Ermənistanda daxili böhran dərinləşir

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Ermənistanda daxili böhran dərinləşir” başlıqlı yazısı

1825190
Ermənistanda daxili böhran dərinləşir

Qafqazın gündəmi_36_2022

Erməni müxalifətinin Paşinyanın istefası tələbiylə Yerevanın Fransa meydanından başlatdığı müqavimət hərəkatı  etiraz nümayişlərində iştirak edən insanların sayı etibariylə hakimiyyət dəyişikliyi üçün  həlledici mahiyyətdəki  kütləvilik həddinə çata bilməsə də Ermənistan daxilindəki siyasi böhranın hansı istiqamətə yönələcəyi, bu ölkənin gələcəyiylə bağlı aktual olan bir sıra  sualları gündəmdə tutmağa davam edir. 

Daşnaqların liderlərindən, Ermənistan parlamentinin müxalifətdən olan sədr müavini Saqatelyan müqavimət hərəkatı adına ölkədə bulunan diplomatik nümayəndəliklərə, xarici ölkə rəsmilərinə ünvanladığı müraciətində artıq Paşinyanın erməni xalqının milli iradəsini təmsil etmədiyini bildirmiş,  etirazların yeni mərhələsinin kütləvi itaətsizlik və hakimiyyətin ələ keçirilməsi olacağını bəyan etmişdir. Revanşist müxalif cəbhə 2018- ci ildə  Ermənistan iqtidarını iflic vəziyyətinə salan və Paşinyanın hakimiyyətə gedən  yolunu açan küçə etirazlarını forma və məzmunca təkrar etməyə çalışsa da dəyişim üçün bütün parametrlər üzrə o zamankı  siyasi şəraitin yetişməsi vəziyyəti,  ruhi-psixoloji ovqat, ideoloji zəmin mövcud deyildir. Ənənəvi erməni siyasətinin iflas  parametrləri baxımından da  yaranan  şərait başqa,  Ermənistan ətrafındakı geosiyasi çıxılmazlıq vəziyyəti isə reallıqdır. Diaspora, Erməni kilisəsi və milliyətçi dairələrin birgə proqramlaşdırdığı anti Türk siyasəti, Azərbaycan əraziləri hesabına Ermənistan torpaqlarının genişləndirilməsi, imperyalist hamilərinin gücü və regional hesabları üzərinə qurulan siyasət 44 günlük müharibədə Azərbaycanın parlaq zəfəriylə iflas etmiş, Türkiyə-Azərbaycan ittifaqının tarixi ədaləti bərpa edərək bölgədə yeni siyasi şərait yaratdığı görülmüşdür.

Təsadüfi deyildir ki, Ermənistanın birinci prezidenti, münaqişənin başladığı gündən bu yana prosesin, danışıqların  bütün təfərruatlarına bələd olan L. Ter-Petrosyan hazırkı şəraitdə müxalifətin istefa tələbiylə başlatdığı etirazların Ermənistanın vəziyyətini daha da ağırlaşdıra biləcəyini bildirmiş, erməni dövlətçiliyinin tamamən  təhlükə altına düşməsi ehtimalıyla bağlı xəbərdalıq etmişdir.

O  müharibənin dayandırılması üçün Paşinyanın imza atmaq məcburiyyətində qaldığı 10 Noyabr kapitulyasiyasının sadəcə baş nazirin degil bütün Ermənistanın  məcburi kapitulyasiyası olduğunu, hərbi məğlubiyyətin gətirdiyi ağır şərait içində  başqa çıxış yolunun da qalmadığını ifadə etmişdir. İllərdir qonşularıyla düşmənçilik siyasəti üzərindən divident qazanan, ölkə sərvətlərini talan edərək varlanan və bu gün də revanşist siyasətdən, Qarabağa yönəlik yeni işğalçı iddialardan vaz keçməyən Köçəryan, Sarkisyan, Ohanyan , Vanetisyan kimi siyasi fiqurlar  müharibə zamanı canlarını xilas etmək, əsir düşməmək  üçün  Azərbaycan ordusunun qorxusundan tələm-tələsik Qarabağdan qaçdıqlarını unudurlar.

