Məhəmməd Əmin Rəsulzadə, “Əsrimizin Səyavuşu” əsəri
M.Ə.Rəsulzadənin Cənubi Azərbaycandakı (İrandakı) fəaliyyəti, “Əsrimizin Səyavuşu”, Firdovsinin "Şahnamə" əsərilə müqayisə
Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan, ölümsüz lider Məhəmməd Əmin Rəsulzadə. 1884-cü il yanvarın 31-ində Bakının Novxanı kəndində anadan olub. 17 yaşında – gəzməli-tozmalı gənclik illərində yaşıdları kimi olmaq əvəzinə “Müsəlman gənclik təşkilatını” yaradır və Azərbaycanın müstəqillik toxumlarını səpir. Bəli, düz 17 yaşında.
Biz Rəsulzadənin tərcümeyi-halını danışmayacağıq. Çünki onsuz da bu günlər onun dastan həyatı anadan olmasının 132-ci ildönümündə xatırlanacaq. Biz Rəsulzadənin Azərbaycan məfkurəsinin bir qolu olan Cənubi Azərbaycandakı fəaliyyəti və onun “Əsrimizin Səyavuşu” əsərindən parçaları nəzərinizə çatdıracağıq. Bilənlərin yadına düşəcək, kitab oxumağa ya vaxtı, ya imkanı olmayanlara isə Məhəmməd Əmin Rəsulzadəni yaxşı tanımaqda yardımçı olacağıq.
1908-ci ildə 24 yaşlı Məhəmməd Əmin Rəsulzadə çar üsuli-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək İrana yola düşür. Cənubi Azərbaycan şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir.
Məhəmməd Əmin Təbrizdə Azərbaycanın milli qəhrəmanı Səttarxan və silahdaşları ilə görüşür, Avropa təhsili görmüş bir qrup İran ziyalısı – Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqalarıyla tanış olur, onlarla birlikdə 1910-cu ilin sentyabrında 26 yaşında İran Demokrat Partiyasının əsasını qoyur. Yəni qısa zamanda, Rəsulzadə İranda şahlıq üsuli-idarəsinə qarşı başlanmış Məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. O, eyni zamanda, bu partiyanın orqanı olan “İrane nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Bununla da modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən Rəsulzadə olur. (S.H.Tağızadə)
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadəni ölkədən çıxarmağı şahlıq üsuli-idarəsindən istəyir. Rəsulzadə təqiblərdən canını qurtarmaq üçün İstanbula mühacirət edir.
İstanbul mühacirəti və orda da durmadan fəaliyyət göstərməsi ayrıca bir mövzudur, amma uzun deyil, qısaca buna toxunaq ki, İstanbulda da Rəsulzadə bir gün belə durmur, istiqlal mübarizəsini davam etdirir. “Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və bolşevizm”, “Qafqaz türkləri” əsərlərini yazır və çap etdirir.
Rəsulzadənin Azərbaycan adı və qayəsinin içində nələr vardı? Söhbətimizi bu barədə davam edirik. Çar Rusiyasıı tərkibində müsəlman, türk və tatar adlandırılan xalqı 1914-cü ildə Məhəmməd Əmin Rəsulzadə ilk dəfə Azərbaycanlı adlandırdı, baxmayaraq ki, bunu çox zaman Stalinin adı ilə bağlayırlar. Bununla da Rəsulzadə Azərbaycan adını ilk dəfə olaraq masanın üzərinə sərdi. Əgər bura qədər Azərbaycan torpaq anlayışı daşıyırdısa, əsasən də İranın müəyyən ərazilərini əhatə edirdisə, Rəsulzadə “İran türkləri” əsərində “Azərbaycanın digər hissəsi Qafqazın tərkibindədir” dedi.
1917-ci ilin fevral burjua inqilabı ilə Böyük Rusiya imperiyası dağıldıqdan sonra əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusunu baş qaldırdı. Həmin il Gəncədə təşkil olunan mitinqdə ilk dəfə olaraq “Yaşasın demokratik respublika”, “Yaşasın Azərbaycan muxtariyyəti”. Bu gün qulaqlarımızın alışdığı sözlər düz 100 əvvəl bilirsinizmi nə demək idi? Bunu Rəsulzadənin öz sözlərilə deyək. O deyirdi: “Azərbaycanın muxtariyyəti deyərkən sağdan, soldan amansız tənqidlərə məruz qaldıq. Sağdan bizə deyirdilər: “Azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız”, “Türkçülük bayrağı qaldırmaqla siz İslamın əsaslarını sarsıdırsınız”, soldan isə bizə deyirdilər: “Azərbaycan muxtariyyəti tələb edərək vahid demokratik cəbhəni yarırsınız”. Amma əziz dinləyicilər, zaman keçdikcə, ardıcıl və düzgün mübarizə göstərdi ki, Azərbaycançılıq şüarı heç də müsəlmanlığı parçalamadı, qaldırılan üçrəngli bayraqla İslam sarsılmadı, müstəqilliklə də vahid cəbhə yarılmadı, əksinə, Azərbaycan müstəqil dövlət oldu, dünya dövlətləri sırasına qədəm basdı.
