Neolit dövründə Anadoluda ilklər məskəni Çayönü

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyədə, Anadoluda yatan Neolit dövrü miraslarından Nevali Çori, Göbeklitəpə və Yassıhöyük qədər əhəmiyyətli, lakin az tanınan Çayönündən danışırıq

1846823
Neolit dövründə Anadoluda ilklər məskəni Çayönü

Neolit dövründə ilklər məskəni Çayönü

 

  Sizcə, bəşər tarixində dönüş nöqtələri hansılardır? Bu, təkərin ixtirası, yazının yaranması, insanların heyvanların əhliləşdirməsi və ya əkinçiliyə başlanması ilə bağlıdır? Belə dönüş nöqtələri olan nümunələr çoxdur və hər biri də özünəməxsus şəkildə vacibdir. Lakin tədqiqatçıların diqqətini bir dövr xüsusilə cəlb edir: Neolit ​​dövrü. Çünki bu yolla bəşəriyyətin hansı mərhələlərdən keçdiyi, hansı kəşfləri etdiyini öyrənmək olur.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyədə, Anadoluda yatan Neolit dövrü miraslarından Nevali Çori, Göbeklitəpə və Yassıhöyük qədər əhəmiyyətli, lakin az tanınan, Diyarbəkir rayonunun Çayönü qəsəbəsindəki yerlərdən, ​​kəşflərdən, ilklərdən danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edir.

  Uzun bir toparlanma və illərin təcrübəsinin nəticəsidir Neolit dövrü. Bu, bəşər övladının min illər əvvəl ovçu-yığıcı həyatından oturaq həyata keçdiyi dövrdür. İnsanlar o dövrdə bitki toxumlarını toplayıb yemək əvəzinə əkərək çoxalmağı öyrəniblər, heyvanları ovlamaq yerinə isə əhliləşdirməyə başlayıblar. Bu oturaq, kənd təsərrüfatı və heyvandarlığa keçən həyat tərzi bəşəriyyətin fərqli bir mərhələyə adlamasının müjdəçisi kimi qiymətləndirilir. Neolit ​​dövrü bütün sonrakı mədəniyyətlərə və bugünkü sivilizasiyaya təsir edən bir çox inkişafın tətikçisidir. Mövzunun mütəxəssisləri buna görə Neolit ​​dövrünə xüsusi əhəmiyyət verirlər.

  Elm dünyası Neolit ​​dövrü ilə bağlı ciddi araşdırmalar aparıb və aparır. Bu tədqiqatlar nəticəsində Anadolu Neolit d​övrünün “çəyirdək bölgə”si hesab edilir, xüsusilə Cənubi-Şərqi Anadolu və İç Anadolu. Bir-birindən ayrı istiqamətlərdə yerləşən bu iki bölgədə aparılan tədqiqatlara görə, Neolit ​​mədəniyyəti Anadolu üzərindən Avropaya yayılıb.

  Bir milyon ildən artıq köç həyatı yaşayan insan qida, sığınacaq və təhlükəsizlik baxımından çox müşküllər çəkib. Oturaq həyata keçidlə bu problemlər aradan qalxmağa başlayıb və sivilizasiya yolunun əsasları qoyulub.

  Türkiyənin Diyarbəkir rayonunun indiki Çayönü qəsəbəsi İbtidai İcma dövründən başlayaraq insanların 2500 ildir fasiləsiz yaşadığı bir yerdir. İlk şəhər quruluşuna Çayönündə rast gəlinir. Çünki evlər ilk dəfə olaraq burada plan üzrə tikilib. Bünövrə düşünmək, bununçün üçün ilk betonu qarışdırıb tökmək, ilk kərpici bişirmək dünyada ilk dəfə Çayönündə meydana gəlib. Bunlar dövrünə görə çox mühüm yeniliklər idi.

  Çayönü əslində bəşər övladının məskunlaşma tarixinin xülasəsidir. Çünki Çayönüdəki tikililər ibtidai daxmalardan tutmuş zirzəmisindəki anbarlı evlərə qədər insanın tikintini necə mənimsədiyini göstərir. Burada aşkar edilən ilk evlər çuxur qazmaqla tikilib, ətrafı ağac budaqları ilə əhatə olunub, palçıqla suvanıb, daxmaya bənzər evlər olub. Sonralar hava şəraitindən qorunan evlər tikilməyə başlanılıb, burada yerə daş düzülüb, ilk dəfə çiy kərpicdən istifadə olunub, həyətdə ocaq olub.

  Neolit dövrünün ən mühüm memarlıq inkişafı ilk dəfə Çayönündə görünən, mozaikaya bənzər döşəmə örtüyü və onun yerləşdiyi binada özünü göstərir. Qırmızı rəngli qırıq daş, qum və sönmüş əhənglə hazırlanmış bu döşəmə texnikası yüz illər sonra Roma dövründə istifadə olunacaq mozaikaların başlanğıcı sayılır.

  Çayönündəki digər diqqətçəkən tikili isə “Kafataslı yapı”dır. Dörd yüzdən çox insan sümüyünün olduğu tikili digərlərindən fərqlidir. Çünki bu, təkcə dəfn və qurbanlıq ayinlərinin keçirildiyi yer deyil, həm də skeletlərlə hörülmüş bir binadır. Anadolu coğrafiyasında və yaxın ətrafında bu qədər çox insan sümüyünün bir arada olduğu başqa yer yoxdur.

  Çayönü əkinçilik və heyvandarlığa əsaslanan kənd həyatının ən qədim nümunələrindən biridir və bu baxımdan qədim dövrlərə işıq salır. İnsan əcdadı min illər əvvəl yabanı buğda, mərcimək, noxud və lobya kimi bitkiləri becərərək istehsal etməyə başlayıb. Onlar çöl donuzu, qoyun, keçi və vəhşi mal-qara kimi heyvanları da əhliləşdirməyə nail olublar. Yemək hazırlamaq üçün bıçaq, qaşıq, dəyirman daşı və müxtəlif alətlər düzəldiblər.

  Mütəxəssislər dünyada mədənçilik tarixinin Çayönü qəsəbəsindən başlandığını yazır. Çünki ilk dəfə bu bölgədə mis qızdırılaraq, çəkiclə döyülərək, muncuq və zinət əşyaları hazırlanıb.

  Çayönündə yaşanan ilklər danışmaqla bitməz.

   Beş min ildən artıqdır ki, Çayönündə müxtəlif memarlıq abidələri tikilir. Bir neçə sadə daxma ilə başlayan məskunlaşma addım-addım irəliləyərək kəndləşib, bir yaşayış məkanına çevrilib. İnsanlar materiallardan istifadəni mənimsədikcə, çuxurda qazılaraq tikilən daxmalar geniş otaqları olan, planlı, daş döşənmiş binalara dönüb. Ehtiyaca olduqda evlərə uyğun əlavələr edilib, sosial və dini binaların tikilib, yanğın və zibil quyuları qaılıb ki, bunlar dövrünə görə son dərəcə mükəmməl dizayn edilmiş memarlıq abidələridir.

  İlk daş bünövrə, ilk beton və ilk mozaik döşəmə nümunələri Çayönündə görünür. Bəşər övladı ilk yaşayış məkanını belə yaradıb, çətin həyat mücadiləsindən keçib, bu yolda qətiyyətlə irəliləyib, zamanla olduğu torpaqların sakininə çevrilib və bugünkü vəziyyətinə addım-addım gəlib.



Әlaqәli Xәbәrlәr