Dünyanın ilk sevgi muzeyi və Amasiyadakı digər ilklər

Sevgi qəhrəmanları Fərhad və Şirin, Amasiyada Roma dövründən qalan Fərhad su kanalı, dünyanın ilk və yeganə sevgi muzeyi, Pontus kral qaya türbələri, coğrafiya elminə ilk töhfə verən alim Strabon və ilk türk sərrahı Şərəfəddin Sabuncuoğlundan danışırıq

1782154
Dünyanın ilk sevgi muzeyi və Amasiyadakı digər ilklər

 

  Dünyanın şifahi və yazılı ədəbiyyatlarına nəzər saldıqda görürük ki, mövzular bir-birindən maraqlı və rəngarəngdir. Yaşanan dövrün xüsusiyyətləri həm ədəbiyyatın janrını müəyyən edir, həm də qəhrəmanlarını. Amma nə olursa olsun, bütün ədəbiyyatlarda heç vaxt təravətini itirməyən bir mövzu var: eşq. Platonik sevgilər, qarşılıqsız sevgilər, ehtiraslı sevgilər, yasaq sevgilər, faciəvi sevgilər, ilahi sevgilər və ya birləşməyin qeyri-mümkün olduğu sevgilər.

  Ayrı-ayrı coğrafiyalarda dildən-dilə keçən, dövrlər aşan, əfsanəyə çevrilən, nağıllara, dastanlara dönən ölməz sevgilər var. Bu aşiq qəhrəmanlar hər zaman qəlblərdə yaşayır, yaddaşlarda iz buraxırlar.

  Bu gün sizə xalq ədəbiyyatının sevgi qəhrəmanları Fərhad və Şirin, Amasiyada Roma dövründən qalan Fərhad su kanalı, dünyanın ilk və yeganə sevgi muzeyi, Pontus kral qaya türbələri, coğrafiya elminə ilk töhfə verən alim Strabon və ilk türk cərrahı Şərəfəddin Sabuncuoğlundan danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb.  

  Eros və Psixeyanın (Psykhe) məhəbbəti sevgi və ruhun bir-birindən ayrılamaz olduğunu isbatlayır. Paris gözəli Helenaya olan eşq Troya müharibəsinə səbəb olur. Babur imperatoru Şah Cahan həyat yoldaşı üçün dünyanın ən möhtəşəm Tac Mahal məqbərəsini ucaldır. Dünyaşöhrətli dramaturq Uilyam Şekspirin (William Shakespeare) “Romeo və Cülyetta”sı (Romeo ve Juliet) qadağan olunan, amma yasaqları sevgiləri ilə əridən aşiqlərdən bəhs edir. Və əsrlərdir bütün Şərq, o cümlədən Anadoluda danışılan eşq dastanı Fərhad və Şirin.

  Fərhad sarayları bəzəyən istedadlı usta və nəqqaş idi. Dövrün Amasiya sultanı bacısına malikanə tikdirir və onun memarlıq işlərini Fərhada tapşırır. Malikanəni süsləyərkən Şirini görən Fərhad ona aşiq olur. Lakin Fərhad rəiyyətdir, Şirin kimi əsilzadə ailədən deyil. Ona görə Sultan bu sevgiyə qarşı çıxır, bununla belə bacısını da incitmək istəmir: Fərhad işini ən gözəl şəkildə başa vurarsa, onların evlənməsinə razılıq verəcəyini deyir.

  Bu gün Türkiyə ərazisində yerləşən Amasiya vaxtilə su qıtlığı yaşayan bir şəhər imiş. Yalnız dağların daşları dəlinərsə, su mənbələrinin ağzı açılarsa, həll oluna bilərmiş bu sıxıntı. Fərhadın Şirinə qovuşması ancaq dağı dəlib şəhərə su gətirməsi ilə mümkün olacaqdı. Bu istəyin mümkün olub-olmayacağını bir an belə düşünmür Fərhad, dərhal işə başlayır, dayanmadan çalışır. Aylar, illər, fəsillər bir-birini əvəz edir və nəhayət, Fərhad sevgisindən güc aldığı eşq atəşi ilə qayalığı parçalayır, su dağlardan torpaqlara süzülür. Sultan bu xəbəri alınca Fərhad və Şirinin qovuşmasının qarşısını almaq üçün plan qurur: bir yaşlı qadını Fərhadın yanına göndərir. Qarı Fərhada inanılmaz bir iş gördüyünü, lakin “o, gecə-gündüz işləyərkən gözəl Şirin dünyasını dəyişdiyini” deyir. Fərhad sarsılır, dünyası dağılır və külüngü ilə özünü öldürür. Bu xəbəri eşidən Şirin dağlara qaçır və Fərhadın öldüyü qayalardan özünü atıb o da həyatla vidalaşır.