Erməni xalqının bütün  bunları unudaraq  Ermənistan üçün təcrid və fəlakətin başqa bir yol təklif etməyən bu korrupsenər siyasət dəllalarının təhriklərinə uyması könüllü intihar yolunu seçməsi deməkdir. Amerika və Avropadan da yüksək səviyyədə edilən açıqlamalarda Cənubi Qafqazda sülhü qalıcı hala gətirəcək, Türkiyə- Ermənistan münasibətlərini yeni müstəviyə çıxaracaq addımların, qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüklərinin tanınması şərtiylə sülh müqaviləsinin imzalanmasının təşviq edilməsi görülürkən məğlub Ermənistandan yüksələn yeni müharibə çağrışları Yerevanın Qərbdəki  dayaqlarını tamamən laxlada bilər. Bakının Cənubi Qafqazın müstəqilliyinin daha da möhkəmləndirilməsi, münaqişə üzərindən müstəmləkə həvəslilərinin regiona müdaxiləsinə imkan verməmək, Avropanın Rusiyadan  qaz asılılığının azaldılmasına töhfə vermək, ticarət yolları və dəhlizlərin canlandırılması istiqamətində bir siyasət izlədiyi də məlumdur.

Azərbaycan tez bir zamanda sülh sazişinə imza ataraq müvəqqəti misyayla Qarabağda bulunan Rusiya sülhməramlılarının da  ölkə torpaqlarından ayrılmasını, suverenliyin bütün ölkə ərazisində təmin edilməsini istəməkdədir. Qlobal proseslərin inkişafı baxımından da bunun üçün əlverişli geosiyasi vəziyyətin formalaşdığı,  Azərbaycanın sülh təkliflərini qəbul etdiyini bəyan etsə də daxili təzyiqlər altında tərəddütlü  siyasət çizgisi izləyən  Paşinyanın bu reallıqları anladığı da aydındır. Əslində Ermənistanın düşdüyü dalan vəziyyəti  ölkə maraqlarına yox, xarici dairələrin təlimatlarına köklənən daxili siyasi konfiqurasiyanın mahiyyətindən, uzun  dövrdür şovinizm duyğularıyla zəhərlənmiş Erməni cəmiyyətinin arındırılmasının, həqiqəti görməsinin ağrılı  bir proses olmasından qaynaqlanmaqdadır.

  Fransa meydanından başlayan erməni revanşizm hərəkatının atdığı bütün addımlar indi həm daxildə, həm də xaricdə diqqətlə izlənməkdədir. 10 Noyabr bəyanatının  imzalandığı günlər Paşinyan üçün daha çətin və ağır günlərdi. O, prosesləri uğurla idarə edərək növbədənkənar  seçkilərə getdi və  məğlub bir ölkənin lideri olmasına baxmayaraq seçkidə qələbəsini təmin etdi. Yeni sülh sazişini imzalayacaq siyasi fiqurun da prosesi başından bəri aparan Paşinyan olması  tərəflərin maraqlarına uyğundur. Ancaq unutmamalıyıq ki, Rusiya ətrafında yaranan vəziyyət 10 Noyabr bəyanatının imzalandığı dövrün siyasi mənzərəsindən fərqlidir. Moskvanın bölgədə bulunan sülhməramlılarından Azərbaycanı və bütün regionu  öz yeni İttifaq dövləti proyektinə inteqrasiya etmək üçün təzyiq vasitəsi kimi istifadə edəcəyi  məlumdur. Regiondakı münaqişələrin davam etməsi üzərindən təsir mexanizmlərini  qorumağa çalışan ənənəvi Rusiya üçün böyük sülh sazişinin imzalanması, Ermənistanın Türkiyə və Azərbaycanla problemlərini birdəfəlik həll etməsi arzu edilən bir nəticə kimi görünmür. Bakı və Ankaranın milli güc strategiyası, regional təhlükəsizlik siyasəti baxmından  Amerika və Avropanınmı, yoxsa Rusiyanın təsir rıcaqları güclü olan bir Ermənistan məqbul olardı sualı da aktuallığını qorumaqdadır. Tarixi arxa planı etibariylə Anadolu və Cənubi Qafqazda meydana çıxarılan Erməni proyektinin Rusiya qədər kollektiv Qərbin də əsəri olduğu bəllidir. NATO müttəfiqi Türkiyəyə qarşı terror təşkilatlarını bəsləyib qoruyan, Suriyədə YPG-PKK dövlətçiyi qurmağa çalışan, Ankaranın müstəqil siyasət aparmasından  narahat olan bir Amerika həqiqəti də unudulmamalıdır. Zaman Türkiyə və Azərbaycanın, Türk Dövlətləri Təşkilatının (TDT) bütün Avrasiya  xalqlarının,  elə Ermənistanın da  milli maraqları, artıq imperiyalist mərkəzlərin əlində oyuncaq olmaması, regional sülh və əməkdaşlıqdan bəhrələnərək rifah və hüzura qovuşması   üçün daha da  güclənməsini tələb edir. Rusiyanın da Ermənistan prosesləri bağlamında hər zamankindən daha çox ehtiyac duyduğu  Avrasiyada həqiqi bir Türkiyə-Rusiya uzlaşması və əməkdaşlığının imtahanını verdiyini görmək lazımdır.



Әlaqәli Xәbәrlәr