20 Yanvardan Qarabağ Zəfərinə Azərbaycan

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “20 Yanvardan Qarabağ Zəfərinə Azərbaycan” başlıqlı yazısı.

1765204
20 Yanvardan Qarabağ Zəfərinə Azərbaycan
20 yanvar 1990_Bakı.jpg
20yanvar.jpg
qanlı yanvar 4.jpg
Azerbaycan Karabağ.jpg
azerbaycan kutlama.jpg
Şuşa-kutlama-19.jpg

Bu gün  qlobal sistem və idarəçilik anlayışında, gücün deyil beynəlxalq hüququn aparıcı prinsip olması məsələsində insanlığın qarşı qarşıya olduğu böhran, Sovet İttifaqının dağılmasından, müstəqilliyin əldə edilməsindən 30 il keçməsinə baxmayaraq Ukraynadan Qazaxıstana keçmiş Sovet məkanında geosiyasi mübarizə və kataklizmlərin davam etməsi, Rusiyanın yeni imperial iddialarla çıxış edərək bu coğrafiyaları  öz arxa baxçası kimi görmək istəməsi ortadadır. Daha dərin və obyektiv bir baxışla hadisələri dəyərələndirsək keçmiş Sovet arealında Pribaltika ölkələrindən sonra milli azadlıq hərəkatının geniş vüsət alması və çətin bir milli mübarizə yoluyla müstəqilliyini qazanan, milli dövlətçiliyini gücləndirərək çox qütblü xarici siyasət aparan, Rusiyanın arzu etmədiyi Bakı- Ceyhan, TANAP, TAP, Bakı- Tiflis- Qars dəmiryolu kimi strateji mahiyyət kəsb edən proyektlər həyata keçirən, qardaş Türkiyə ilə hərbi- siyasi müttəfiqlik quraraq regionda yeni reallıqlar yaradan ölkə Azərbaycandır. Əlbəttə XX əsrdə ikinci dəfə milli istiqlal mübarizəsinə qalxan Azərbaycanın  20 Yanvardan Qarabağ zəfərinə uzanan yolu heç də asan, hamar olmamışdır. Xüsusiylə 20 Yanvar hadisələri zamanı Bakıda  yaşanan hadisələr günümüzü anlamaq, gələcəyə də işıq tutmaq baxımından bütün Türk Dünyası üçün olduqca mühüm mesajlar ehtiva etməkdədir.  İstər müstəmləkə həvəsiylə yaşayan Moskvadakı müəyyən dairələrdən təlimat alaraq xalqın dinc milli azadlıq mübarizəsini məcrasından qoparmaq üçün kütləni şiddət və xaos yoluna sövq edərək hərbi müdaxiləyə zəmin hazırlamağa çalışan kəşfiyyata bağlı qrupları görmək, xüsusi bir missiyayla xalq hərəkatına yerləşdirilmiş konservləşdirilmiş emisarların  sonrakı pozucu fəaliyyətlərini də göz önündə tutaraq istifadə etdikləri instrument və söyləmləri anlamaq  baxımından istərsə də Azərbaycan Türklərinin yeri gəldiyində milli məsələ ətrafında səflərini sıxlaşdıraraq bütünləşməsi, dünyanı heyrətə salan qorxmaz mübarizəsi, milli qətiyyəti, azadlığına olan sevgisinin davamlılığını idrak etmək yönüylə 20 Yanvar hadisələri daha müstəqil və güclü bir Azərbaycan inşa etmək üçün nəticə çıxarılacaq önəmli bir laborotoriyadır həm də.

O gün İkinci Dünya müharibəsini Bakı nefti, Sovet idarəsi altında yaşayan xalqlarla birlikdə Azərbaycan Türklərinin on minlərlə qurban verməsi, fədakarlığı hesabına udan Sovet idarəsi öz xalqına qarşı dünyada bənzərinə az rastlanan bir qəddarlıq nümayiş etdirmiş, demokratiya və yenidənqurmanı əsas şüarına çevirən M. Qorbaçov ermənipərəst, anti Türk mahiyətli bir siyasət həyata keçirmə nöqtəsində Çar idarəçilərindən fərqlənmədiyini nümayiş etdirmiş, öz haqları uğrunda meydanları dolduran əliyalın xalqı güllə-boran etmişdir. Əlbəttə Azərbaycan xalqının ayağa qalxdığını, bu durumun müstəmləkə altında yaşayan digər millətlərə də nümunə olacağını görən imperiya rejimi müxtəlif oyunlar, hiyləgər metodlarla  1989- cu ilin sonu 1990-cı ilin ilk günlərindən o qanlı hərbi müdaxiləyə hazırlaşmağa başlamışdı.  Ancaq  yaşlı-uşaq demədən evlərində, iş yerlərində dinc sakinləri vəhşicəsinə qətl edərək, milli hərəkatın fəallarını həbs edərək vahimə yaradıb Bakıda elan etdiyi fövqaladə  hal rejimini davam etdirə biləcəyini düşünən Qorbaçov idarəsi Azərbaycan xalqının ölümün gözünə dik baxaraq küçələrə axışacağını, şəhidlərin dəfnində milyonlarla insanın, cəmiyyətin bütün təbəqələrinin  tək ürək halına gələcəyini hesab etməmişdi. O gün XIX əsrin başlarından etibarən silahla, zor yoluyla Azərbaycan xanlıqlarını işğal edən, Cənubi Qafqazda müstəmləkə rejimi quran Rus imperiyalizmi yenidən topla, tankla gəlsə də xalqın iradəsi qarşısında məğlub olmuşdu. 1988-ci ildə Azərbaycan Türklərinin meydanlara çıxmasının, Moskva və onun yerli əlaltılarına etiraz etməsinin ən başlıca səbəbi  Türk Müsəlman yurdu olan İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarından yüz minlərlə Azərbaycan Türkünün öz doğma yurdlarından çıxarılması, bununla kifayət etməyən mərkəz dəstəkli erməni separatçılarının Dağlıq Qarabağda baş qaldırması, Azərbaycanlıların yaşadığı kənd və qəsəbələrə hücum edərək  mülki əhalini qətl etməyə başlaması, Topxana meşəsində talan həyata keçirilməsi olmuşdur. Yəni 90-cı illərdə Azərbaycan xalqının apardığı milli mübarizəninin önəmli bir istiqaməti həm də ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə idi ki, Bakı müstəqilliyini möhkəmləndirərək, addım-addım qardaş Türkiyə ilə əməkdaşlığı gücləndirərək, Azərbaycan ordusunu regionun ən qüdrətli ordularından biri halına gətirərək 30 il sonra böyük ölçüdə ərazilərini işğalçılardan təmizlədi və regionda yeni bir güc balansının yaranmasına nail oldu. Bu uğurun əldə edilməsində şübhəsiz 20 Yanvar şəhidlərinin qanıyla yazılan milli duruşun, Türkiyə ilə formalaşdırılan qardaşlıq ittifaqının, ağıllı xarici siyasət strategiyasının rolu danılmazdır.  



Әlaqәli Xәbәrlәr