Hacı Vəli Bektaşi

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə 7 əsrdir insanlara göstərdiyi humanist yollarla bəşəriyyətə işıq saçan Hacı Vəli Bektaşidən danışacağıq (mətni Neslihan Değirmencioğlu hazırlayıb)

1800704
Hacı Vəli Bektaşi

 

   Beynəxalq İnsan Hüquqları Bəyannaməsinin birinci maddəsində deyilir: “Bütün insanlar azad, ləyaqət və hüquq baxımından bərabər hüquqlu doğulur”. İkinci maddədə də belə yazılır: “Hər kəs irqindən, cinsindən, rəngindən, dilindən, dinindən, əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən asılı olmayaraq bu bəyannamədə təsbit edilmiş bütün hüquq və azadlıqlardan istifadə etmək hüququna malikdir”.

   Bu bəyannamə 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilib. Amma bundan təxminən 700 il əvvəl Anadolu coğrafiyasında bu fikirlərdən danışan bir şəxsiyyət var idi. Tolerantlıq və barış üzərində qurduğu fəlsəfəsinin mərkəzinə insanları qoyan böyük mütəfəkkir şair Hacı Vəli Bektaşi.

  Hacı Vəli Bektaşi İrandakı Xorasan türklərindəndir. Türküstanda Hoca Əhməd Yəsəvinin məktəbində fəlsəfə və təbiət elmləri üzrə təhsil alıb. Onun Anadoluya gəlişi Anadolu Səlcuqlu dövlətinin siyasi nizamının pozulduğu və monqol istilalarının başladığı bir dövrə təsadüf edir.

  Xorasandan başlayan səfəri Sulucakarahöyükdə, yəni indiki Nevşehirdə sona çatır və burada qalmağa qərar verir.

  Uzun səyahəti zamanı o, müxtəlif mədəniyyətlər, fərqli inanclar və ayrı-ayrı insanlarla qarşılaşır, dərindən müşahidə edir.

  Hacı Vəli Bektaşi təlatümlü dövrdə yaşasa da, onun üçün sevgi və dinclik həmişə birinci olub.

  Anadolunun sosial, mədəni və dini quruluşunu diqqətlə araşdırır. Düşünür ki, bu mozaikanı təşkil edən parçaların bir yerə toplanması üçün fərqlərin bir-birinə yoğrulması, yəni inteqrasiyası lazımdır. Heç bir ayrı-seçkilik salmadan bütün insanları sevgiyə, barışa, mehribanlığa çağırıb. “Heç bir milləti, heç bir şəxsi qınamayın”, “Yetmiş iki millətə bir gözlə baxın” kimi sözləri ilə o, müxtəlif mənşəli, mədəniyyətli insanların bərabər hüquqlu olduğunu söyləyir. Ona görə də Bektaşinin ideyaları əsrlər əvvəlindən günümüzə işıq salır.

  13-cü əsrdə monqol istilası ilə viran qalan Anadoluda insanların çoxu evsiz və öz təsərrüfatlarından uzaq düşür. Belə bir dövrdə Anadoluda qardaşlıq və bütün inancların birliyi ideyasına əsaslanan sufi təriqəti Hacı Vəli Bektaşi, Yunus Əmrə və  Mövlana kimi mütəfəkkirlərin şeirləri ilə yayılmağa başlayır. Bu mütərəqqi şəxslər insanların maddi və mənəvi aləmlərini paklaşdırmaq üçün inam, barış və yüksək dəyərləri təbliğ edir, istehsal və ictimai münasibətlərini tənzimləmək üçün dini məsələlərə dair bərabərlik əsasında fikirlər irəli sürür, müsəlmanlarla yanaşı, qapılarını həm xristianlara, həm də yəhudilərə açıq saxlayan bir dinüstü anlayış təqdim edirlər.

  Anadolu təsəvvüf təfəkküründə xüsusi iz qoyan Hacı Vəli Bektaşi müharibəni sülh, kin və qəzəbi sevgi və tolerantlıqla qarşılaşdırır, sadə, lakin poetik və fəlsəfi dillə. Onun sözləri həm ayrı-ayrı mədəniyyətləri, həm də fərqli inanclardan olan hər kəsi eyni çətir altında toplamaq gücünə malik olub. Buna görə təkcə Anadolu deyil, Qafqaz və Balkan coğrafiyasında da Hacı Vəli Bektaşi qəbul edilib, ideyaları mənimsənilib.

  Hələ 13-cü əsrdə Hacı Vəli Bektaşi “Qızları oxutdurun” deyə qadın və kişi hüquqlarının bərabərliyini müdafiə edib, “Elm beşikdə başlar, qəbirdə bitər” sözləri ilə təhsilin əhəmiyyətini vurğulayıb.

