Anadolunun məşhur duz yolu

Türkiyənin Anadolu bölgəsində yerləşən, Kral yolu kimi tanınan Via Sebaste və onun əhəmiyyətli hissəsi olan İsauriya Duz yolundan danışırıq

1860619
Anadolunun məşhur duz yolu
Via Sebaste_İsauriya duz yolu.jpg

 

  “Atasını duz kimi sevən şahzadə” nağılında kral qızlarından onu nə qədər sevdiklərini soruşur. Böyük qızlar "Qızıl və brilyantlar qədər" deyə cavab verirlər. Balaca şahzadə isə "Duz qədər" deyir. Kral çox məyus olur və qızını saraydan uzaqlaşdırır. İllər sonra baş verən hadisələr qızının nə demək istədiyini atasına anladır.

  Görəsən, kimsə sizi duz qədər sevdiyini söyləsə, siz necə reaksiya verərdiniz? Nağıldakı kral kimi hirslənərdiniz, yoxsa niyə belə dediyini başa düşərdiniz?

  Sağlamlıq baxımından duzun artıq istifadəsi zərərdir, amma duzsuz da olmaz, üstəlik o yemək belə bizə dadsız və şit gəlir. Bədənimiz üçün vacib olan duz, yəni natrium xloridin orqanizmdə suyun paylanması, sinir impulslarının neyronlara ötürülməsi və əzələlərin yığılmasında böyük rolu var.

  Qədim zamanlardan insanlar duza daha çox yeməklərin dadını artıran bir ədviyyat kimi baxıb. Buna görə də duz vacib bir əmtəə idi, İpək yolu, Ədviyyat yolu kimi həm də Duz yolları var idi.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Anadolu bölgəsində yerləşən, Kral yolu kimi tanınan Via Sebaste və onun əhəmiyyətli hissəsi olan İsauriya Duz yolundan danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb.

  Anadolu min illər boyu çox mədəniyyətə ev sahibliyi edib. Hetlərdən başlayaraq bu coğrafiyada hakim olan bütün dövlətlər yollar çəkdirib, həm müxtəlif bölgələri birləşdirib, həm də həmin ərazilərin təhlükəsizliyini təmin ediblər.

  Yol çəkilişinə ən çox Roma imperiyası əhəmiyyət verib. Çünki yol şəbəkələri dövlət üçün suverenliyin ən mühüm simvollarından biri sayılır. Fəth edilən ərazilərdə görülən ilk işlərdən biri şəhərləri birləşdirəcək yolların çəkilməsidir. “Roma torpağı yollarının olduğu yerdədir” prinsipinə əsasən bütün imperiya yol şəbəkələri ilə örtülüb.

  Romalılar təkcə yollar çəkmirdilər, həm də bu yolların ətrafında mehmanxanalar, qarnizonlar və körpülər tikirdilər.

  Anadoluda ən yaxşı qorunmuş Roma yolu - Via Sebaste kral yolunun təxminən 2 min il yaşı var. Patara, Saqalassos və Perge kimi mühüm şəhərlərin yerləşdiyi Likiya, Pissidiya və Pamfiliya bölgələrini Anadolunun içi ilə birləşdirən, strateji əhəmiyyətli yol olan Via Sebastenin bir hissəsi daş qayada oyularaq, bir hissəsi isə daş döşənərək salınıb.

  Bu yolun Kilikiya dəniz quldurları ilə mübarizə aparmaq üçün də salındığı deyilir. Amma geniş bir ərazini əhatə edən Via Sebaste kral yolunun bir hissəsi qiymətli bir məmulatı daşımaq məqsədi daşıyırdı: bu, o dövr üçün bahalı olan duz idi. Çünki bu gün çox asanlıqla əldə edilən duz qədim zamanlarda qıt məmulatlar sırasındaydı. Duzla zəngin yerlər ticarət mərkəzlərinə çevrilirdi. Anadolunun qədim sakinlərindən və mədəniyyətlərindən olan Hetlər duz ticarətinin qaydalarını mixi yazılarında əks etdirmişlər. Bir müddət Roma əsgərləri maaş yerinə duz alıblar. Belə bir qiymətli maddənin daşınması üçün Duz yolları və şəbəkəsi yaranıb.

  Via Sebaste kral yolunun mühüm hissəsini təşkil edən İsauriya yolu duz yolu idi. Bu yol romalıların "Tatta Lacus" adlandırdıqları Anadolunun yeganə duz mənbəyinə, yəni Duz gölünə qədər uzanırdı. İki min il ərzində Pamfiliya sahilindən İzauriyaya bu yolla zeytun yağı, qayıdarkən isə duz daşınıb. Duz həm əmək haqqı əvəzi olur, həm antiseptik kimi istifadə edilərək yeməkləri qoruyur, həm də xörəklərə dad verirdi. Antik dövrdə duzdan istifadə edilməyən ərazi olmayıb.  

  Konya və Antaliya arasında yerləşən İsauriya (İsauria) antik duz yolu beynəlxalq işarələmə sisteminə uyğun olaraq qeydə alınıb və yeni trekkinq marşrutuna çevrilib. İki min il yaşı olan, vaxtilə duz karvanlarının getdiyi bu duz yolu sisternlər, quyular, meyxana xarabalıqları və körpülər arasından keçən 175 km.-lik bir yoldur.

  Duz dilimizdə, deyim və atalar sözlərimizdə də mühüm yer tutur. Kiməsə azacıq da olsa kömək etmək istəyəndə “Şorbada bizim də duzumuz olsun” deyirik. Əgər kimsə başqasının yaşadığı ağrıları xatırladan sözlər deyirsə, “yarasına duz basma” deyə xəbərdarlıq edirlər. Dava-dalaşı şiddətləndirən hərəkətlər edənlərə “Duz-istiot tökdün” deyirlər. “Ətdən iy gəlincəmi duzlanar?” sözləri isə çarə sayılan bir şeyin də gec qaldığı anlamına gəlir. Əşya düzəldilməyəcək dərəcədə qırılanda, sındırılanda “Duzla buz oldu” deyilir. Əgər hər hansı əşya bizim alıcılıq qabiliyyətimizdən kənardadırsa, bahalı deyil, “duzlu” deməyə üstünlük verirlər.

  Yunan dilində "duza qarşı günah etmək", farscada "duza xəyanət etmək" və türkcədə "duz haqqı" kəlmələri hər mədəniyyətdə duza dəyəri, hörməti və izzəti göstərir.

  Mütəxəssislər müəyyən ediblər ki, insan duzu öz həyatına 11 min il əvvəl daxil edilərək ondan yeməklərin qurudulması və saxlanılmasında, tilsim və müxtəlif ayinlərdə, mübadilə və maaş ödəmələrində istifadə ediblər. Duzun az olduğu coğrafiyalarda o, kilometrlərlə daşınan ticarət məhsulu olub. Ona görə də antik zamanlardan İtaliyada, Almaniyada, Anadoluda belə Duz yolları salınıb.



Әlaqәli Xәbәrlәr