Zəngəzur dəhlizinin açılması Ankara-Bakı ittifaqına nə vəd edir?

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Zəngəzur dəhlizinin açılması Ankara-Bakı ittifaqına nə vəd edir?” başlıqlı yazısı

1832128
Zəngəzur dəhlizinin açılması Ankara-Bakı ittifaqına nə vəd edir?
aliyev-michel-pasinyan.jpg

Qafqazın gündəmi_38_2022

22 mayda Avrupa İttifaqının rəhbəri Ş.Mişelin təşəbbüsüylə Brüsseldə Azərbaycan Prezidenti İ.Əliyevlə Ermənistan Baş naziri N.Paşinyan arasında növbəti görüş keçirilmişdir. Görüşdən dərhal sonra iki Cənubi Qafqaz ölkəsi arasında qalıcı sülhün əldə edilməsi, sərhədlərin demarkasiyasının həyata keçirilməsinin təmin edilməsi məqsədiylə hər iki hökümət tərəfindən yaradılan komisyaların tərkibinin təsdiq edilməsi, Prezident İ. Əliyevin Türkiyə Prezidenti R.T.Ərdoğanla görüşün nəticələrini müzakirə edərkən Zəngəzur dəhlizinin açılmasıyla bağlı razılığa gəlindiyini bəyan etməsi, sülh prosesinin müsbət məcrada davam etdiyini göstərir.

Daha əvvəlki yazılarımızda XX əsrin əvvəllərində  tarixi Türk  torpağı olan Zəngəzur vilayətinin böyük bir qisminin bolşeviklər tərəfindən Azərbaycandan qoparılaraq Ermənistana hədiyyə edildiyini, beləliklə də  bir imperiyalist proyekt çərçivəsində Türkiyə ilə Azərbaycan arasındakı quru bağlantısının kəsildiyini qeyd etmişdik. Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının azad edilməsiylə nəticələnən 44 günlük Qarabağ müharibəsinin sonlarında imzalanan 10 Noyabr müqaviləsinin ən önəmli maddələrindən biri də şübhəsiz  Zəngəzur dəhlizinin açılmasıyla bağlı idi. 

Rusiyanın Ukrayna torpaqlarını işğal etmə təşəbbüsü kollektiv Qərblə Rusiya arasındakı qarşıdurmanı daha da kəskinləşdirmiş, Çin - Avropa ölkələri arasında ticarəti təmin edən  Rusiyadan keçən Trans-Sibir və ya  Şimal yolunun əhəmmiyət və istifadəsinin azalmasıyla birlikdə dəmir İpəkyolu və ya Orta Yolun kritik önəmi bir daha ortaya çıxmışdır.  Nazarbayevin Turan keçidi adlandırdığı Trans-Xəzər dəhlizi və Türk dövlətləri arasında getdikcə dərinləşən əməkdaşlıq iqlimiylə birlikdə düşündüyümüzdə qlobal və regional əməkdaşlıqlar, ticarətin yenidən canlandırılması baxımından Zəngəzur dəhlizinin açılması daha da aktual hala gəlmişdir. Nəhayət Ermənistanın dəhlizin açılmasına razılıq verməsini Bakı-Tiflis-Qars dəmiryolu, Ankara - Tiflis - Bakı xəttində çoxdan formalaşan geosiyasi müttəfiqlik münasibətləri, Azərbaycanın İranla da imzaladığı müqavilədə nəzərdə tutulan cənubi Zəngəzur yoluyla birlikdə ələ aldığımızda Orta Yol və ya yeni İpəkyolunun Şimal yoluyla müqayisədə böhranlara qarşı daha dayanıqlı bir yol halına gəldiyini görürük. Nəqliyyat məsrəfləri və yükün alıcıya çatdırılma müddətinin qısaldılması baxımından da Orta Yol çox daha əlverişlidir. Zəngəzur dəhlizinin açılması regional təhlükəsizlik və rifahın əldə edilməsinə ciddi töhfə verəcəyi kimi Türk dövlətlərinin, xüsusiylə Türkiyə və Azərbaycanın dünya dəngələri baxımından strateji rolunu da artıracaqdır. Türkiyənin  mərkəz  ölkə olması, Çin-Avropa ticari münasibətlərində vacib bir yerə yüksəlməsi, Çin-Türkiyə münasibətlərinə yeni bir çaların əlavə edilməsi də bu dəhlizin açılmasıyla təsdiqlənəcəkdir. Zəngəzur dəhlizinin açılması Ermənistana da təcritdən qurtulmaq,  Rusiyanın for-postu olmaqdan çıxaraq daha müstəqil siyasət aparmaq, Qərblə yaxınlaşmaq, əhalisinin həyat səviyyəsini yüksəltmək imkanı təmin edəcəkdir. Bunun üçün əlbəttə bütün daxili müqavimətə, müxalif-revanşist dairələrin  əngəlləmələrinə rəğmən Paşinyan iqtidarının sülhün əldə edilməsi istiqamətində səylərinə davam etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir.



Әlaqәli Xәbәrlәr