  Hacı Vəli Bektaşi fars və ərəb dillərinin hakim olduğu bir dövrdə türk dilini ibadət dili kimi qəbul edib. Onun və tərəfdarlarının bu münasibəti mədəniyyətin ən mühüm elementi olan ana dilini yaşadıb. Buna görə də Hacı Vəli Bektaşinin düşüncə tərzi ümumtürk mədəniyyətinin yaşaması və inkişafında mühüm rol oynayır.

  Hacı Vəli Bektaşi Sulucakarahöyükdəki (Nevşehir) dərgahında öz bilik və təlimlərini şagirdləri ilə bölüşüb. Nevşehrin Hacıbektaş qəsəbəsindəki bu dərviş evi bu gün Hacı Vəli Bektaşi kompleksindədir ki, bura Türkiyənin mühüm dini turizm mərkəzlərindən biridir və hər il çoxlu ziyarətçi qəbul edir. Türbənin arxitekturası və interyer dizaynında bektaşiliyin ayin və simvollarının əks olunduğu kompleks UNECKO-nun Müvəqqəti Dünya Mirası Siyahısında yer alır.

  Qədim türk saraylarında olduğu kimi, üç həyətli plana malik kompleksdə Aslan çeşməsi, Üçlər çeşməsi, şorbaxana, çiləxana, Pir evi və Hacı Vəli Bektaşi türbəsi var.

  Birinci həyət Nadar həyətidir ki, uzaqdan gələn qonaqlara xidmət edib. Burada mehmanxana, at tövləsi, yeməkxana, türk hamamı və camaşırxana olub.

  İkinci həyət Dərviş həyəti adlanıb, içində Aşpaz evi (Aş Evi) var imiş. Qabyuyan sahə, ət soyutma dolabı və zirzəmidən ibarət bu Aşpaz evi təkcə xörəklərin bişirildiyi yer deyil, həm də insanlara təbiətin nemətlərinə hörmət etməyi öyrədən və yeməkdən səmərəli şəkildə istifadə olunan bir yer idi. Bura öz funksiyasına görə mühüm əhəmiyyət kəsb edib və dərvişlikdə müqəddəs sayılan evlərdən biri olub.

  Üçüncü həyət Həzrəti və ya Hüzur həyəti idi. Hacı Vəli Bektaşi türbəsinin yerləşdiyi, ən mühüm ev olan Pir Evi də bu həyətdə yerləşir. Balım Sultan Türbəsi və dərviş evinə xidmət edənlərin məzarları da buradadır.

  Hacı Vəli Bektaşi kompleksində hər il milli və beynəlxalq xatirə mərasimləri keçirilir. 2021-ci il YUNESKO tərəfindən Hacı Vəli Bektaşi xatirə ili elan edilmişdi. Əsrlər əvvəl insanlar arasında sevgini, birliyi, bəarbərliyi, əmin-amanlığı təbliğ edən Hacı Vəli Bektaşi vəfatının 750-ci ildönümündə də yüksək məhəbbətlə yada saldı. Bəşəriyyətin bütün üzvlərinə fərq qoymadan qayğı göstərən bu böyük mütəfəkkirin ümumbəşəri fikirləri bu gün də ən gözəl dəyərlər kimi eldən elə, ölkədən ölkəyə və bütün bəşəriyyətə yayılır.

  Anadolu min illər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və inancların beşiyi olub. Tolerantlıqla yoğrulmuş bu torpaqlar əsrlərin hikmətini daşıyıb, övliyalarını bağrına basıb.

  Hacı Vəli Bektaşi bu torpaqlarda yaşayan ən böyük mütəfəkkirlərdən biridir. Onun şeirlərindəki ümumbəşəri ideyalar, düşüncələr insanlara təsəvvüfün incəliklərini bəxş edir. Ətrafına toplaşan insanları yedirən, işlə təmin edən, İslamım fəlsəfəsini çatdıran Bektaşi həm öz, həm də sonrakı dövrlərdə bir çox cərəyan və məktəblərə ilham qaynağı olub.

  Hacı Vəli Bektaşi ümumtürk mədəniyyətinin İslamın qəbulundan əvvəlki dövrü ilə sonrakı dövrü arasında bir körpüdür. Onun inamı ağıl, məntiq, elm üstündə quran, bəşər övladını mərkəzdə görən fəlsəfəsi, insan, təbiət, Allah, sevgi, bərabərlik, tolerantlıq fikirləri, “İncisən də, incitmə”, “Ən böyük möcüzə əməkdir”, “Elmsiz yolun sonu qaranlıqdır” kimi sözləri hələ də bugünkü cəmiyyətlərə əmin-amanlığın yolunu göstərir.

Hərarət nardadır, sacda deyildir.

Kəramət başdadır, tacda deyildir.

Nə axtarırsansa, özündə axtar,

Nə Qüdsdə, nə Məkkə, nə də Həccdədir.



Әlaqәli Xәbәrlәr