Brüsselin yeni təşəbbüsü iki ölkə münasibətlərinin normallaşmasına müsbət təsir edə biləcəkmi?

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Brüsselin yeni təşəbbüsü Azərbaycan-Ermənistan münasibətlərinin  normallaşmasına müsbət təsir edə biləcəkmi?" başlıqlı yazısını teqdim edirik.

1737884
Brüsselin yeni təşəbbüsü iki ölkə münasibətlərinin normallaşmasına müsbət təsir edə biləcəkmi?

Azərbaycan- Ermənistan sərhəddinin Laçın və Kəlbəcər rayonlarından keçən istiqamətlərində yaşanan son döyüşlər, Paşinyan iqtidarının müxalifətin təziqlərindən çəkinərək istər Zəngəzur dəhlizinin açılması, istərsə də Azərbaycanın ərazi bütövlüyünün tanınması şərtiylə sülh sazişinin imzalanması prosesini uzadaraq zaman qazanmağa çalışması, Bakının qələbəsiylə başa çatan son Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi vəziyyətdə oyundankənar vəziyyətdə qalmış  Avropa İttfaqının da Yerevan üzərindən yenidən bölgənin gələcəyiylə bağlı cərəyan edən proseslərdə rol almaq üçün təşəbbüs göstərməsinə səbəb olmuşdur. Sərhəd toqquşmasının arxa planında yatan səbəbləri, prezident İ. Əliyev və Paşinyanın gözlənildiyi kimi Moskvada deyil, görüşün Brüsseldə təşkil edilməsiylə bağlı Avropadan gələn son təşəbbüsdən sonra Kremlin təkrar hərəkətə keçərək Brüsseldən əvvəl 26  noyabrda  Soçidə liderlər zirvəsi həyata keçirəcəyini elan etməsi və  toqquşmaların əngəllənməsi məqsədiylə hər iki ölkənin müdafiə nazirlərinin arasında birbaşa əlaqənin  qurulması haqqındakı qərarı, habelə Rusiya, Türkiyə və Azərbaycanın bu prosesə yanaşmasını bir neçə aspektdə dəyərləndirmək mümkündür.  

Birinci aspekt Ermənistanın daxili siyasətindəki konfiqurasiya, gedərək antoqonist xarakter alan və xarici faktorlardan asılı durumdakı siyasi münasibətlər sistemi, Paşinyanın xüsusiylə Müdafiyə Nazirliyi başda olmaqla təhlükəszilik bürokratiyası üzərində nəzarəti təmin edə bilməməsi faktorudur. Baş nazir yaxşı anlayır ki, regiondakı proseslərin məntiqi, Azərbaycan və Türkiyənin yüksələn gücü onu Zəngəzur dəhlizini açmağa, Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh müqaviləsi imzalamağa sürükləyir. Bu durumun alternativi isə yeni müharibə riski, Azərbaycan ordusu qarşısında növbəti məğlubiyyətlər, gələn əsgər cənazələri, itirilən mövqelər və Erməni xalqı arasında gündən-günə artan narazılıqlardır. Tarixi Erməni şovinizmi və revanşist istəklərin Erməni cəmiyyəti arasında təsirini davam etdirdiyini göz önünə qoyduğumuzda Paşinyan üçün proseslər hər iki tərəfi kəskin bıçaq halına gəlməkdədir. Moskvadan Parisə bəzi  ölkələrin və diasporanın Ermənistan daxilində fərqli rıçaqlara sahib olduğu da sirr deyil. Rusiya üçün xüsusiylə  bölgədəki hərbi-siyasi varlığını davam etdirmək üçün Ermənistan Cənubi Qafqazın ən zəif halqasıdır. Rusiyanı birbaşa Azərbaycan və Türkiyə ilə qarşıdurmaya sövq etmək istəyən Ermənistandaki dairələrin sonuncu sərhəd təxribatından sonra istədiklərinə nail ola bilmədiklərini görüb Təhlükəszilik Şurasının katibi A.Qriqoryanın diliylə başqa müttəfiqlər axtarışında olduqlarını bəyan etməsi  həm də Moskvaya təziq etmək cəhdidir.    