“Əsrimizin Səyavuşu”, Məhəmməd Əmin Rəsulzadənin məşhur əsəri. Mən deyərdim ki, burada hər şey var, bura qədər danışdıqlarımızın nərdivan kimi bütün pillələri, Azərbaycan, Türkiyə, İran, Turan, Zərdüştlük, İslam, qısası, bu gün biz varlığımızda daşıdığımız hər şey var.
Məhəmməd Əmin Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərini Firdovsinin “Şahnamə”sindən, xüsusən də onun “Siyavuş dastanı” bölümündən ilhamlanaraq yazıb.
Səyavuş kim idi? Firdovsinin xalq nağıllarından götürdüyü hekayəsində Səyavuş Kəyanilərdən olan Keykavusun oğlu idi. Ögey anası Südabənin ona eşqi və atası Keykavusun vəfasızlığından bezar olub Turana qaçır. Turan xaqanı Əfrasiyab tərəfindən qəbul edilir, onun qızı Firəngizlə evlənir. Amma sonda Əfrasiyabın da qəzəbinə gəlir, başı kəsilir. Tökülən bu qan üçün İranla Turan bir-birinə qarışır və əsrlər uzunu qan axır.
Rəsulzadə isə Səyavuş obrazını belə açır və yazır: “Səyavuş İranla Turan arasında ortaq bir qəhrəmandır.” Çünki Səyavuşun atası iranlı, yəni fars, anası turanlı, yəni türk idi.
Firdovsinin düşüncəsinə görə, “Qanı iki millətdən qarışmış olan qəhrəmanlar mütləq bu iki millətin sahib olduğu kimi düşünüb, onları bir görmək istəyərlər”. Bu baxımdan Səyavuşun atası Keykavus İranı, Əfrasiyab isə Turanı bir-birinə tabe olmaq istəməyən, mərkəzi birlikdən qaçıran qüvvələrdir. Bəs Səyavuş nə istəyirdi? Səyavuş sələflərindən tam fərqli bir şey düşünür, ona qədər gələn fikirləri alt-üst edir: Səyavuş İranınkını İrana, Turanınkını Turana vermək şərtilə orta yol tutur. Amma Səyavuşun ölümü ilə barışıq nöqtəsi yox olur, İranla Turan bir-birinə qarışır. (Səyavuşun oğlu Keyxosrov atasının intiqamını Əfrasiyabdan alır.)
Firdovsi öz milli mənşəyindən çıxış edərək yazır: “Turan günahsız bir şahzadənin qanı bahasına xaraba qaldı”. Amma Rəsulzadə deyir ki: “Bu talesizlik Səyavuşda deyil, onu anlamayan insanlarda idi”.
Avstriya siyasət yazıçısı Springer deyib: “Bir fərdin milləti öz nəfsini müəyyən bir mədəniyyət zümrəsinə mənsub bilməsilə müəyyən edilir”.
Əski zaman qəhrəmanları üzərində qanın gördüyü işi indiki millətlər üzərində mədəniyyətlərlə ideologiyalar görməkdədir. Dili, dini, əxlaqı, adəti, tarixi və ənənəsi bir olan xalq milli bir mədəniyyət yaradır. Dinləri, dilləri və yaxud tarixləri bir olan millətlər müştərək bir mədəniyyət yaradırlar. Bəzən iki ayrı soydan olan mədəniyyətlərin iştirakı o qədər bir –birinə sıx olur ki, xətti-zatında iki mədəniyyətdən bir mədəniyyət, iki millətdən bir millət nümunəsi meydana gəlir.
Türklük, ərəblik, farslıq müştərək bir mədəniyyət küməsi meydana gətirib. İslam bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirib. Necə ki, bir xristian mədəniyyəti var, buna Avropa mədəniyyəti deyirlər, necə ki, İslam mədəniyyətinə də Şərq mədəniyyəti deyirlər.
Firdovsinin yaratdığı Səyavuş İran-Turan qanından doğulub-böyümüşdü. Nəsil vacib edir ki, əsrimizin Səyavuşu İran-Turan mədəniyyətlərinin, mifologiyalarının və bunların qarışmasına daha çox məruz qalmış xalq, bir cəmiyyət olsun. Amma nə olur? Rəsulzadənin Səyavuşu niyə irançılıqdan qurtula bilir? Bu sualın cavabını Rəsulzadə verir. Amma cavablara keçmzədən əvvəl bunu mütləq anlatmalıyıq. Bura qədər İran-Turan, İran-Turan deyirik, daha doğrusu, Firdovsi və Rəsulzadə deyib, yazıb, biz də sizə dedik. O zaman doğrudan maraq doğuran sual budur? Firdovsinin yazdığı İran-Turan müharibələri harada olub?
