Xristianlığın ilk şurası və Anadolunun ilk türk paytaxtı olan İznik

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə xristianların ilk şurasına ev sahibliyi etmiş, Anadolunun ilk türk paytaxtı, Türkiyənin Bursa bölgəsində qərar tutan İznik elindən bəhs edirik

1849681
Xristianlığın ilk şurası və Anadolunun ilk türk paytaxtı olan İznik
İznik.JPG
İznik darvazaları.jpg
İznik sütunları.jpeg
İznik sütunları_.jpg

Anadolunun ilk türk paytaxtı

 

  Xristianlığın ilk şurasına ev sahibliyi edən və Anadolunun ilk türk paytaxtı olan İznik

  Tarixin mühüm və qalıcı izlərini daşıyan Anadolu adı sivilizasiya sözü ilə bağlıdır və bu, təsadüfi deyil. Onlarla sivilizasiyaya, mədəniyyətə, dövlətə qucaq açıb bu torpaqlar. Bəşəriyyətin elm, ədəbiyyat, fəlsəfə kimi çox sahələrində inkişaf prosesinə rəhbərlik edib. Bu coğrafiya atəşə sitayiş edənləri də görüb, tanrılara, ilahələrə inananları da. Monoteist dinlər də olub burada, çoxallahlı dinlər də. Yəhudi, xristian və müsəlman ibadət yerlərinin çoxluğu ilə insanı heyrətə gətirən Anadolu məhz buna görə “dinlərin beşiyi” adlanır və dinlərin tarixindən danışarkən bu torpaqları gözdən qaçırmaq mümkün deyil. Bu coğrafiyada dinlər formalaşıb, inkişaf edib, xüsusilə xristianlıq Anadoludan çevrəsinə yayılıb.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə xristianlıq üçün danılmaz əhəmiyyəti olan, dörd fərqli mədəniyyətin izlərini daşıyan, xristianların ilk şurasına ev sahibliyi etmiş, Anadolunun ilk türk paytaxtı, türk dekorativ kaşı sənətində böyük yeri olan, Türkiyənin Bursa bölgəsində qərar tutan İznik elindən danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə təqdim edir.

  İznik hal-hazırda Türkiyənin Bursa şəhərinin bir qəsəbəsidir. Onun tarixi Ellinizm dövrünə gedib çıxır.

  Roma, Bizans, Səlcuqlu və Osmanlı dövlətlərinin izlərini daşıyan Bursa hər zaman bir cazibə mərkəzidir. Gölü və münbit torpaqları tarix boyu insanları özünə çəkib.

  İznik xristian dünyasında xüsusi əhəmiyyətə malikdir. Çünki burada xristianlığın ilk ekumenik şurası toplanıb. Bu yığıncaqlar məclisində bütün xristian dünyasına aid mühüm dini məsələlər müzakirə olunub və qərarlar verilib. Buna görə də tarixə Birinci Nikeya (İznik) Şurası kimi düşən İznik toplantısı böyük əhəmiyyəti kəsb edir. Dünyanın hər yerindən yepiskopların gəldiyi bu şurada xüsusilə iki mühüm məsələ müzakirə olunub.

  Birincisi, Həzrət İsanın Allahın oğlu deyil, insan olduğunu irəli sürən fikir, hansı ki, şurada qəbul olunmayıb və İsanın Allahın oğlu olduğuna inam adi hala çevrilib. Toplantıda müzakirə edilən və həll olunan digər məsələ isə Pasxa bayramının tarixi ilə bağlı olub.

  Birinci Nikeya Şurası iclasından təxminən 5 əsr sonra İznikdə başqa dini toplantı çağırılıb. İkonoklazma kimi tanınan dini rəsm və ikona qadağaları haqqında qərar 7-ci Nikea Şurasında verilib.

  Bəli, İznik xristianlıq üçün çox mühüm qərarların alındığı toplantılara səhnə olub və məhz bu səbəbdən Roma Papası tərəfindən Qüds və Vatikandan sonra dünyanın üçüncü müqəddəs şəhəri elan edilib.

  İznik Anadolu Səlcuqlu dövlətinin paytaxtı olub. Anadoluda ilk türk paytaxtı olan İznik Birinci Səlib Yürüşünə qədər bu mərkəzi şəhər xüsusiyyətini qoruyub-saxlayıb. Sonra Bizans hakimiyyəti altına keçib.

