Laodikiya antik şəhəri və insanı heyran edən xüsusiyyətləri

Mətnini Neslihan Değirmencioğlunun hazırladığı, Türkiyənin Anadolu torpaqlarında qərar tutan Laodikiya antik şəhərindən, "Yeddi kilsə”nin sonuncusundan, Anadolunun ən böyük və antik dünyanın ikinci böyük stadionundan danışırıq sizə

1765396
Laodikiya antik şəhəri və insanı heyran edən xüsusiyyətləri
Laodikiya antik şəhəri_Türkiyə_.png
Laodikiya antik şəhəri_Türkiyə.jpg
Laodikiya antik şəhəri_Türkiyə_02.jpg

 

  İnsan Yer üzünə gələndən bilinməyənlərlə dolu idi bu dünya. Bilinməyən və qorxulu şeylərlə... Bir vəhşi heyvandan qorxmaqla bir şimşəkdən, ya günəş tutulmasından qorxmaq eyni deyildi amma. Birində hiss edilən, birində gözlə görünən idi insanı qorxudan, digərindəsə, səbəbini açıqlaya bilmədiyi, ağlının varmadığı şeylər. Səbəbini heç cür anlaya bilmədiyi və qorxduğu şeyin zərər verməməsi üçün İnsan ona boyun əydi, onu hirsləndirməməyə çalışdı və qurbanlar, nəzirlər boyun almağa başladı.

   Günəşi, Ayı, ildırımı, çayı, vulkanı Tanrı elan etdi, meşələri, dağları, suları müqəddəs saydı, görücülər, şamanlar, rahiblər vasitəsilə tanrılarla ünsiyyət qurdu İnsan. Öz əliylə bütlər yaratdı bəşər övladı. Bəzi bütlər tanrı, bəziləri isə tanrılara verilən qurbanlar oldu. Mifoloji tanrılarına nəhəng məbədlər tikdi İnsan. Tək bir yaradana da inananlar oldu, sayını bilmədiyi qədər tanrılara da. Buna görə müqəddəs qəbul edildi bəzi məkanlar, şəhərlər.

  İnsanların çox olduğu Asiyada və Orta Şərq coğrafiyasında ilk dinlər ortaya çıxdı, dünyaya yayıldı. Hindistan, Yaponiya, Vatikan, Qüds, Məkkə, Mədinə din deyilincə fikrə gələn ilk ölkə və ya şəhərlər oldu.

  Dinlərin tarixindən danışmaq istəsək, başında bir coğrafiya var: Anadolu. Sivilizasiyaların, mədəniyyətlərin, tarixlərin, dinlərin bir-birini izlədiyi və ələndiyi yerdir bu torpaqlar. Buna görə "dinlər beşiği" də adlanır. Yəhudilərin, xristianların, müsəlmanların ibadətxanaları və müqəddəs saydığı yerlər o qədər çoxdur ki burada. Üç səmavi dinə aparan yollar bu yerlərdən keçib-gedib.

  Xristianlıq üçün Qüdsdən sonra ikinci əhəmiyyətli mərkəzdir Anadolu. Qiyamət günündə belə salamat qalacağına inanılan "Yeddi kilsə" və apokaliptik kilsələr xristianlığın Anadoluda dini mərkəzlərindən biri olduğunu göstərir. O kilsələrin yeddincisi və sonuncusu sayılan Laodikiyadan (Laodikeia) danışırıq sizə.

  Pamukkalenin - o zamankı adıyla desək, Hierapolisin kölgəsində qalıb Laodikiya antik şəhəri. “İkinci Efes” də deyiblər ona. Çünki Anadoluda Efesdən sonra ən böyük ikinci antik şəhər olaraq qəbul edilir Laodikiya. Eramızdan əvvəl 5500 il əvvələ qədər uzanır yaşı. Roma dövründə çiçəklənən Laodikiyanın Menderes çayının can bəxş etdiyi məhsuldar torpaqları və xüsusilə Qərbi Anadolunu İç Anadoluya bağlayan yolların kəsişdiyi nöqtədə qərar tutması onun zənginliyində əhəmiyyətli rol oynayıb. Roma imperatoru tərəfindən "Məbəd qoruyucuları" adı verilən bu şəhər həm də vergilərdən azad edilib, daha da varlı-karlı olub.   

  Antik dövrün məşhur coğrafiyaşünası Strabon bölgədə yunlarının yumşaqlığıyla məşhur olan qara qoyunlar saxlanıldığını və bu heyvanların laodikiyalıların mühüm gəlir qaynaqlarından olduğunu yazıb. Şəhər tekstil məhsulları istehsalında qabaqcıl olub. Yalnız Laodikiyada hazırlanan tunik tərzi geyimə daha çox tələbat var imiş. Laodikiya parçaları dünyanın hər yerinə ixrac edilibmiş. O qədər məşhur imiş ki, Fransanın Lion şəhərindəki bir məzar daşında “Burada Laodikiya parçalarını satan tacir uyuyur” yazılıb. Göründüyü kimi, Laodikiya parçaları antik dövrün bir marka parçası sayılıb.

