Füzuli hava limanı və Ərdoğanın bölgəyə yeni səfəri

Bakıda Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Fizuli Hava Limanının açılışı və Ərdoğanın bölgəyə növbəti səfəri” məqaləsini təqdim edirik

1726588
Füzuli hava limanı və Ərdoğanın bölgəyə yeni səfəri
Erdoğan Aliyev Fuzuli Havalimanı.jpg
Erdoğan Aliyev.jpg

 

  Anadoludan Azərbaycana tək millət şüur və iradəsinin nail olduğu Qarabağ zəfəri bütün Cənubi Qafqaz regionunun siyasi və iqtisadi çöhrəsini dəyişdirməkdə, xəyal kimi görünən hədəfləri reallaşdlrmaqdadır. Qələbədən sonra Bakıda keçirilən hərbi paradla birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakıyla üçüncü dəfə sadəcə Azərbaycan və türk dünyası üçün deyil, bütün  bölgənin tarixi baxımından mühüm əhəmmiyət kəsb edən addımlar atılmaqda, açılış və təməlqoyma mərasimləri həyata keçməkdədir.  

  İki qardaş ölkənin liderləri Qarabağın mərkəzi Şuşada, zərurət olduğu təqdirdə tərəflərdən hər hansı birinə hücum olarsa, tək ordu və tək dövlət kimi hərəkət edəcəklərini ortaya qoyan vahid təhlükəsizlik konsepsiyası ehtiva edən strateji müttəfiqlik haqqında bəyyannamə imzalamış, yeni geosiyasi vəziyyəti dəyişdirməyə kimsəyə imkan verilməyəcəyi mesajıyla birlikdə sülh və əməkdaşlıq istiqamətində də iradə bəyanı sərgiləmişlər.

  Müharibə dövründə olduğu kimi, işğaldan azad edilmiş, erməni və havadarları tərəfindən dağıdılan şəhər və kəndlərin yenidən inşası prosesində də qardaş həmrəyliyi ilə hərəkət ediləcəyi, birlik ruhunun önündə bütün çətinliklərin aşılacağı bariz görünür.

  Türkiyə və Azərbaycan şirkətlərinin yaxın əməkdaşlığı ilə qısa bir müddət ərzində bölgənin ən böyük layihələrindən biri olan Fizuli havalimanı xidmətə açıldı, Qarabağın hava yolunun simvolik açarları hər iki dövlət başçısına təqdim edildi. R.T.Ərdoğan Fizuli hava limanında qarşılanan ilk xarici ölkə başçısıdır. Bu havalimanı işğaldan azad edilən rayonların sürətli bərpası yolunda, Hadrut və Şuşanın turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq. Qarabağa, Şuşaya maraq göstərən xarici qonaqlar, iş adamları, elm və sənət xadimləri bu havalimanından istifadə edərək rahat şəkildə bölgəyə gələ biləcək, özlərini Qərbə “mədəni millət” kimi təqdim etməyə çalışan ermənilərin Qarabağda törətdiyi vəhşilikləri, dağıntıları öz gözlərilə görəcək və yenidən quruculuq prosesində iştirak imkanı da əldə edəcəklər.

  Şərqi Zəngəzur və Qarabağ bölgəsini tamamilə əhatə edən bütün strateji layihələr, Zəngilan və Laçında açılacaq havalimanları Zəngəzur dəhlizinin fəaliyyətə başlamasıyla Türkiyəyə uzanacaq avtomobil və dəmir yollarıyla birlikdə bölgəni çox parlaq bir gələcəyə aparacaq. Bu vəziyyət o bölgəylə həmsərhəd olan həm Arazın o tayındakı Güney Azərbaycan torpaqlarında yaşayan soydaşlarımız, həm də Qərbi Zəngəzurda yaşayan ermənilər üçün yeni iqtisadi imkanlar, ticarət və rifahdan payalma fürsəti yaradacaq.

  Prezidentlər - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin birgə iştirakıyla Zəngəzur avtomobil yolunun təməlinin atılmasından sonra ilk ağıllı kənd layihəsi olan Zəngilanın Ağalı kəndinə səfəri və burada mətbuata açıqlamasında Türkiyə prezidentinin “Ermənistanın atacağı hər bir konstruktiv addıma biz də münasibətləri normallaşdırmaqla cavab verəcəyik” deməsi bu baxımdan bölgə ölkələri və xüsusən, Ermənistan tərəfindən doğru anlaşılmalıdır.

  R.T.Ərdoğanın Zəngəzur dəhlizi və Azərbaycanın hərbi-strateji-iqtisadi baxımdan bölgə hakimiyyətini möhkəmlətməsi üçün əhəmiyyətli Zəngilan səfəri iki qardaş ölkə rəhbərinin İpək Yolunun tarixi xətlərindən olan Araz hövzəsində təkrar qucaqlaşması və orada verilən mesajlar baş verən son İran-Azərbaycan gərginliyinə də bir cavabdır. Zəngilanda  prezident İ.Əliyevin həmkarı Ərdoğanın türk dünyası üçün bir şans olduğunu, Qarabağ probleminin həllində əvvəldən sonadək Azərbaycanın haqq mübarizəsinə dəstək verdiyini  ifadə etməsi, bundan başqa, Türkiyə şirkətlərinin bölgədəki yorulmaz fəaliyyətindən bəhs edərək onlara təşəkkür bildirməsi Ağalı görüşünün tarixi əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Şəxsən o bölgənin - Zəngəzur yolunun da keçdiyi dağıdılmış  kəndlərdən birinin övladı olaraq bir gün Ağalı kəndində Azərbaycan və Türkiyə prezidentlərinin rəsmi qarşılama mərasimi olacağını xəyal belə edə bilməzdim. Gözümüzün önündə yeni və möhtəşəm bir tarix yazılır.

  Azərbaycanın əkinçilik və heyvandarlığa yararlı ən münbit ərazilərindən olan, su ehtiyatları baxımından da zəngin Zəngilan və Qubadlı bölgəsində yenə bir Türkiyə-Azərbaycan ortaqlığı ilə nəhəng kənd təsərüfatı layihəsinin həyata keçirilməsi, minalardan təmizlənən torpaqların əkilməyə başlanması, qlobal ərzaq qıtlığı və qiymətlərin artmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar yaradır.

  Dünyada pandemiyanın dərinləşdirdiyi, iqtisadi çətinliklərin olduğu bir şəraitdə Azərbaycan prezidenti İ.Əliyevin birbaşa nəzarəti altında Türkiyə şirkətlərinin də aktiv iştirakıyla, ancaq milli imkan və vəsaitlərlə həyata keçirilən bütün yenidənqurma işləri təqdirlə qarşılanır, öz dədə-baba yurdlarına səbirsizliklə qayıtmaq istəyən məcburi köçkünlər başda olmaqla, bütün Azərbaycan xalqı tərəfindən ürəkdən dəstəklənir. Qarabağda qüvvələrin bu ruh və iradəsi ortaq türk tarixinin  dərinliklərindən gələn Türkiyə-Azərbaycan qardaşlığını daha yüksək müstəviyə çıxarır, Türk Dünyası üçün sağlam perspektivlər açır.



Әlaqәli Xәbәrlәr