  Sevginin bütün maneələri aşdığını vəsf edən bu “Fərhad və Şirin” rəvayətinin Amasiyada yaşanıldığına inanılır. Buna görə də Amasiya Bələdiyyəsi dünyada yeni bir çığır açaraq şəhərdə “Fərhad və Şirin aşiqlər muzeyi” yaradıb. Muzey dünyanın əfsanəvi eşq dastanlarını təqdim etmək məqsədi daşıyır. Qonaqlar “Əsli və Kərəm”, “Memar Sinan və Mihrimah Sultan”, “Romeo və Cülyetta” kimi bir çox sevgi hekayələri və qəhrəmanlarını görür, Mövlana, Yunus Əmrə və Hacı Bektaşi-Vəlinin sözlərilə ilahi eşqi dinləyirlər.

  Fərhad və Şirin əfsanəvi sevgi adlarıdır. Eşqin heç bir maneə tanımadığının bu rəvayəti “Şahzadələr şəhəri” Amasiyada Yeşilırmak çayı üzərində qurulan, dağlardan gələn suların məcraya sığdırıldığı Fərhad su kanalı ilə hər gün yenilənir xalqın yaddaşında.

  Amasiyanın qoruyucu təbiəti yüz illərdir yaşayış yerləri üçün əlverişli səbəb olub. Bura həm də qədim zamanlarda mühüm yolların kəsişdiyi ticarət mərkəzi sayılıb. Tarixi Hetlərə gedib çıxan Amasiya Frigiya, Lidiya, Pars, Pontus krallıqları, Roma, Səlcuqlu və Osmanlı imperatorluqlarının hakimiyyəti altında olub, bir çox mədəniyyətləri özündə daşıyıb.

  Fərhad su kanalı erkən Roma dövrünə aid mühəndislik möcüzəsi hesab olunur. Çünki əsrlər əvvəl qayaların oyularaq yerdən-yerə tağlarla örtülməsi və xüsusi maillik verilərək suyun fasiləsiz axması təmin edilib onda.

  Amasiyadakı Fərhad su kanalı qədər maraqlı olan Pontus kral qaya türbələri də qədim sivilizasiyalardan xəbər verir. Dünyada qaya məzarı ənənəsinin görkəmli nümunələri arasında göstərilən Pontus kral qaya məzarları bu gün yerli və xarici turistlərin diqqət mərkəzindədir. Harşena dağının sıldırım yamacında qayalara oyulmuş bu monumental qəbirlər çox təsiredici görünüşə malikdir. Eyni şəkildə qayalara oyulmuş yollar və pilləkənlərlə məzarlara çatıldığında mağaraları birləşdirən tunellər gələnləri başqa bir zamana aparır. Pontus kral qaya məzarları Harşena dağı ilə birlikdə YUNESKO-nun Dünya Müvəqqəti Mirası Siyahısında yer alır.

  Amasiya həm də antik dövrün məşhur tarixçisi və coğrafiyaşünası Strabonun doğulduğu yerdir. Onun öz dövrünün tarixi və coğrafi bilgilərini bir araya topladığı, ilk hərtərəfli antik tarix kitabı olan “Coğrafiya” (Geographika) əsəri bizə qədim dünya haqqında məlumatlara sahib olmağa və coğrafiyaya bir elm kimi baxmağa kömək edir.

  Strabon qədər tanınmasa da, Amasiyada 14-cü əsrin tanınmış türk cərrahı, ilk illüstrasiyalı və türk cərrahiyyə kitabını yazan Şərəfəddin Sabuncuoğlu da yaşayıb. O, müalicə üsullarını ən xırda təfərrüatlarına qədər izah, əməliyyatların aparıldığı cərrahi üsul və istifadə olunan alətləri təsvir edərək oxucuların asanlıqla başa düşə biləcəyi bir tibbi bələdçi kitabı yaradıb. Şərəfəddin Sabuncuoğlu sitat gətirdiyi yerlər haqqında hansı əsər və müəllifdən misal göstərdiyini həmişə qeyd edib.

  Anadolunun hər guşəsi qeyri-adiliklərlə doludur. Böyük alimlər, yenilməz sərkərdələr və əfsanəvi sevgilərin dastanları dolaşır hər eldə-obada.



Әlaqәli Xәbәrlәr