Zamana meydan oxuyan Saqalassos antik şəhəri

UNESCO Dünya Mirası Müvəqqəti Siyahısında yer alan, bir zamanların görkəmli paytaxtı Saqalassos və təxminən iki min ildir kəsilməz axan suyu ilə tanın Antoninler bulağından danışırq sizə

1739299
Zamana meydan oxuyan Saqalassos antik şəhəri

                       

                                    Zamana meydan oxuyan Saqalassos antik şəhəri

  İçində yaşayarkən yavaş, geriyə dönüb baxanda göz açıb-bağlamış sürətli axıb keçən zaman. Hər şeyi dəyişdirmə, çevirmə gücünə malikdir o. Zaman anlayışımız, ümumiyyətlə, ölçə bildiyimiz və bildiyimizi zamana yerləşdirdiyimiz qədərdir: yəni saniyə, dəqiqə, saat, gün, həftə, ay, il, bəzən əlli, bəzən yüz, bəzən min illlər.

  Bu vaxt dilimləri qarşımıza bu sualı qoyur. Həyatımızın xaricindəki zamanları nə dərəcədə qəbul edə bilirik? "Min il, iki min il, on iki min il əvvəl" dediyimizdə bizə çox-çox uzaq gələn, gözlə görünməyən, hiss edilməyən bu zamanları necə qəbul etmək mümkündür? Gedib görmək və mümkünsə toxunmaq istəsək də, zaman keçidlərində səfər edirik hisslərimizin köməyi ilə olub-keçənlərə. Bax, elə Anadolu coğrafiyası buna imkan verən belə bir mükəmməl yerdir! 12 min il əvvələ söykənən, bəşəriyyətin sıfır nöqtəsi Göbeklitəpə, insanlıq tarixinin 9 min illik kilid nöqtəsi Çatalhöyük, 6 min illik ilk saray kompleksi Arslantəpə Höyüğü… və daha nələr. Hamısı bir-birindən əhəmiyyətli və bir-birindən maraqlı!

  Nə qədər sivilizasiya olub, nə qədər böyüklü-kiçikli şəhərlər, paytaxtlar qurulub Anadolu torpaqlarında. Zamanın sirli əlləri bu şəhərlər üzərində gəzib, həyat davam etdikcə dəyişdirib: bəziləri yıpranayaq yox olub, bəziləri isə dirənib. Amma nə olursa olsun, şəhərlər uzun müddət müqavimət göstərə bilməz zamanın gərdişinə, itirə-itirə gedər, geridə qalan bir-iki qalıqla varlıqlarından tapmaca kimi xəbər verərlər. Biz insanlar da ya anlarıq onları, ya da heç bir şey bilmərik haqlarında, sadəcə bütün ehtişamıyla ayaqüstündə qalan, illərə meydan oxuyan qalıqlarına bitməyən heyranlıqla baxarıq.

  Türkiyənin bugünkü ərazisində Burdur şəhərinin Ağlasun qəsəbəsində qərar tutan Saqalassos zamanın təsirlərinin çox az hiss edildiyi, günümüzə qədər gələ bilmiş, Roma dövrünün Anadoludakı əksinin göründüyü ən yaxşı qorunmuş nadir antik şəhərlərdən biridir.

  Antik dövrdə Pisidya (Pisidia) adlanan bölgənin paytaxtı idi Saqalassos. Pisidya İsparta, Burdur, Afyonkarahisar və Konyanın bir qismini əhatə edən Göllər bölgəsi olaraq tanınır bu gün. Bir-birindən fərqli coğrafi xüsusiyyətləri daşıyan Pisidya, yəni Göllər bölgəsi bir tərəfində dəniz, bir tərəfində düzənlik, bir tərəfində 2500 metrə qədər yüksələn dağlar və dağların arasından gözlənilməz şəkildə ortaya çıxan gölləri ilə insanı çaşdıran bir gözəlliyə malikdir. Tarixi 8 min il əvvələ gedib-çıxır.  

  Pisidyalılar azadlıqsevər və mübariz bir xalq olub. Heç bir dövlətin tərkibində olmadan yaşamaq istədikləri üçün bu dağlıq bölgəni özlərinə yurd ediblər. Su qaynaqları baxımından zəngin və torpağı məhsuldar olan bölgənin ulduzu "Roma barışı" dövründə parlayıb. Çünki Roma imperatoru Pisidyanı Roma ticarət şəbəkəsinə daxil edib və Aralıq dənizi ilə əlaqəsini təmin edən yollar salıb. Pisidyanın paytaxtı Saqalassos da o tarixdən yüksəlməyə başlayıb. İlıq iqlimi və başda zeytun olmaqla əkinçilik məhsullarının bol olması şəhəri get-gedə zənginləşdirib.

