“Ermənistan-İran dostluğunun xarakteri və Tehranın Azərbaycan siyasətinin problemləri

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Ermənistan-İran dostluğunun xarakteri və Tehranın Azərbaycan siyasətinin problemləri ” başlıqlı yazısı

1715691
“Ermənistan-İran dostluğunun xarakteri və Tehranın Azərbaycan siyasətinin problemləri

44 günlük Qarabağ müharibəsinin nəticələri Cənubi Qafqazın geosiyasi konfiqurasiyasını dəyişdiyi kimi İran-Azərbaycan münasibətlərinə də yeni çalarlar əlavə etdi. Tehranın dəyişdirmək istəmədiyi işğal dövrünün anlayışı, qayda və paradiqmasıyla siyasi- diplomatik əlaqələri kataklizmlərə yol vermədən davam etdirmənin mümkünsüzlüyü artıq ortaya çıxmışdır.

İmperyalist dünyanın yüz il əvvəl parçalayıb bir-birindən ayırdığı Avrasiyanın Türk xalqları tarixi ədalətsizlikləri ortadan qaldıraraq bir-birinə yaxınlaşdıqca, süni şəkildə yaradılan sədləri, sərhədləri aşdıqca tarix əslinə dönür, regionda yeni güc dağılımı şəkillənir və buna uyğun da münasibətlər sistemi qurulur. Tarix boyu Türk dünyasıyla ən çox  mübarizə və rəqabət mühiti içərisində yer alan ölkələrdən biri kimi Rusiya belə tarixin bu axışının, proseslərin meydana gətirdiyi uzlaşma və əməkdaşlıq zərurətinin ruhunu anlayaraq ona uyğun addımlar atmağa, Türkiyə və Azərbaycanla münasibətləri fərqli müstəvidə qurmağa çalışırkən, Paşinyan idarəsi Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini davam etdirmənin perspektivinin olmadığını yavaş-yavaş qəbul etməyə başlamışkən əhalisinin böyük hissəsi Türklərdən ibarət olan,  Böyük Səlcuqlu imperiyasından Qacarlara min il boyunca Türk xanədanları tərəfindən idarə olunmuş İranın Azərbaycanla hər gün bir az daha gərginliyi artırıcı addımlar atarkən Ermənistanla  müttəfiqliyini dərinləşdirməyə çalışması regiondakı durumla bağlı üzərində durulması vacib məqamlardandır. 

Həqiqətən də İran siyasətində və bölgədə çox maraqlı hadisələr cərəyan etməkdə, Tehran rejimi illər uzunu apardığı anti Azərbaycan, anti Türk xarakteri almış siyasətinin girovuna çevrilməkdədir. Bakı və Ankaranın xoş məramlı addımlarından sonra Bakı-Naxçıvan aviareyslərinin rahat həyata keçirilməsi üçün Ermənistan öz hava məkanını  Azərbaycanın üzünə açarkən İranın hava məkanını bağlaması, işğal boyu Arazın o tayında Erməni vandalizminə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, məscidlərin donuz axırları halına gətirilməsinə göz yuman, üstəlik Ermənistanı blokadadan çıxaran, TIR-larla separatçılara yük daşıyan İranın torpaqlar azad edildikdən, oralarda 30 il sonra ilk əzanlar səsləndikdən sonra narahat şəkildə sərhəd boyu hərbi təlimlərə başlaması, ölkəyə rəhbərlik eden şəxslərin Bakıyla bağlı istifadə etdiyi təhdit üslubu düşündürücüdür. Azərbaycan xalqı əvvəlki illər də Xocalı soyqırımının il dönümlərində Ermənistan rəhbərlərinin Tehranda qonaq edilməsinə, Paşinyanın orada Erməni icmasının təmsilçiləriylə görüşərkən “Qarabağ Ermənistandır“ kimi sərsəm bəyanatlar səsləndirməsinə şahid olmuş, buna şiddətli etirazını bildirmişdi. Ermənistan üçün əsas  nəfəslik, enerji mənbəyi rolunu oynayan İranın erməni meyilli  siyasəti şübhəsiz gündən- günə güclənən Azərbaycan dövləti, Türk Dünyasıyla bağlı yanlış siyasi-strateji hesabları, qorxularından qaynaqlanmaqla birlikdə Qərbə özünü şirin satmaq, xristiyan ölkəsini himayə edən tolerant müsəlman ölkəsi obrazı yaratmağa da xidmət etməkdədir.

