“Xocalıya ədalət!” ümumdünya sülh çağırışıdır

AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Sabir Şahtaxtının "Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərində qarşılıqlı inkişafı təmin edən amillər" başlıqlı yazısı

1786038
“Xocalıya ədalət!” ümumdünya sülh çağırışıdır

Hər bir xalqın tarixində sevincli və faciəli günlər vardır. Azərbaycan xalqının təqvimində də faciəli günlər başqa xalqların acıları ilə müqayisədə az deyil. Əlbəttə, milli təqvimimizdə qara rənglə boyanan həmin günlərdə baş verənlər xalqımızın azadlıq, milli dövlətini qurmaq və qorumaq yolundakı yorulmaz mübarizələrini əks etdirir. Bununla bərabər, acınacaqlı haldır ki, aşağıda sadalayacağımız cinayətlərin hamısı dinc əhaliyə, günahsız insanlara, əsasən də qoca, qadın və uşaqlara qarşı törədilmişdir. Təəssüflə qeyd etməliyik ki, erməni təcavüzkarlığı ilə birbaşa bağlı olan bu faciəli günlər XX əsrdə, müasir dünyanın gözləri önündə baş vermişdir. 1905–1907-ci ilin qanlı olaylarını, 1918-ci ilin mart hadisələrini, 1920-ci ilin aprel işğalını, 1937-ci ilin repressiyalarını, 1948–1953 və 1988-1989-cu illərin deportasiyaları və nəhayət, 1990-cı ilin 20 Yanvar faciəsinin acı və ağrılarını heç zaman xalqımızın qan yaddaşından silinməyəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi Xocalı soyqırımı isə unudulması mümkün olmayan bəşəri cinayətdir. Xocalı soyqırımı törədilmə amansızlığına görə dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Sonqmi, Ruanda, Srebrenitsa, Setif-Guelma, Naqasaki və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır. Dünya ictimaiyyəti adıçəkilən bu qanlı hadisələri dinc əhalinin soyqırımı olaraq tanıdığı kimi, Xocalı faciəsini də geniş mənada soyqırımı aktı kimi tanımalı, bilməli və qəbul etməlidir.

Xocalı soyqırımı baş verməyə bilərdimi?

“Ötən otuz ildə Xocalı soyqırımı baş verməyə bilərdimi” sualı hər zaman aktuallığını saxlayıb. Miqyasından və mahiyyətindən asılı olmayaraq, istənilən cinayətin iki tərəfi mövcuddur. Cinayəti törədən və onun acılarını yaşayan. Sözsüz ki, heç bir halda heç kəs cinayətin hədəfində qalmaq istəməz. O cümlədən Azərbaycan xalqı Xocalı soyqırımının baş verməsini arzu edə bilməzdi. Cinayəti törədən Ermənistan tərəfinin məqsəd və hədəflərini təhlil etdikdə açıq şəkildə ortaya çıxır ki, Xocalı soyqırımının törədilməməsi mümkünsüz idi. Bu mühakiməni doğruladan başlıca amil Ermənistan dövlətinin Azərbaycan və Türkiyəyə qarşı bəslədiyi nifrət siyasəti, bundan doğan düşmənçiliyi həyata keçirmək üçün mümkün fürsətləri əldən verməməsidir. Təsadüfi deyildir ki, təcavüzkar Ermənistana iyirmi ilə yaxın zaman kəsiyində rəhbərlik edən Robert Köçəryan və Serjik Sarkisyan beynəlxalq tribunalarda belə Xocalı soyqırımının törədilməsində şəxsən iştirak etdiklərini öyünə-öyünə ifadə etməkdən çəkinməmişlər. Keçmiş SSRİ rəhbərliyinin sovet imperiyasının süqutu illərində Azərbaycanda məqsədli şəkildə yaratdıqları siyasi, iqtisadi və hərbi böhran Ermənistanın məqsədli şəkildə planlaşdırıb həyata keçirdiyi işğalçılığın, eləcə də Xocalı soyqırımının qarşısının alınmasına imkan verməmişdir.

Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən məqsədli şəkildə planlaşdırılaraq həyata keçirilən bəşəri cinayətdir. Deməli, o dövrün hərbi-siyasi şəraiti çərçivəsində Xocalı soyqırımı törədilməyə bilməzdi.

Ermənilərin yüz illik cinayətlərini ifşa edən hüquqi əsaslar

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 1994-cü ildə Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. Ulu Öndər böyük qətiyyətlə Xocalı soyqırımının erməni faşizminin iç üzünü açıb ifşa edən bəşəri cinayət olduğunu bütün dünyaya bəyan etmişdir.

Qeyd etməliyik ki, XX əsr boyunca Azərbaycan xalqına qarşı törədilən soyqırımı, repressiya və deportasiya cinayətlərinin ağır nəticələrinin unutdurulması üçün keçmiş SSRİ dövründə sistemli və məqsədyönlü iş aparılmışdır. Lakin 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Aradan 80 il keçəndən sonra tarixi acıların üstünə işıq salan bu tarixi sənəd sonrakı illərdə erməni faşizminin ifşa edilməsi istiqamətində yol xəritəsinə çevrildi.

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli və “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli sərəncamları Azərbaycan xalqına qarşı törədilən təxminən yüz illik ağır soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün hüquqi bazanı daha da möhkəmləndirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral, 2017-ci il 24 fevral tarixli qərarları ilə Xocalıda törədilən bəşəri cinayəti soyqırımı (genosid) aktı kimi qiymətləndirmişdir.

Yuxarıda adları çəkilən fərman, sərəncam və qərarlar Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında uzaqgörən strategiya müəyyən etmiş və hüquqi vəzifələri müəyyənləşdirmişdir.

“Xocalıya ədalət!” ümumdünya sülh çağırışıdır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində ötən dövrdə Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması və soyqırımı aktı olaraq qəbul etdirilməsi istiqamətində böyük işlər görülüb.

Qeyd edək ki, Xocalı faciəsi ilk dəfə olaraq 2005-ci ildə Türkiyə paytaxtı Ankaranın Keçiörən rayon Bələdiyyə Məclisi tərəfindən soyqırımı aktı olaraq tanınmışdır. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi qorunmaqdadır. Azərbaycandan başqa, Pakistan, Cibuti və Sudan dövlətləri Xocalıda törədilənləri birmənalı şəkildə soyqırımı olaraq, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya isə bu faciəni qətliam kimi tanıyıblar. İndiyədək (2021) ABŞ-ın 23 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə soyqırımı aktı kimi tanınması prosesi sürətlə davam etməkdədir. Ən son məlumata görə, ABŞ-ın Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə imzalayıb (2022).

Göründüyü kimi “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası artıq təkcə ölkələri deyil, addım-addım qitələri dolaşmaqdadır. Böyük məsuliyyət hissi ilə deyə bilərik ki, “Xocalıya ədalət!” ümumdünya sülh çağırışıdır. Bu faciəni dünya birliyinə olduğu kimi tanıtmaqda və soyqırımı aktı kimi qəbul edilməsini ummaqda məqsəd kin və nifrət aşılamaq deyil, məhz dünyada bir daha belə bir bəşəri cinayətin törədilməsinə yol verməməkdir. Ötən otuz ildə Xocalı soyqırımı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr “Xocalıya ədalət!” çərçivəsində strateji prosesə çevrilib. Burda cəmiyyətin ayrı-ayrı təbəqələrinin fəallığı ilbəil artmaqdadır. Xocalı soyqırımının dəhşətləri yeni-yeni filmlər, əsərlər, xüsusi buraxılış olaraq hazırlanan jurnallar vasitəsilə, eləcə də hər il ayrı-ayrı ölkələrdə keçirilən kütləvi tədbirlərlə dünya ictimaiyyətinə çatdırılmaqdadır.

Böyük Zəfər Xocalı soyqırımının unutdurulmasına əsas ola bilməz!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə əsasında regiondakı geopolitik vəziyyət tamamilə dəyişmişdir. Ermənistan ilə Türkiyə arasında normallaşma prosesi, Ermənistan ilə Azərbaycan arasında davamlı sülh sazişinin imzalanmasına hazırlıq kimi məsələlər hazırda bölgədəki qarşılıqlı münasibətlər kontekstində ən aktual proseslər sırasına daxil edilib.

Mehriban qonşuluq və səmimi dostluq siyasəti Azərbaycanın xarici siyasətində və dövlətçilik prinsiplərində dəyişməz mövqedir. Bu mənada Böyük Qələbədən sonra Azərbaycanın işğalçı Ermənistan ilə səmimi qonşuluq siyasəti yürütməsi olduqca normal bir vəziyyətdir. Lakin tarixi proseslər göstərir ki, nə Ermənistan dövlətinə və hakimiyyətinə, nə də erməni lobbisinə, din xadimlərinə və onlara bağlı olan qüvvələrin səmimiliyinə inana bilmərik. Ermənistanın ötən 34 ildə dəfələrlə terrorçu və uşaq qatili olduğunu təsdiq edib. 1988-ci ildən 12 may 1994-cü ilə qədər Azərbaycan və Ermənistan arasında dəfələrlə atəşkəs imzalansa da təcavüzkar tərəf bütün hallarda bu razılaşmaları amansız hücumlarla pozmuşdur. Xocalı soyqırımı məhz 21 fevral 1992-ci il tarixində Azərbaycan və Ermənistan arasında imzalanmış növbəti atəşkəsdən cəmi 4 gün sonra törədilmişdir. Təcavüzkar tərəfin bu xainliyi 44 günlük Vətən müharibəsində də dəfələrlə davam etdi. Deməli, Azərbaycan və Türkiyə olaraq yalnız və yalnız birliyimizi qoruyub, gücümü artırıb sülh mövqeyinə nail ola bilərik.

Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks (Gəncə) böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı”.

Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsi ilə bağlı bildirib: “İllər keçsə də acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, qoca bilmədən amansızcasına qətlə yetirilən 613 azərbaycanlı qardaşımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.

Liderlərimizin söylədiyi bu fikirlər böyük Zəfərdən sonrakı tarixlərə təsadüf edir. Hər iki fakt bir daha göstərir ki, “Xocalıya ədalət!” ümumdünya sülh çağırışıdır. Böyük Zəfərlə Xocalı soyqırımı qurbanlarının ruhu şad olub, onların qisası alınıb, lakin bu, faciənin unudulmasına əsas ola bilməz!

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri



Әlaqәli Xәbәrlәr