Məsələnin başqa bir yönü də ərazisində heç bir xarici qüvvənin hərbi varlığını istəməyən, Türkiyə ilə ittifaq halında gündən-günə gücünə güc qatan Azərbaycan beş illik müddət başa çatdıqdan sonra Rusiya sülhməramlılarını torpaqlarından çıxarmaq, suverenliyini bütün ölkə ərazisində təmin etmək əzmindədir. O halda bölgədə mövcudluğunu qoruya bilmək üçün Azərbaycan-Ermənistan sərhədlərində davam edən qeyri-müəyyənlik, lokal döyüşlər fonunda Yerevanın daha çox Moskvadan asılı duruma düşərək Türkiyə və İrandan sonra Azərbaycanla olan sərhədlərinin qorunmasını da Rusiyaya həvalə etməyə məhkum olması Kremlin arzu edəcəyi bir durumdur. Bu vəziyyət Ermənistan dövlətçiliyinin tamamən formal xarakter kəsb etməsi anlamına da gəlir. Əlbəttə mürəkkəb relyefə sahib  Ermənistan sərhədlərinin Rusiya ordusu tərəfindən qorunması Bakının milli maraqlarına cavab vermir,  Erməni terror qruplarının oralardan ölkə ərazilərinə sızma ehtimalı Azərbaycanı Türkiyəylə birlikdə vahid təhlükəsizlik və sərhədlərin qorunması konsepsiyası üzərindəki işi daha da dərinləşdirməyə sövq edəcəkdir. Bu durum Cənubi Qafqazdakı Türkiyə-Rusiya əməkdaşlığı və uzlaşma modellərinin inkişaf etdirilməsinin önündə də ciddi əngəldir. İpəkyolunun güzərgah ölkələrində  ancaq bərabər hüquqlu Türkiyə-Rusiya hərbi əməkdaşlığı regionda qalıcı sülhü təmin etmək iqtidarındadır. Laçın və Zəngəzur dəhlizlərinin yalnız Rusiya ordusunun nəzarətində olması Azərbaycan-Türkiyə ittifaqının qəbul edə biləcəyi bir vəziyyət deyildir. Bu mənada Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlığıyla Cənubi Qafqazda ədalətli, qalıcı bir sülhün təmin edilməsi bütün Avrasiyanı əhatə edəcək əməkdaşlıq üçün də model təşkil edəcək, sınaq rolunu oynayacaqdır. Rusiyanın imperial xarici siyasət paradiqması, müstəmləkə həvəsiylə hərəkət etməsi Brüssel nümunəsində olduğu kimi region xarici qüvvələrin də proseslərə müdaxiləsinə şərait yaratmaqdadır. Azərbaycan və Türkiyənin milli maraqları, beynəlxalq hüquqa əsaslanan tələbləri, Erməni məsələsi mövzu olduğunda Avropa, Rusiya və Amerikanın eyni mövqedən çıxış etməsinə də şahid oluruq. Ancaq  görüşün mövzusu sərhədlərin demarkasiya və demilitasiyası, sülh və əməkdaşlıq prosesinə töhfə vermək olduqdan sonra kollektiv Qərblə Rusiya arasında çətin münasibətlər sistemi də nəzərdə tutulduğunda  Paşinyanın xüsusi canfəşanlığıyla Moskvada deyil, Brüseldə keçirilməsi həm taktiki, həm də uzun məqsədli siyasi hesablar baxımından Azərbaycanın maraqlarına uyğundur.  Əgər məqsəd  Minsk Qrupu örnəyində olduğu kimi mənasız danışıqlarla vaxt qazanmaq, prosesləri uzatmaq, hakimiyyətdə qalmaq deyilsə, daha müstəqil bir siyasət aparmaq üçün təşəbbüslər göstərən, Moskvadan asılılığını azaltmaq istəyən Ermənistanın da maraqlarına uyğundur. İstənilən halda  Bakı qalibdir və görüşün hansı məkanda keçirilməsindən asılı olmayaraq şərtlərini Yerevan  diqtə etməyə,  sülhə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, Zəngəzur dəhlizini bir an əvvəl açaraq normallaşmaya getməyə məcbur edəcəkdir.



Әlaqәli Xәbәrlәr