  Bu gün Türkiyənin Dənizli rayonunda yerləşən Laodikiya Roma dövründən qalma 2 teatrı olan nadir şəhərlərdən biridir. Şəhərin rifah səviyyəsinin və böyüklüyünün göstəricisi sayılır bu vəziyyət. Əhalisi digər antik şəhərlərdən təxminən 2 dəfə çox olan metropol bir şəhər olub o vaxt Laodikiya. Anadoludakı ticarət, sənət və idman mərkəzlərindən ikincisidir bu şəhər. İyirmi min tamaşaçı həcmli bir teatrı var ki, Anadolunun ən böyük antik teatrlarından biri sayılır. İkincisi, pillələrindəki kitabələrlə diqqət çəkən teatrdır. Bu kitabələr araşdırılarkən bölgədəki ticari, mədəni və qanun-qaydalarla bağlı yığıncaqların da bu teatr mərkəzində edildiyi ortaya çıxıb. Yenə bu kitabələrdən şəhərin tanınmışlarına, seçilmiş insanlarına, iş adamlarına və ayrı-ayrı ölkələrdən gələn nümayəndələrinə xüsusi oturma yerlərinin – lojaların ayrıldığı aydın olur.  

  Laodikiya teatrlarından başqa, həm də stadionu, gimnaziyası və hamamları ilə tanınıb. Ancaq onu digər antik şəhərlərdən fərqləndirən bir xüsusiyyəti də var. XVII əsrdə yaşamış Paskalın sonradan kəşf etdiyi və hidrologiyanın təməli sayılan "Mürəkkəb qablar qanunu"nun bundan təxminən 1600 il əvvəl həyata keçirildiyi bir neçə şəhərdən biridir Laodikiya. Şəhərin yaxınlığında bir su qaynağı olmadığı üçün təxminən 20 kilometrlik bir məsafədən vadilər aşaraq məhz bu üsulla gətirilib Laodikiyaya su. Laodikiyalılar üçün su daha qiymətli olduğundan burada "Su qanunu" çıxarılıb. Suyu çirklədənlərə veriləcək cəzalardan, suyun hansı sahələrə necə veriləcəyindən bəhs edən, antik dünyaya dair ən əhatəli qanun olduğunu yazır mütəxəssislər.

  Laodikiya antik şəhərinin başqa bir xüsusiyyətindən də danışaq sizə. Xristian dünyasının ən qədim və ən mühüm müqəddəs abidələrindən biri kilsə var bu şəhərdə. O, bir Həcc xüsusiyyəti daşıyıb bir zaman. Bundan başqa, xristianların böyük əhəmiyyət verdiyi "Yeddi kilsə"nin olduğu yerdir Laodikiya. Müqəddəs Yuhanna Anadoludakı ilk xristianlara yazdığı məktubların sonuncusunu Laodikiya camaatına göndərir. İnanclı əhalinin tək məktubla dini qəbul etdiyi yer olma xüsusiyyəti daşıyır Laodikiya. Məhz buna görə də xristian inancı üçün böyük əhəmiyyət daşıyan bu şəhər UNESCO-nun Dünya Təbii və Mədəni Mirasları Müvəqqəti Siyahısında yer alır.

  Laodikiya Türkiyədə ardı-arası kəsilmədən 12 ay qazıntı və bərpa işlərinin başlandığı ilk arxeoloji bölgədir. Bu qazıntılarda kilsə, teatr, "Suriya" və "Stadion" adlarını daşıyan prospektlər sütunlarıyla birlikdə gün işığına çıxarılıb. Ən son xristianlığa ilk inananların gizlicə ibadət etdikləri 20 otaqlı "kilsəli ev" tapılıb burda. Evdə qadın və kişilər üçün ayrı-ayrı iki salon, hamam, sığınma yerləri və ofis kimi istifadə edilən otaqlar aşkara çıxarılıb.

  Anadolunun ən böyük, antik dünyanınsa ikinci böyük stadionu, iki teatrı, dörd hamam kompleksi, beş aqorası, məbəd və monumental prospektləriylə Laodikiya daha yaxşı və ətraflı tanıdılmağa layiq bir şəhərdir. Xristianlığın müqəddəs kitabı “İncil”də adı keçən "Yeddi kilsə" camaatının yaşadığı, antik dünyaya dair ən yaxşı qorunmuş, möcüzəli mühəndis işi - daş borularlı kanal, dünyaya yayılan tekstil məhsulları və az vaxta sığdıra bilmədiyimiz daha çox xüsusiyyətlərə malikdir Laodikiya və onun qapısına gələn qonaqları heyran qoymağa hər an hazırdır.



Әlaqәli Xәbәrlәr