  Saqalassos dulusçuluq istehsalında da mühüm yerə malik olub. Bölgənin gil yataqlarından əldə edilən xüsusi gillə çalışan dulusçular "Qırmızı astarlı Saqalassos dulusçu məhsulları" ilə məşhurlaşıb. Narıncıya çalan qırmızı rəngli qablar parlaq, sürüşkən və hamar astarlı olmaqla bütün Aralıq dənizi hövzəsində antik dünyanın ən çox axtarılan məhsulları arasında olub.

  Aralıq dənizinin müxtəlif bölgələrindəki qazıntılarda çox sayda Saqalassos dulusçuluğu nümunəsi üzə çıxıb. O illərdə səhvli və ya qırıq gil parçalarının atılmayıb yenidən istehsal edilməsi texnikası bugünkü dulusçuları da heyranlığına salır.  

  Saqalassos sonrakı illərdə Roma imperatorluğun müqəddəs mərkəzi elan edilib. İmperatorların göz bəbəyi olan bu şəhər inanc turizminin də təsiri ilə iqtisadiyyatına güc qatıb və qızıl dövrünü yaşayıb.

  Müqəddəs mərkəzə yaraşan Saqalassosda görkəmli abidələr ucaldılıb. Əhalisinin iki qatından çox tamaşaçı həcmli böyük bir teatr tikilib burada. Teatr ətraf bölgələrdən gələnlər də dini mərasimlərə qatıla bilsinlər deyə şəhərin ehtiyacından daha böyük tikilib.

  Saqalassos monumental bulaqları ilə də cəlbedici olub. Çünki şəhərin məhşurları zənginliklərini göstərmək üçün sanki bir-birləriylə yarışır kimi bulaq düzəltdiriblər. Amma bu antik şəhərdə bir bulaq da var ki, xüsusi bəhs edilməyə dəyər.

  Yer üzündə antik şəhərlər arasında bu günə qədər çalışan cəmi üç bulaq var. Məhz bunlardan biri Burdurun Ağlasun qəsəbəsindəki Saqalassos antik şəhərindədir. Üç minə yaxın daşın birləşdirilməsiylə yenidən bərpa edilən Antoninler bulağı 2 min ilə yaxındır ki, axan antik suyu ilə şəhərin digər bütün bulaqlarını kölgədə qoyur.

  Roma imperatorluğunun gücünü və prestijini dünyaya göstərmək üçün düzəldilib bu şəlaləli bulaq. İmperatorluğun ayrı-ayrı yerlərindən gətirilən rəngbərəng daşlar və qiymətli Tiryək mərməri istifadə edilib bulağın inşasında. Saqalassos antik şəhərinin nə qədər zəngin və görkəmli olduğunu anlamaq üçün başqa dəlil axtarmağa ehtiyac yoxdur, elə Antoninler bulağına baxmaq kifayətdir.

  Haqqında bir rəvayətdə deyilir ki, bu bulağın suyu insanları gözəlləşdirir və ondan içənlər aşiq olur. Hər il sırf bu inanca görə minlərlə qonaq qarşılayır Antoninler bulağı.

  Rəvayət öz yerində, amma bu bulağın suyu ilə əlaqədar elmi məlumatı da nəzərinizə çatdıraq. Saqalassos antik şəhərindəki elmi qazıntı qrupu kirəc daşı layları arasından axıb gələn bu tərtəmiz və şaxta suyu analiz üçün Belçikaya göndərib. Nəticədə məlum olub ki, Avropada belə bu keyfiyyətdə və ləzzətdə bir su yoxdur.

  Saqalassos antik şəhərinin 15 metr yüksəkliyindəki Herunun abidə-məzarı, sütunlu prospekt, şəhər sarayı, Neon Kitabxanası, hamamlar və digər abidələrə gəlincə, Türkiyənin Burdur şəhərinə gələrkən, haqqında danışqdıqlarımızla birlikdə gəzib görmək, zamanı dayandıran bu şəhəri bütövlükdə kəşf etmək artıq sizə qalsın.  



Әlaqәli Xәbәrlәr