Qarabağ Zəfərinin ildönümü və regional nəticələr

“Qarabaq Zəfərinin ildönümü və regional nəticələr” mövzusu ilə bağlı Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun məqaləsini təqdim edirik

1732455
Qarabağ Zəfərinin ildönümü və regional nəticələr

 

  8 noyabrda Azərbaycan xalqı böyük coşquyla Şuşanın işğaldan azad edilməsi və bütövlükdə Qarabağda 30 ilə yaxın davam edən işğala son qoyulmasını qeyd etdi.

  Xalqların tarixində bənzərinə yüz ildə bir rastlanan milli ruh və diriliş havası əsməkdədir Azərbaycanda. Bu zəfər bütün milli güc amillərinin cəbhə, qələbə üçün səfərbər edilməsi, xalq-ordu-hökumət birliyinin təmin edilməsi baxımından tarixi mahiyət daşıyır.

  Müharibə zamanı böyük fədakarlıq və qəhrəmanlıqlar göstərən Müdafiyə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlıların komandiri general Hikmət Mirzəyevin də ifadə etdiyi kimi, “Şuşanın, Qarabağ torpaqlarının işğaldan azad edilməsi əməliyyatı həm də Azərbaycan türklərinin qüruru və şərəfinin geri qaytarılması əməliyyatı idi”.

  Ötən əsrin 90-cı illərində Azərbaycan bir tərəfdən müstəqillik, istiqlal uğrunda mübarizə aparır, digər tərəfdən ordu qurmaq, milli dövlətçiliyini, iqtisadi və siyasi suverenliyini yenidən bərqərar etmək üçün çarpışır, müstəmləkə kodlarıyla yoğrulmuş Azərbaycana qarşı regional proseslərin yönünü dəyişməyə çalışırdı. Bu dövrdə Ermənistan rəhbərliyi - Köçəryan, Sarkisyan kimi separatçı qüvvələr himayəsi altında olduqları rəsmi Moskvanın təlimatları ilə hərəkətdə idi: azərbaycanlıların - müsəlman türklərin yaşadığı kənd və qəsəbələrə silahlı hücumlar edərək insanlığın bağrını sızladan qətliamlar törədirdilər. Bunlardan Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün sülhpərvər bəşəriyyətin qəzəbinə səbəb oldu. O zaman da Azərbaycan gəncləri ermənilərdən qat-qat döyüşkən və vətənpərvər olduqlarını sübut etdi, amma indikindən fərqli olaraq hələ Azərbaycan milli ordusu və kəşfiyyatının formalaşmaması, güclü silah-sursata sahib olmaması, müharibəni bəzi qüvvələrin idarə etməsi lazımi nəticələrə gətirmədi. Müharibə ciddi hərbi-siyasi, iqtisadi hazırlıq və səfərbərlik tələb edir.   

   Dövlət sütunlarını möhkəmlədəndən sonra Azərbaycan rəhbərliyi uzaqgörən bir siyasətlə addım-addım hazırlıq mərhələlərini keçdi, xarici müdaxilə faktorunu təsirsizləşdirmək üçün qardaş Türkiyə ilə birliyini dərinləşdirərək müştərək güc formalaşdırmaqla yorulmaz fəaliyyətlərinə davam etdi,  zamanını gözlədi və 30 il sürən nəticəsiz sülh danışıqlarının işğala son verməyəcəyinə əmin olduqdan sonra hərəkətə keçdi.

   Xocalı canilərindən Köçaryan 44 günlük müharibənin ildönümüylə bağlı mətbuata verdiyi açıqlamada erməni ordusunun biabırçı məğlubiyyətini, müharibə zamanı əsgərlərinin  silah və texnikalarını tərk edərək qaçmasını ört-basdır etmək, rəqibi Paşinyanı gözdən salaraq xülyalarla yaşayan xəstə düşüncəli kütləni həvəsləndirmək üçün guya “Paşinyan iqtidarda olmasaymış, belə bir məğlubiyyətin də yaşanmayacağını” iddia etdi, Azərbaycanın apardığı 21-ci əsr müharibəsinin dünyanın müxtəlif ölkələrindəki hərbi akademiyalar tərəfindən öyrənilməkdə olduğunu, Azərbaycan igidinin qayalara əli yalın dırmaşaraq əlbəyaxa döyüşlə Şuşanı işğaldan necə qurtarmasını, mütəxəssiləri belə heyrətləndirən ağlasığmaz şücaət dastanını dilə gətirməkdən qorxdu.

