Allergik konyunktivit üçün təbii həll yolları

Allergik konyunktivit, yəni göz allergiyası üçün tövsiyə  edilən təbii tətbiqlər və bunların reseptləri.

1817844
Allergik konyunktivit üçün təbii həll yolları

Sağlıq Olsun_35_2022

Allergik konyunktivit, yəni göz allergiyası, gözün konyunktiva qişasının allergik iltihabı xəstəliyidir. Buna daha çox gənc yaşlarda rast gəlinir və hər iki göz allergiyaya meruz qalır.  Aparılan çoxsaylı  tədqiqatlar göstərir ki, allergik konyunktivitin simptomlarına 20-40 faiz pasientlərdə digər allergik patologiya ilə rast gəlinir. Allergik konyunktivit zamanı gözlər toz dənəciklərinə, gül pulcuqlarına va başqa allergenlərə qarşı həssas olduqda qızarır, qaşınır va gözlərdən su axır.

• Gözlərdə qaşınma və qızartı, yanma hissi, göz qapaqlarında şişlik, gözlərin sulanması ümumi simptomlar  hesab edilir.

Allergik konyonktivitdən qorunmanın yolları və profilaktik tədbirlər:

 • Çiçək tozcuqlarının çox olduğu  və günəş şüalarının ən pik dövründə, yəni  saat 10.00-17.00 arasında zəruri olmadıqca günəşə çıxmamaq,

• Çölə çıxarkən günəş eynəyi, papaq, çətirdən istifadə etmək,

• Evdə çiçək tozu filtrli kondisionerlərdən istifadə etmək,

• Çiçək tozunun yayılmağa  başladığı günlərdə ev və avtomobil şüşələrini açmamaq

• Kimyəvi maddə, boya və ətir  istifadə  etməmək,

•Tüklü ev heyvanlarından uzaq durmaq,

• Siqaret tüstüsündən qorunmaq və havasız mühitlərdə olmamaq,

• Evdə tozun yığıldığı xalça və kilim kimi əşyalardan istifadə etməmək.

• Gözləri qaşımamaq,

• Qaşınmanı və  iltihabı yüngülləşdirmək  üçün  gözlərə soyuq kompres tətbiq etmək,

• Gözlərə süni gözyaşardıcı damcılar damlatmaq 

• Kontakt linzalardan istifadəni dayandırmaq.

Xəstəliyin qarşısını almaq üçün tətbiq edilən bəzi üsulların faydaları

Soyuq kompres  

Gözə təmiz parça və ya dəsmal ilə soyuq kompres tətbiq etmək qaşınma və ağrının, məhz şişin azalmasına kömək edir. Ancaq soyuq kompresdən istifadə zamanı hər  bir göz  üçün fərqli parça ya da dəsmal  istifadə edilməlidir.

Qara çay paketi və ya birdəfəlik çay

Allergik konyuktivitin müalicəsi üçün başqa bir təsirli üsul qara çay paketlərindən istifadədir. Qara çayın tərkibindəki taninlər gözləri sakitləşdirir, ağrı və iltihabı azaltmağa kömək edir.  Bunun üçün 2 stəkan qaynar suya 5 ədəd birdəfəlik çay atılır.  Bir dəqiqə  sonra paketlər sudan çıxarılır və soyuduqdan sonra 15-20 dəqiqə gözlərin üstünə qoyulur. Bu resept gündə 3 və ya 4 dəfə tətbiq edilir.

Çobanyastığı çayı

Çobanyastığı çayı ilə soyuq kompres və ya gözləri yumaq, qaşınma və göz qıcıqlanmasını aradan qaldırmağa kömək edir.  2 stəkan qaynar suya 2 paket  birdəfəlik  çobanyastığı çayı atılır. 5 dəqiqə gözlədikdən sonra sudan çıxarılan çay paketləri 10  dəqiqə gözlərin üzərinə qoyulur. Bu üsuldan gündə 3 və ya 4 dəfə təkrar  edilir.  Dəmlənən  Çobanyastığı  çayı  ilə  gündə 2-3 dəfə gözləri  yumaq da faydalıdır.

Qızılgül suyu damcısı

Qızılgül suyu sakitləşdirici və sərinlədici xüsusiyyətləri ilə göz qızartılarını aradan qaldırmağa kömək edir. Gözləri  gündə 2 və ya 3 dəfə təmiz gül suyu ilə yumaq və ya kompres  tətbiq  etmək məsləhətdir.

Adi reyhan

Bir stəkan qaynar suya bir ovuc yuyulmuş reyhan əlavə  edilir. Dəmlənməsi üçün 10 dəqiqə  gözləndikdən sonra süzülən və soyudulan su  ilə  gündə  2-3 dəfə  gözlər  yuyulur. Dəmlənən çay ilə  isti kompres tətbiq  etmək də  faydalıdır.

Xiyar

Soyuq xiyar  kompresi  allergiyanın səbəb olduğu iltihab və qıcıqlanmanı aradan qaldırmağa  kömək edir.  Bunun üçün bir  ədəd  xiyar qalın dilimlərə kəsilir  və  soyuması  üçün 10 dəqiqə soyuducuda saxladıqdan sonra gözlərin  üzərinə qoyulur. Bu gündə  2-3 dəfə  tətbiq  edilir.

Soyuq süd

Qaynadılıb  soyudulan  süd təmiz bir  pambıqla  gündə  2-3  dəfə   gözlərin  ətrafına  çəkilir.



Әlaqәli Xәbәrlәr