Liviyada yaxınlaşan seçkilər

Sözügedən mövzu ilə bağlı sizə SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın “Liviyada yaxınlaşan seçkilər” məqaləsini təqdim edirik

1735786
Liviyada yaxınlaşan seçkilər

 

   Liviyada dekabr ayında keçirilməsi planlanan seçkilər yaxınlaşdıqca ölkə içindəki gərginliklər artmağa başlayır. Seçkilərin olub-olmayacağı, prosesin forması, bölgələrin təyin edilməsi, namizədlərin təsbiti kimi bir çox naməlumluq ortadadır.

  Liviyadakı tərəflər həm xarici təzyiq və həm hökumət qayğısıyla seçki istəyir, ancaq seçkilərin hansı şərtlərlə və necə icra ediləcəyi bilinmir.

  Seçki müddətində Hafter və dəstəkçi dövlətlərin önə çıxması gözlənilir. Hafterin Amerika vətəndaşı olmasına baxmayaraq, Liviya prezidentliyinə namizədliyi maraq doğurur. Çünki Liviya Seçki Qanunu ikili vətəndaş olanların seçkilərdə namizədliyini qəbul etmir. Amma Hafterin təsiri altındakı Tobruk mərkəzli Məclis bu qanuna riayət olunması yerinə, seçki qanununu qəbul etməyə tələsdi. Gözlənildiyi kimi isə xalqı təmsil edən digər orqan - Trablus Mərkəzi Ali Dövlət Şurası bu qanunu tanımadığını elan etdi. Bundan başqa, şuranın sədri Xalid əl-Mişri çıxışında seçkilərin keçirilməsinin vacibliyini vurğulasa da, texniki mənada seçkilərin qeyri-mümkünlüyünü xatırlatdı və Hafter kimi aktyorların rəhbər olmasını qəbul etməyəcəklərini açıqladı. Çıxışının sonunda da seçki boykotu çağırışı etdi. Bu vəziyyət seçkilərə qarşı boykotun artması ehtimalını düşünməyə imkan verir.

  Bütün bunlara əlavə olaraq, Trablus mərkəzli aktyorların arasında ortaq bir namizəd barəsində hələ də bir uzlaşma yaranmayıb. Qəddafinin oğlu Seyfülislamın prezident olmaq istəməsi isə daha bir mübahisəni başlatdı. Özünü “Şərq ilə Qərb arasında alternativ bir namizəd” adlandıran Seyfül islam üstəlik xalqa seçkilərə qatılma çağırışı da etdi. Cinayətlər törətmiş Hafterlə müqayisədə Seyfülislamın prezidentliyə namizədliyinin qəbul edilib-edilməyəcəyi hələ sual doğuran məsələdir. Çünki bir sıra bölgələrdə artıq etirazlar yüksəlib və nümayişçilər Seyfül islamın namizədliyini qəbul etmək istəmədiyini bildirir.

   Liviyada seçkilərin keçirilməsi və ya keçirilməməsi, olsa belə, qanuni sayılıb-sayılmayacağı kimi alternativ yanaşmalar da sürməkdədir. Ancaq görünən odur ki, seçkilər Liviyada yeni bir müddətin başlanmasına səbəb ola və qarşıdurmaları yenidən tətikləyə bilər. Çünki Hafter öz bölgəsində silahların kölgəsi altında seçicilərin səs verməsini yaxından izləyərək bu bölgələrdən mütləq qalib olaraq çıxmaq istəyəcək. Belə bir vəziyyətdə isə azad seçkinin olduğu düşünülə bilməz. Digər rəqiblər də bu nəticəni qəbul etməyəcək və yeni bir gərginlik mühiti meydana gələcək. Nəticədə neçə müddətdir davam edən atəşkəs pozula və Liviya yenidən xaosa sürüklənə bilər.

  Belə bir zamanda Fransanın “Paris müddəti” də Liviyadakı seçkiləri həssaslaşdırır. Bütün bunlardan çıxan nəticə budur ki, seçkilər Liviyadakı problemləri həll edə bilməyəcək, sadəcə ölkənin taleyini şəkilləndirəcək.



Әlaqәli Xәbәrlәr