  Demoqrafik, iqtisadi, hərbi və siyasi baxımından Azərbaycanın  bir neçə Ermənistan kimi düşmən ölkəni diz çökdürəcək gücdə olduğunu tərəfsiz müşahidəçilər də gördü, etiraf etdi, regionu təhlil edən ekspertlər öz analizlərində bu reallığı ortaya qoydu.

  Geosiyasi şərtlər imkan versəydi, heç şübhəsiz, Azərbaycan ordusu hələ Paşinyanın iqtidarda olmadığı 2016-cı ilin Aprel Döyüşləri zamanı qısa zamanda qələbəni təmin edəcəkdi. Bu döyüşlərdə 3-4 gün içində işğaldan azad edilən strateji yüksəkliklər, erməni ordusunun öyündüyü Ohanyan müdafiə xəttinin yarılması və Ermənistan siyasi rəhbərliyinin o vaxt da təlaş içində müharibənin dayandırılması üçün rəsmi Moskvaya yalvarması bunu sübut edir.

  Qarabağ Zəfəriylə çarlıq dövründən regionda süni şəkildə axını dəyişdirilən çaylar öz məcrasına dönməyə başladı, tarixi  Azərbaycan torpaqlarında həyata keçirilmək istənən erməni etno- demoqrafik layihə tarixin arxivinə gömüldü.

  44 günlük müharibədən sonra Azərbaycanın beynəlxalq arenada çəkisi artdı, İpək Yolunun açar ölkələrindən biri olduğu ön plana çıxdı və Türk dünyası birliyinin artırılması ilə bağlı proseslər sürətləndi.

  Etiraf etməliyik ki, bu qələbənin qazanılmasında xarici müdaxilənin əngəllənməsilə bağlı Türkiyənin həlledici rolu danılmazdır. Cənubi Qafqaz başda olmaqla, geniş coğrafiyalarda rəsmi Ankaranın artan təsiri bu bölgələrdə sülh və əməkdaşlıq mühitinin hakim olması, ədalətin gəlməsi deməkdir. Ona görə də, erməni hakimiyyəti anlamalıdır ki, bundan sonra da düşmənliyin davam etdirilməsi xətti bütövlükdə Ermənistanın taleyini sual altına qoya bilər.

  Haqlı olan qələbə çaldı, regionda yeni güc balansı şəkilləndi və geri dönüşü olmayan bir proses başladı. Ermənistanın  Azərbaycan torpaqlarında müvəqqəti vəzifə icra edən Rusiya sülhməramlılarına arxalanaraq ölkənin daxili işlərinə müdaxilə anlamına gələn Xankəndindəki separatçıları dəstəkləməyə davam etməsi, Azərbaycanın ərazi bütövlüyünü həzm edə bilməməsi öz ərazisi üçün də ağır nəticələr yaradır. Erməni nazirlərin rəsmi Bakının səbrini daşırmaq üçün verdikləri antoqanist mesajlar, Xankəndində peyda olmaları, Laçın dəhlizini açmamaları, bütün bunlarla birlikdə yeni terror əməliyyatları bölgənin Ermənistan silahlı dəstələrindən təmizlənməsilə nəticələnə bilər.

  Türkiyə və Azərbaycan Ermənistana sülh və əməkdaşlıq, bölgədəki rifahdan pay almaq, düşmənliyə son qoyaraq normallaşmaya getmək üçün rəsmi İrəvanın verəcəyi konkret cavabı gözləyərək səbrlə davranır. Ermənistan üçünsə seçim imkanı getdikcə daralmaqda, aldadıcı manevrlər, yanlış gedişlərlə vaxt itirmək limit tükənməkdə, ciddi qərarlar vermə anı yaxınlaşmaqdadır.



Әlaqәli Xәbәrlәr