  Osmanlı imperatorluğu qurulduğu illərdən bəri fəth edilməli şəhər kimi hər zaman diqqət mərkəzində olan İznik Sultan Orxan bəyin dövründə alınıb və 200 ildən sonra yenidən türklərin hakimiyyəti altına keçib. Şəhərdə çoxlu məscid, mədrəsə, mehmanxana, hamam tikilib və qısa müddətdə İstanbuldan Anadoluya gedən karvan yolunun əhəmiyyətli dayanacağına çevrilib. Sonrakı əsrlərdə İznik ticarət, təhsil və mədəniyyət mərkəzi rolunu oynayıb. İznikdə Osmanlı imperatorluğunun ilk mədrəsəsi, Orxan Qazi mədrəsəsi və aşbazxana var. Burada çoxlu sənətkarlar və din xadimləri yetişib. Dövrün tanınan alimləri İznik mədrəsələrində dərs keçiblər. Buna görə də İznik “Üləma yurdu” deyə tanınır.

  UNESCO-nun Dünya Mirası namizədləri siyahısında olan İznik ziyarətçilərini Anadolunun ən yaxşı müdafiə divarları ilə qarşılayır. Zamana meydan oxuyan istehkam qapısı Lefkə və hər iki tərəfində insan maskalı İstanbul qapısı yüzlərlə illik tarixin izlərini daşıyır.

  İznikin simvolu olan Yaşıl məscid firuzəyi, yaşıl və bənövşəyi çinilərlə örtülmüş möhtəşəm minarəsi ilə şəhərə gələnləri özünə heyran edir.

  Türkiyədə kafel dedikdə fikrə gələn 2 yerdən biridir İznik. Kaşı sənətinin kökləri Asiyadan qədim Yunanıstana getsə də, çini sənəti öz qızıl dövrünü Səlcuqlular və Osmanlılar zamanında yaşayıb. İznik kaşıları isə Roma, Bizans, Səlcuqlu və Osmanlı dövrlərinin xüsusiyyətlərini əks etdirdiyi üçün dekorativ sənət tarixində xüsusi əhəmiyyət kəsb edir. Təqlid edilməsi müşkül olan İznik kaşısının şöhrəti zamanla yayılıb və genuyalı tacirlər vasitəsilə Avropaya ixrac edilib.

  Düsturu ilə bağlı heç bir yazılı sənədi olmayan və atadan oğula keçən bir sənət kimi İznik çiniləri tərkibindəki kvars miqdarının çox olmasına görə "istehsal edilməsi mümkün olmayan keramika" adlanıb. Əsasən gözə çarpan mavi, firuzəyi, yaşıl, qırmızı rənglərdə və ən çox lalə, sümbül, qərənfil kimi çiçək motivli olub.

  İznik balıqçıları uzun illər İznik gölündə balıq tutarkən torlarının parçalandığını, çubuqlarının qırıldığını və buna səbəb gölün dibində batmış şəhərin minarələri olduğunu deyirdilər. 2014-cü ildə Mərmərə bölgəsinin ən böyük, Türkiyənin isə 5-ci ən böyük gölü olan İznik gölündə su altında qalmış bazilika aşkara çıxarılır.

  İznik gölündəki batmış bazilika bu gün dünyanın ən mühüm arxeoloji kəşflərindən biri sayılır. 1500 illik bazilika xristianlar üçün böyük əhəmiyyət kəsb edir. Mütəxəssislər xristianlığın qadağan edildiyi illərdə öldürülmüş Müqəddəs Neofitos (Neophytos) adına tikilən binanın qədim mənbələrdə adı keçən, lakin yeri bilinməyən bazilika olduğunu düşünür.

  Həssas sualtı qazıntılar tamamlandıqdan sonra bazilikanın tarixə və təbiətə zərər verməyəcək üzən körpü ilə ziyarətçilərin ixtiyarına verilməsi planlaşdırılır.  

  Ətrafında yaşayış məntəqələrinin sayı çox az olda da, dünyada müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş, şəbəkə planı, qədim teatrı, su yolları, kilsələri, məscidi, mədrəsəsi və hamamı ilə İznik 4 mədəniyyətin - Roma, Bizans, Səlcuqlu və Osmanlı dövrlərinin izlərini daşıyır.



Әlaqәli Xәbәrlәr