Rəsulzadənin tarixi faktlardan gəldiyi nəticəyə görə, bu savaşların müəyyən bir qismi Şimali İran və Cənubi Qafqazdan ibarət ərazidə baş verib. Yəni İran-Turan müharibələri cənubi və şimali Azərbaycan ərazilırində, yəni bütöv halda Azərbaycan torpaqlarında baş verib.
Bu da o deməkdir ki, yerli xalq olan Azərbaycan türkləri gəlmələrə, yəni iranlılara - farslara təslim olmaq istəmirdilər. Turanlı hökmdar Tomris niyə qəhrəman sayılır? Çünki farslar şimali Azərbaycan ərazisinə qədər gəlib işğal etmişdi. Qarşılığında Tomris onları məğlub etdi, Keyxosrovun da başını Kür çayının sahilində kəsdirdi.
Xülasə, istər cənubi, istər şimali Azərbaycan torpaqları zaman-zaman bəzən turanlıların, bəzən iranlıların maddi və mənəvi nüfuzunda qalıb. Burada Nizami, Xaqani, Fələki kimi farsca yazan türk şairləri yetişdiyi kimi, əsərlərini türkcə yazan Füzuli, Nəsimi, Xətai kimi türk şairləri də çıxıb. Mirzə Fətəli türkcə, Əbdülrəhim bəy Talıbzadə farsca yazıb, Həsən bəy Məlikzadə türkcə, Abbasqulu ağa Bakıxanov həm farsca, həm türkcə yazıb. Bir tərəfdən Aşıq Qərib, Koroğlu, Əsli və Kərəm oxunur, bir tərəfdən muğam, dağlarında bayatı, bağlarında təsnif oxunur. Bütün bunlar böyük dalğalar halında Xəzər dənizinin quzeyindən və güneyindən gələn türk boylarınn Azərbaycanda da Səyavuş yaradılışında bir cəmiyyətin, bir xalqın varlığını sübut edir.
Bir zamanlar azərbaycanlılar öz türklüklərini və türk soyundan gəldiklıərini bilmədilər, iranlı kimi özlərini hiss etdilər. Bu o zaman idi ki, bütün türk aləmi az-çox fars təsirində idi.
Amma bir gün – təxminən 200 il əvvəl tarix türklərədən də, farslardan da üz döndərdi. Şimali Azərbaycan rus istilasına məruz qaldı. Rəsulzadə yazır: “Bu istilanın xeyri oldu: Azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduğunu hiss etməyə başladı. Rus süzgəcindən keçsə də, özlərinə keçən Avropa elm və texnikasının təsiriylə Azərbaycan Şərqin dedi-qodularından silkinərək yaxşı bir həyat əsəri göstərir, doğru yolu tapır, böyüyüb inkişaf etdi”.
Rəsulzadə daha sonra yazır: “Rus istilası Turan üçün həqiqi Ergenokon oldu. Türklər onları qurtaracaq boz qurdu gözləyirdilər. 1-ci dünya müharibəsi nəticəsində Rusiyada zühur edən inqilab turanlıların – azərbaycanlıların boz qurdu oldu. Ergenokon divarı yarılınca, yəni Rusiya imperiyası parçalanınca, Azərbaycanın siyasəti düşüncədən fəaliyyətə keçdi. Qədim Albaniya, Şirvan, Arrak və Bərdə bölgəsindən meydana yeni Azərbayan dünyaya gəldi.
Azad düşünən bir ideologiyanın səhər parıltısında Azərbaycan Cümhuriyyəti doğuldu. Bunu Rəsulzadənin Səyavuşları etdi. Azərbaycan Cümhuriyyətinin qurulması Azərbaycan məfkurəsilə Türk millərpərvərliyinin izdivacı idi.”
Beləliklə, çox qısa bəhs etdiyimiz “Əsrimizin Səyavuşu” əsərində Rəsulzadə xülasə olaraq deyir: “Öldürüldüyü zənn edilən millətlər belə bir-bir dirilə bilir. Ölmək istəməyən millətləri dir-diri gömmək qətiyyən mümkün deyil.” Əlbəttə ki, önəmli olan əzm və milli qeyrəti itirməməkdir.
Azərbaycan adında dövləti Yer üzündə yoxdan var edən insan – Məhəmməd Əmin Rəsulzadəni 132 yaşının tamam olduğu bu günlərdə yad etdik. Rəsulzadə o biri əsərlərində olduğu kimi, “Əsrimizin Səyavuşu”nda da Azərbaycan Cümhuriyyətinin keçdiyi yolu, məfkurəsini gənclərə anladır, bu əvəzsiz əmanəti can yanğısı ilə qorumağı nəsihət və vəsiyyət edir.
Mətni hazırladı Sevda Mirzə.
Bizə yazmaq, münasibət bildirmək istəsəniz, trt.azerbaycan facebook səhifəsinə yaza bilərsınız.
Körpü_04 (30.04.2016), radio-proqram