Türkiyənin NATO siyasəti

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın “Türkiyənin NATO siyasəti” ilə bağlı yazısını təqdim edirik

1829729
Türkiyənin NATO siyasəti

 

  Gözlənildiyi kimi, Rusiyanın Ukraynaya müdaxiləsi ilk təsirini NATO-da göstərdi. Sovet İttifaqı dağıldıqdan və soyuq müharibədən sonra NATO müstəqilliklərini bərpa etmiş SSRİ ölkələrinə doğru genişlənmə siyasətini Ukrayna ilə davam etdirmək üçün yeni addım atdı.  

  Bu ölkənin NATO-ya üzvlük prosesini əsas gətirərək Ukraynaya müdaxiləsinə haqq qazandırmağa çalışan Rusiya indi də digər qonşuları Finlandiya və İsveçin üzvlük müraciətlərinə görə yeni problemlə üzləşib. Ancaq bu dəfə NATO-nun genişlənməsi onun üçün həmişəkindən daha vacib şəkil alıb. Bunun iki əsas səbəbi olduğunu deyə bilərik. Birincisi, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü Rusiya təhlükə kimi görsə və yeni hərbi addım atmağa çalışsa, o zaman müharibə Ukrayna ilə məhdudlaşmayacaq. Amma əgər Rusiya reaksiya verməzsə, İsveç və Finlandiyanın NATO-ya üzvlüklərini normal qəbul edərsə, o zaman Rusiyanın Qərb sərhədləri tamamilə NATO ölkələri tərəfindən əhatə olunacaq. İstənilən halda bu iki ölkə NATO-ya qoşularsa, Rusiya Baltik regionuna daha çox hərbi qüvvə göndərəcək.

   İkinci mühüm məsələ isə NATO-nun ən güclü ölkələrindən biri olan Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə etiraz etməsidir. Sözügedən siyasət Ukrayna müharibəsi ilə yeni həmrəylik prosesinə girən ittifaqın harmoniyasının pozulması riskini daşısa da, digər tərəfdən Türkiyə ilə NATO arasında yeni problemin yaranmasına səbəb ola bilər.

  Rəsmi Ankaranın Finlandiya və İsveçin üzvlük prosesinə etiraz etməsi üçün çox əsaslı səbəbləri var.

  Əvvəla, qeyd edək ki, Türkiyə NATO-nun yeni genişlənmə addımına müsbət yanaşır. Ona görə də o, Finlandiyanın üzvlüyünə çox da narazı deyil. Amma İsveçin PKK ilə münasibətləri rəsmi Ankaranı bu ölkə ilə bağlı daha ehtiyatlı siyasət yürütməyə məcbur edir. Çünki İsveç PKK-nın öz ölkəsində rahat hərəkət etməsinə şərait yaradır və Suriyada PYD-yə silah da daxil olmaqla iqtisadi yardım edir. İsveç PKK-nın Avropada ən fəal olduğu ölkələrdən biri kimi önə çıxır. PKK İsveçdə Türkiyəyə qarşı qeyri-hökumət təşkilatları qurur, fəaliyyət göstərir, türklərin əleyhinə lobbiçiliklə məşğul olur, çirkli pulların yuyulması və sair qanuna zidd işlər görür.

  İsveçin Türkiyəyə qarşı siyasəti təkcə PKK ilə məhdudlaşmır. Türkiyədə 15 İyul (2016) dövlət çevrilişi cəhdindən sonra FETÖ-çülərin öz ölkəsində sığınmasına İsveç dövləti imkan yaradır. Məhz bu mövqeyinə görə rəsmi Ankara İsveçin NATO-ya üzvlük məsələsində ehtiyatlı davranır və Türkiyənin təhlükəsizlik problemi olmayan bir ölkəyə dəstək verməyəcəyini bildirir.

  Ukrayna müharibəsi ilə geosiyasi əhəmiyyəti artan Türkiyənin NATO-dakı mövqeyindən istifadə edərək İsveçdən bu məsələdə mövqeyini dəyişməsini istəməsi normaldır. Ancaq Türkiyənin bu mövqeyi NATO-da yeni bir çata da səbəb ola bilər.  



Әlaqәli Xәbәrlәr