Qarabağ müharibəsi dövrü guya Azərbaycan və Türkiyənin  döyüşmək üçün Cənubi Qafqaza Suriyadan terrorist qruplar gətirdiyi, onların hələ də  bölgədə bulunduğu  yalanının Yerevan- Tehran- Paris üçbucağında israrla gündəmə gətirilməsi, beynəlxalq ictimai rəyin aldadılmağa çalışılması da diqqətlərdən yayınmamışdır. Bölgədə yaranan yeni geosiyasi vəziyyəti düzgün təhlil edə bilməyən, Zəngəzur dəhlizinin açılmasının alternativinin olmadığını, 10 noyabr sazişinin ən önəmli müddəalarından biri kimi strateji əhəmmiyətini, Moskva- Ankara- Bakı arasında bu məsələnin  çoxdan həll edilmiş məsələ olduğunu qəbul etməkdə çətinlik çəkən Tehran diplomatiyası Moskva-Yerevan arasında aktivliyini artıraraq vəziyyəti öz xeyrinə dəyişə biləcəyini ümid etməkdədir. İki gün əvvəl Moskvada görüşlər keçirən İran xarici işlər naziri Hüseyin Abdullahyan bir tərəfdən Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutaraq Cənubi Qafqazda sərhədlərin dəyişməsi məsələsiylə bağlı Rusiya iqtidarından mövqe gözləyirik deyərkən yenə öz içində ciddi ziddiyətlər barındıran bölgədə” siyonistlər və terrorist“ qrupların varlığından  bəhs etməsi çarəsizlikdən başqa bir şey deyil. Əvvəla bütün parametrlər üzrə (hərbi, demoqrafik, iqtisadi) Ermənistandan qat-qat üstün olan,  ordusunu ən muasir silahlarla təchiz etmiş, döyüş ruhuyla adından söz etdirən Azərbaycanın hansı səbəbdən muzdlu döyüşçülərə ehtiyacı olmalıdır? İkinci antoqonist xaraterdəki siyonist və radikal islamçı qruplar eyni coğrafiyada necə barına bilər?  Üçüncü prezident İ. Əliyevin də son Cəbrayıl səfərində ifadə etdiyi kimi İranla sərhəd olan Araz boyu ərazilərdə Erməni işğalçıları bir binanı da salamat buraxmayıblar. O bölgədə hələlik heç bir məskunlaşma mümkün deyil. Bəli, Azərbaycan dövləti Şərqi Zəngəzurda böyük dirçəliş layihələri həyata keçirir. Hava limanları, magistral yollar salınır, məscidlər, kənd və qəsəbələr bərpa edilir. Müharibə sonrasında həyata keçirilən bu böyük layihələrdə Türk şirkətləri də iştirak edir, Füzuli hava limanına Tatarıstandan ilk rəsmi ziyarət həyata keçirilir. Bəlkə Tehran bunlardan narahatdır?

Ermənistan xarici işlər naziri A. Mirzoyanın son Tehran səfərində İran hakimiyyətinə ümid  verən sözləri, Zəngəzur dəhlizinin əleyhindəki ifadələri, Paşinyanın, Köçəryanın İranla müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi zərurətindən bəhs etmələri,  Azərbaycan torpaqlarından yan keçən yeni Gorus-Qafan yolunun inşası,  guya Bəsra körfəzini Ermənistan və Gürcüstan üzərindən Qaradanizlə bağlayacaq yeni nəqliyyat layihəsinin  həyata keçiriləcəyiylə bağlı İran rəsmiləri tərəfindən gündəmə gətirilən ifadələr də  regionda başlayan böyük dəyişikliklər prosesini dayandıra biləcək mahiyyətdə deyil. Qatar çoxdan yola düşüb. İndi İran ancaq öz etno-demoqrafik vəziyyətinə, gücünə uyğun rasional siyasətə geri dönmək, Türkiyə və Azərbaycanla əməkdaşlığı xarici siyasətinin prioriteti halına gətirməklə təcrid vəziyyətindən xilas ola bilər. 



Әlaqәli Xәbәrlәr