31 Mart Soyqırımı

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “31 Mart Soyqırımı” başlıqlı yazısı

1804586
31 Mart Soyqırımı

Bir neçə gün əvvəl Azərbaycan ordusunun Qarabağdakı hərbi birləşmələrinin yer dəyişmələri zamanı erməni silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində olan qalıqları Azərbaycan əsgərinə atəş açmış, qarşı əməliyyatla terrorçular susdurulduqdan sonra Azərbaycan ordusu Fərrux kəndi və yüksəkliklərində də mövqelərini bərpa etmişdir.

Fərrux kəndində aşkar edilən və birinci Qarabağ müharibəsi zamanı orada şəhid edilmiş müsəlman-türk əhaliyə aid olduğu təxmin edilən kütləvi məzarlar yenidən Azərbaycan torpaqlarında erməni çətələri tərəfindın törədilən qətliam və zülmləri gündəmə gətirmişdir. Birinci Qarabağ müharibəsi zamanı minlərlə dinc sakinin itkin düşdüyünü də diqqətə aldığımızda işğaldan azad edilən digər bölgələrdə də kütləvi müsəlman məzarlarının aşkar edilə biləcəyi həqiqəti ortaya çıxmışdır. Hazırda Quba memorial kompleksinin  bulunduğu, 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsinə inşa olunan muzeyin Qudyalçayın kənarındakı  ərazisində də  başqa bir məqsədlə inşaat işləri  aparılarkən toplu məzarlar aşkar edilmiş, erməni terrorunun acımasız əməlləri, törətdiyi cinayətlər gözlər önünə sərilmişdir. 

1918- ci ilin mart hadisələri zamanı Azərbaycanın Bakı, Şamaxı, Quba başda olmaqla əksər şəhər və kəndlərində həyata keçirilən soyqırımla bağlı çox sayıda tədqiqat əsərləri, məqalələr yazılmış, televizya verilişləri hazırlanmışdır. Şamaxının ən qədim məscidlərindən biri olan Cümə məscidinin içindəkilərlə birlikdə yandırılması, Bakıda Azərbaycan Türklərinə ait  qəzetlər, xeyriyyə cəmiyyətlərinin də ofislərinin yerləşdiyi İsmailiyə binasına, Kaspi qəzeti və Orucov qardaşlarına ait olan mətbəənin binalarına od vurulması, ziyalıların terrora məruz qalması etnik təmizləmə yoluyla Azərbaycanın qədim bölgələrinin müsəlman-türklərdən arındırılaraq erməniləşdirilməsi məqsədinə xidmət edirdi. Erməni milliyətçiləri ağalarının strategiyaları çərçivəsində, dənizdən dənizə böyük Ermənistan xülyasına qapılaraq Cənubi Qafqazın etno-demoqrafik xəritəsini dəyişdirmək üçün hərəkətə keçmiş, silahla, qan və göz yaşı ilə hədəflərinə nail olmağa çalışmışdır. Erməni çətə rəislərindən biri olan Amazasp 1918-ci ildə heç niyyətlərini gizlətmədən Xəzər sahilindən Şahdağa qədər olan əraziləri müsəlman-türklərdən təmizləmək üçün təlimat aldıqlarını ifadə etmişdir.

Müsəlman əhaliyə qarşı həyata keçirilən  soyqırım və köçə məcbur etmə  hadisəsi Çarlıq Rusiyası Azərbaycan xanlıqlarını işğal etdikdən sonra mərhələli şəkildə, amma sistemli bir plan üzrə həyata keçirilmiş, İrəvan Xanlığının erməniləşdirilməsiylə birlikdə oradakı qalalar, saraylar, məscidlər, çeşmələr, mədrəsələrdən ibarət yüzlərlə Türk-İslam mədəniyyətinin parlaq mirası da yox edilmişdir. İrəvandan sonra Zəngəzur və digər Azərbaycan vilayətlərindəki müsəlman  yaşayış məskənlərindən də yüz minlərlə əhali silah zoruyla çıxarılmışdır. 1918- ci ildə çap olunan Azərbaycan qəzetləri Şamaxıda evləri, kəndləri yandırılaraq evsiz-eşiksiz buraxılan möhtac qaçqınlara yardım üçün ianə kampaniyaları aparmış, Azərbaycan höküməti o günlərdə qaçqınlara çörək pulu  ayırmış, onların barınma ehtiyacını həll edə bilmək üçün fəaliyyətlərini artırmışdır. Əməlləriylə özlərinə və bütün Cənubi Qafqaz coğrafiyasına fəlakətlər gətirən erməni milliyətçiləri Sovet İttifaqı dağıldığı zaman da xislətlərini sürdürərək ortaya çıxan siyasi boşluqdan istifadə edib işğalçılıq planlarını Qarabağ torpaqlarına doğru genişləndirdilər və Xocalı nümunəsində gördüyümüz kimi terror və soyqırım üslubuna sadiq olduqlarını nümayiş etdirdilər. Ancaq müstəqillik sonrasında hər keçən gün gücünə güc qatan Azərbaycanın bir gün bütün bunların hesabını soracağını, torpaqlarını işğaldan azad edərək tarixin axışını öz məcrasına qaytaracağını unutdular. Azərbaycan və Türkiye bəhs mövzusu olduqda  ikili standartlarla hərəkət edən, erməni işğalçılara simpatiya bəsləyən bəzi Qərb dairələri də bundan sonra  istəsələr də istəməsələr də erməni vandalizmiylə bağlı acı həqiqətləri görmək məcburiyyətində qalacaqlar. Azərbaycan və Türkiyenin elm adamları yalan uydurmaqda mahir olan erməni diasporasının yaratdığı süni sədləri aşaraq 1918-ci ildən günümüzə qədər davam edən erməni vəhşiliklərini, insanlığa qarşı həyata keçirilən cinayətləri dünya içtimaiyyətinin diqqətinə çatdırmağa davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr