına səbəb olub.

  Şairlərdən, musiqiçilərdən və teatr aktyorlarından ibarət olan Dionis Sənətkarlar Birliyi Teosda antik dövrün tanınmış mədəniyyət xadimlərini bir araya gətirib. Sonralar belə birliklər digər şəhərlərdə də yaranmağa başlayıb.

  Antik Teos şəhərindəki buleterion (bouleuterion), yəni parlament binası, akropol (akropolis), yəni yuxarı şəhər (şəhərin yuxarı şəhər adlanan yüksək və möhkəmləndirilmiş hissəsi), gimnaziya (gymnasium) və teatr kimi mühüm tikililər Teosun bir vaxtlar nə qədər əhəmiyyətli və güclü olduğunun göstəricisidir. Amma təəssüf ki, Dionis məbədi ötən illərə və dağıdıcı zəlzələlərə tab gətirə bilməyib. Arxeoloqlar qazıntılar zamanı yeni tapıntıların üzə çıxacağını və nəticədə Teosun Efes və Aspendos qədər möhtəşəm bir antik şəhər olduğunun ortaya çıxacağını söyləyirlər.

  Antik Teos şəhəri təkcə memarlıq abidələrinin qalıqları ilə deyil, kitabələri ilə də tədqiqatçıların diqqətini çəkir. Çünki kitabələr torpaqla qarışmış tarixin maddi sənədləridir. Məsələn, qazıntılar zamanı üzə çıxarılan kitabələrdən biri Anadoludakı ən qədim icarə müqavilələrindən biridir. Başqa bir yazıda isə məktəb dərsləri üçün fond yaradıldığı və müəllimlərə nə qədər maaş veriləcəyi bildirilir. Digər kitabədə isə imtahanların bulvar kənarı və ya parlament binasında olacağı yazılır. Bütün bunlar “Söz uçar, yazı qalar” deyimini bir daha təsdiq edir.

Məni tapa bilməsən, narahat olma:

Əşyalarımı tapacaqsan.

Kəsdiyim daşları, çəkdiyim yolları,

Ucaltdığım heykəlləri tapacaqsan.

Və görəcəksən ki, barmaq izlərimiz

Minlərlə il uzaqdan bir-birinə toxunur.

  Bir antik dövr şairi belə ifadə edib, sanki Teos və digər qədim şəhər və abidələrin aqibətini əvvəlcədən bilirmiş kimi.



Әlaqәli Xәbәrlәr